İki yaşlı venesuelalı qız ABŞ-da valideynlərsiz qaldı – Ailə fərqli ölkələrə deportasiya edildi
Bu gün, 15:14

ABŞ-da iki yaşlı venesuelalı qızcığaz Antonella valideynləri deportasiya edildikdən sonra tək qalıb.
Hadisə barədə The Independent məlumat yayıb.
Keçən ilin mayında Venesuela vətəndaşları Maiker Eskalona, onun həyat yoldaşı Yorel İnçiarte və onların azyaşlı qızları Antonella sənədsiz şəkildə Texas ştatına keçərək miqrasiya orqanlarına təslim olublar. Cütlük bir neçə ay həbsdə saxlanılıb və yalnız telefon vasitəsilə bir-biri ilə əlaqə saxlayıb.
ABŞ hakimiyyət orqanları onların cinayətkar qruplaşma olan “Tren de Aragua” ilə əlaqəli olduğunu iddia edir. Məlumatlara görə, Eskalona narkotik alveri, adam oğurluğu və qətllərə rəhbərlik edib, İnçiarte isə qadınları seks işçiliyi və narkotrafik üçün cəlb etməklə məşğul olub. Bu səbəbdən İnçiarte Venesuelaya deportasiya edilib və qızından ayrılıb. Ata isə Salvador həbsxanasına göndərilib.
Beləliklə, azyaşlı Antonella valideynlərsiz qalıb. O, əvvəlcə Qaçqınlar üzrə idarənin nəzarətinə verilib, daha sonra isə ABŞ-da yerləşən bir ailənin himayəsinə tapşırılıb. Bu hadisə Venesuela rəsmilərinin də sərt reaksiyasına səbəb olub — prezident Nikolas Maduro ABŞ-ı uşağın oğurlanmasında ittiham edib.
İnçiarte və onun vəkili irəli sürülən ittihamları qəti şəkildə rədd edir. Onlar bildirirlər ki, cütlüyün heç bir məhkumluğu olmayıb və onların bədənindəki döymələr bandaya aidlik simvolu yox, şəxsi və emosional anlam daşıyan işarələrdir. Eskalonanın bacısı isə qardaşının Venesuelada sadəcə bərbər işlədiyini və xaricdə daha yaxşı həyat axtardığını söyləyib.
Bu hadisə miqrasiya siyasəti və ailə birliyinin qorunması məsələlərinin yenidən gündəmə gəlməsinə səbəb olub.