Yeri xilas etmək üçün okeanda nüvə bombasını partlatmaq təklif edilir

Bu gün, 08:34           
Yeri xilas etmək üçün okeanda nüvə bombasını partlatmaq təklif edilir
ABŞ-da yaşayan tədqiqatçı Yer kürəsini iqlim dəyişikliyindən xilas etmək üçün okean altında nüvə bombası partlatmağı təklif edib.

Bu barədə NDTV məlumat yayıb.

"Microsoft” şirkətində çalışan 25 yaşlı proqram mühəndisi Endi Haverli elmi məqalə dərc edərək, dünyanın ən güclü nüvə bombasının iqlim dəyişikliyi ilə mübarizə məqsədilə istifadə olunmasını irəli sürüb. Onun ideyasına əsasən, nüvə partlayışı okean dibində yerləşən karbon udan süxurların sərbəst buraxılmasını sürətləndirə bilər.

Haverlinin fikrincə, bu üsul okean dibindəki mineralların təbii aşınma prosesini xeyli sürətləndirəcək və nəticədə atmosferdəki karbon qazının miqdarını azaltmağa kömək edəcək. Hazırda hər il atmosferə təxminən 36 qiqaton karbon qazı atılır. Mühəndis iddia edir ki, 81 qiqaton gücündə bir nüvə partlayışı bu emissiyaları 30 il ərzində kompensasiya edə bilər.

O, bu ideyanı əvvəllər ayrıca tətbiq edilən iki yanaşmanın — gücləndirilmiş aşınma və yeraltı nüvə partlayışlarının sintezi kimi təqdim edir. Haverli bildirib ki, bu fikir ona rejissor Kristofer Nolanın "Oppenhaymer” filmini izlədikdən sonra gəlib və bu film atom enerjisinin potensialı barədə düşünməyə vadar edib.

Tədqiqatçı həmçinin qeyd edib ki, partlayışın yeri elə dəqiq hesablanmalıdır ki, radiasiya, tullantı və enerji yayılması minimuma endirilsin. O, layihənin texniki və etik baxımdan çoxsaylı suallar doğurduğunu etiraf etsə də, hesab edir ki, ənənəvi üsullar yetərli olmadıqda belə radikal tədbirlərə ehtiyac ola bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.