Ofis realiti-şou kimi: Çin biznesində yeni trend mübahisələrə səbəb oldu
Bu gün, 17:28

Çinin Çenqjou şəhərində yerləşən və qəlyanaltı topdan satışı üzrə ixtisaslaşan "Miaohuo Net" şirkəti işçilərinin iş yerlərindən birbaşa yayımlar etməyə başladıqdan sonra qızğın müzakirələrin mərkəzinə düşüb. Şirkətin rəhbərliyi iddia edir ki, bu qeyri-adi tədbir müştərilərin etimadını artırmaq və biznesin "şəffaflığını" nümayiş etdirmək məqsədi daşıyır.
Bu barədə "South China Morning Post" xəbər verir.
"Miaohuo Net"in sahibi bildirib ki, bu təcrübə şirkətdə uzun müddətdir mövcuddur və real komandanın olduğunu, bəzi digər şirkətlərdə olduğu kimi "autsorsing" işçilərinin olmadığını göstərməyə yönəlib.
"Sübut etmək istəyirik ki, bizdə müvəqqəti cəlb edilmiş insanlar deyil, həqiqi əməkdaşlar çalışırlar", - deyə o vurğulayıb.
Rəhbərliyin iddiasına görə, canlı yayımlar zamanı işçilərdən çəkilişlə bağlı narahatlıq barədə şikayətlər daxil olmayıb.
Hətta Duan soyadlı bir əməkdaş bunda müsbət məqam gördüyünü qeyd edib: "Bir çox insanlar mənzərəli yerlərdən yayımlar edirlər. Mən də özümü bu sahədə sınamaq istəyirəm".
Duan həmçinin vurğulayıb ki, "Miaohuo Net" əlavə iş saatları üçün ödəniş təmin edir və kollektivi birləşdirmək üçün illik korporativ səfərlər təşkil edir.
Lakin rəhbərliyin və bəzi işçilərin bəyanatlarına baxmayaraq, şirkətin təşəbbüsü internet istifadəçiləri arasında narahatlıq doğurub.
Bir çox şərhçilər işçilərin hüquqlarının potensial pozulmasına, xüsusilə də onların təsvirlərinin razılıq olmadan istifadəsi və məxfiliyin təmin edilməsi məsələlərinə diqqət çəkiblər.

