Şimali Koreyadan təxminləri alt-üst edən addım, gəmini balonlarla xilas ediblər...
Dünən, 15:34

Şimali Koreya, Kim Çen Inın "cinayət əməli" olaraq xarakterizə etdiyi uğursuz dənizə eniş mərasiminin ardından çevrilən 5 min tonluq gəmi gözləniləndən çox daha qısa müddətdə yenidən üzməyə müvəffəq olub.
Bizimyol.info "SNN Türk"ə istinadən xəbər verir ki, Şimali Koreya, gəminin dik vəziyyətə gətirilib limana etibarlı şəkildə bağlandığını açıqlayıb, peyk şəkilləri də bu iddiaları təsdiqləyir. Xilasetmə əməliyyatının sürəti və istifadə olunan "balon" metodu analistləri təəccübləndirib.
Şimali Koreya, may ayında suya enərkən yan yatmış döyüş gəmisini təxminən iki həftə sonra yenidən dik vəziyyətə gətirərək suyun üzərində tarazlıqla saxlamağa müvəffəq olub. Dövlət mətbuatı, gəminin ölkənin şimal-şərqindəki Chongjin limanına yanaşdırıldığını və təmir üçün hazırlıq görüləcəyini bildirdi. Gəmi, gəmiqayırma zavodundakı quru hovuza daşınacaq və 7-10 gün ərzində təmir ediləcək.
Mütəxəssislərin həftələr davam edəcəyini düşündüyü xilasetmə əməliyyatı yalnız iki həftə içində tamamlanaraq bütün təxminləri alt-üst edib. Keçmiş ABŞ Donanması kapitanı və analitik olan Karl Şuster, belə bir müdaxilənin ən azı dörd və ya altı həftə sürəcəyini gözlədiklərini, lakin "insan gücü" və gəmini doğrultmaq üçün istifadə olunan "yenilikçi metod" sayəsində gözləniləndən daha sürətli nəticə əldə edildiyini açıqlayıb.
Peyk şəkillərində, yan yatmış və qismən suya batmış gəminin ətrafına balonlara bənzər obyektlərin yerləşdirildiyi görünür. İlk başda bu sirli obyektlərin nə işə yaradığını anlamaq çətin olsa da, bunların aerostatik balonlar olduğu ehtimalları üzərində dayanıldı. Bu balonların, gəminin tarazlığını saxlamaq və yenidən su üzərinə qaldırılmasına kömək etmək üçün istifadə olunduğu düşünülür. Başqa bir ehtimal isə, bu balonların pilotsuz uçuş aparatlarının nəzarətindən qorunmaq məqsədilə istifadə olunduğudur.
Gəmi suya enərkən, arxa tərəfindəki kişəkdən sürüşərək çevrilmişdi. Kim Çen In baş verənlərə dair "məsuliyyətsizlik" və "cinayət əməli" ifadələrini işlətmişdi.
Qadir, Bizimyol.info