Xomeyninin iqtidara gəlişinə yol açan qarabağlı general –FOTOLAR
24-10-2016, 13:59

“General Əli Bədrei (Mühafizə Qüvvələri komandanı):
“Səhər CİA (Mərkəzi Kəşfiyyat İdarəsi – M.R.) rezidenti yanıma gəlmişdi və Xomeyni ilə əlaqəyə girməmizi tövsiyə etdi. Ona heç bir cavab vermədim və sizi məsələdən xəbərdar etmək istədim”.
General Moqəddəm (SAVAK şefi):
"Doğrudur. CİA bu rəydədir.
General Rabii (Hava Qüvvələri komandanı): "Əksinə, bu gün ABŞ Hava Qüvvələri komandanlığı ilə danışdım. Onlar Bəxtiyar hökumətinə dəstək verməyimizi istəyirlər".
General Əli Bədrei: "Məncə durum tam əks yöndədir. ABŞ ordu təmsilçiləri də, SİA kimi, Xomeyni ilə danışmağımızın daha düzgün olacağını düşünürlər.
Admiral Həbibullahi (Donanma komandanı): "Amerikan donanma təmsilçiləri Bəxtiyar hökumətinə dəstək verilməsini tövsiyə edirlər".
General Həsən Tufanyan (müdafiə nazirinin müavini): "General Huyser hər ikisi ilə danışıqlar aparılmasının yaxşı olacağını söyləyir”.
Strateq.az xəbər verir ki, Ali Hərbi Şuraın toplantısındakı bu dialoq onun “İran böhranı haqqında həqiqətlər” ("General Qarabağinin qaçış macərası") memuarlarındandır. Onlar 1978-79-cu illərin inqilabında pərdə arxası hadisələrini aşkarlıq gətirir.
İran tarixinin ən mühüm və gərgin məqamlarından birini əks etdirən bu xatirələrin müəllifi şah dönəmi Silahlı Qüvvələr Baş Qərargahının son rəisidir.
Bu vəzifədə o, çox qısa müddət qaldı. Cəmi 40 gün. Lakin məhz bu 40 gün Pəhləvi rejiminin süqutu və yeni İranın yaranmasında dönüş anı oldu.
Kimdir bu adam, bu yüksək rütbəli hərbçi?
Qacarların Rusiya ilə iki müharibəsindən sonra bağlanılan Gülüstan və Türkmənçay müqavilələrindən sonra Arazın bu tayına keçən neçə-neçə azərbaycanlı ailəsindən biri də onunku – Abbas Qarabağinin olub.
1918-ci ildə Təbrizin Qarabağlar məhəlləsində doğulan qəhrəmanımızın əsli, deyilənə görə, hazırkı Füzuli rayonunun Kürdmahmudlu kəndindəndir.
Tacir və sövdəgər Kərim xanın oğlu Abbas məktəbi bitirİb hərbi təhsilə baş vurduğu zaman Məhəmməd Rza Pəhləvinin vəliəhdlik dönəmi idi. Gənc vəliəhdin diqqətini cəlb edən Abbas Qarabaği əvvəlcə sonuncu Pəhləvi hökmdarının katibi, daha sonralar, 1958-ci ildə Hərbi Akademiyanın rəisi təyin olunur.
İran ordusunda çeşidli vəzifələr tutan Abbas Qarabağı ölkə jandarma qüvvələrinin komandiri təyin edilməklə mühüm bir məqama yetişir. Bu vəzifədə olarkən o, şaha daha da yaxınlaşır.
1974-cü ildə Tehranda keçirilən Asiya Oyunlarında təhlükəsizlə cavabdehlik birbaşa Abbas Qarabağiyə tapşırılır. Şah Məhəmməd Rza Oyunları ziyarət edir…
1968-ci ildə briqada generalı rütbəsinə yüksələn Abbas Qarabağı baş nazir Şərif Emami zamanında hökumət üzvü olur. Əvvəlcə daxili işlər naziri, daha sonra iqtisadiyyat naziri təyinatı.
Ötən əsrin 70-ci illərinin sonu. İnqilab İranı sarsıdıb. Küçələrdə nümayişçilərlə polis və ordu qüvvələri ilə toqquşmalar. Qan su yerinə axır və…
1979-cu il yanvarın 4-də Abbas Qarabaği Baş Qərargah rəisi təyin edilir. Şahın son baş naziri Şapur Bəxtiyarin gördüyü tədbirlər səmərə vermir. İqtidarının son günlərini yaşayan Məhəmməd Rza hər gün baş nazir və baş qərargah rəisi ilə görüşür. Onu Tehran hava limanından son səfərə yola salan da hər ikisidir. Şahla son kəlmə kəsmələri anı və…
Atalar yaxşı deyib: sel gələndə əvvəlcə kör-kötük gətirər. İnqilabi dalğa böyüyür və Abbas Qarabaği İran ordusunun neytrallığını elan edir, bütün hərbi hissələrin kazarmalara qayıtması barədə radiomüraciət yayır. Təbii ki, buna görə dövlətə xəyanətdə ittiham olunur. Onu bu addımı atmağa məcbur edənsə, öz təbirincə desək, “ölkənin bölünməzliyini və varlığını saxlamaqdır”.
İnqilab köhnə rejimi silib süpürür. Şaha az-çox bağlı kim varsa ya həbsdə, ya dar ağacındadır.
Abbas Qarabaği isə yoxa çıxır. Tehranda, dostunun evində 14 ay gizli həyat yaşayır və nəhayət, saxta pasportla mühacirətə gedir.
Abbas Qarabaği 2000-ci ildə Parisdə, xəstəxanada xərçəng xəstəliyindən həyatını itirənə qədər siyasətdən uzaq durdu.
Lakin onun xatirələri İran tarixinin gizli məqamlarına gur işıq salan kəlmələrdir:
“Parlament sədri mənə zəng edib vəziyyətlə maraqlandı. Dedim ki, cənab baş nazirin qərarını gözləyirik.
Nəhayət, Ali Dövlət Şurasının iclası keçirildi. Baş nazir bildirdi ki, Şuranın rəhbəri Seyyid Cəlal Tehrani Parisə yollanıb və Ayətullah Xomeyni ilə görüşüb. Baş nazirin sözlərinə görə, Xomeyni deyib ki, əvvəlcə istefa verin, sonra gələrəm.
“Mən də onunla telefonla danışdım, dedim ki, heç bir problem yoxdur. Cənab Seyyid Cəlal Tehrani Ayətullah Xomeyni ilə hələ də danışıqlar apardığı dövrdə mən də İranda müxalifətlə danışıqlar aparıram””.
“Cənab Bəxtiyar dedi ki, siyasi vəziyyət dəyişib, Böyük Britaniya və Amerika səfirləri mənə söz verdilər ki, Xomeyni birbaş Quma gedəcək və siyasi proseslərə müdaxilə etməyəcək…”.
Abbas Qarabağinin xatirələrindəki bu sətirləri də oxumaq məsləhətdir: “Neçə-neçə il əvvəl dostluq etdiyim bir türk generalı mənə demişdi: “Amerikalılarla müttəfiq olmanın ən böyük çətinliyi səni haçan arxadan xəncərlə vuracaqlarını əsla bilməməyindir…” .




