Baltik ölkələrindən Ukrayna üçün NATO və Aİ çağırışı - “Ukraynasız NATO natamamdır”
Bu gün, 11:04

İyunun 6-da Estoniya, Latviya və Litva parlamentlərinin Xarici Əlaqələr Komitələri Ukraynanın NATO və Avropa İttifaqına (Aİ) üzvlüyünə dəstək məqsədilə birgə bəyanat yayıblar. Bu sənəd NATO-nun 24–26 iyun tarixlərində Haaqa şəhərində keçiriləcək sammiti ərəfəsində dərc olunmaqla, təşəbbüsə xüsusi siyasi çalar verir.
Baltik ölkələri bildiriblər ki, Ukraynanın NATO-ya üzvlüyü Avro-Atlantik təhlükəsizlik sisteminin daha möhkəm və effektiv şəkildə formalaşmasına xidmət edəcək.
Bəyanatda NATO-nun Buxarest (2008), Vilnüs (2023) və Vaşinqton (2024) sammitlərində Ukraynaya verilmiş vədlər xatırladılır və qeyd olunur: "Biz 2025-ci ildə Haaqa sammitində Ukraynanın NATO-ya üzvlüyünə yol açacaq konkret siyasi addımlar atılmasını tələb edirik."
Həmçinin bəyanatda Ukraynanın NATO ilə yanaşı, Birgə Ekspedisiya Qüvvələrinə (JEF) üzv olmasının da vacibliyi vurğulanır. 2014-cü ildə yaradılmış bu hərbi platforma 10 dövləti əhatə edir və NATO-nun çevik reaksiya qüvvəsi rolunu oynayır. Onun əsas fəaliyyət bölgələri Arktika, Şimali Atlantika və Baltik dənizidir.
Baltik ölkələri hesab edir ki, Ukraynanın bu qüvvəyə qoşulması regional təhlükəsizlik sahəsində inteqrasiyanın dərinləşməsi istiqamətində mühüm addım olacaq.
Bəyanatda həmçinin Ukraynanın Aİ-yə üzvlüyü üzrə danışıqların tezliklə yekunlaşması və 2030-cu il yanvarın 1-dək Kiyevin Aİ-yə tamhüquqlu üzv kimi qəbul edilməsi dəstəklənir. Bu mövqe Ukraynanın Avropa strukturlarına dərin inteqrasiyasına açıq yol göstərir.
Baltik parlamentləri beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı diplomatik və siyasi təzyiqləri artırmağa, sanksiyaların sərtləşdirilməsinə və "Ukraynaya qarşı törədilən cinayətlərə görə hüquqi və siyasi məsuliyyətin təmin edilməsinə" çağırırlar.
Bu yanaşma Ukraynanın yalnız hərbi və iqtisadi deyil, həm də hüquqi və siyasi müstəvidə müdafiəsinin vacibliyini ön plana çıxarır.
Rasim Əliyev
“AzPolitika.info”