Əsədlə bəşər barışır-Qərb mediasından ilginc iddia

7-12-2016, 10:11           
Əsədlə bəşər barışır-Qərb mediasından ilginc iddia
ABŞ və Rusiya anlaşıb; Lavrov deyir ki, anlaşmaya əsasən, Hələbi tərk etməyənlər terrorçu hesab olunacaq

Suriyada hazırda əsas döyüşlər ölkənin şimalında - Hələb şəhərində gedir. Gələn son məlumatlara görə, şəhərin artıq 75 faiz ərazisi hökumət qüvvələrinin nəzarətinə keçib. Son olaraq daha iki rayonu silahlılardan geri alan hökumət qüvvələri oktyabrdan bu yana davam edən hücum əməliyyatı nəticəsində müxaliflərin nəzarətində olan Hələbin şərq rayonunun 60 faizi artıq hökumət qüvvələrinin nəzarətinə keçib.

Rusiya hərbi hava qüvvələri, “Hizbullah” və hökumət qüvvələrinin iki aya yaxındır davam edən hücumları nəticəsində artıq Hələbin yaxın günlərdə hökumətin nəzarətinə keçəcəyi ehtimal olunur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, ABŞ və Rusiya arasında əldə olunan razılaşmaya əsasən silahlılar Hələbi tərk etməlidirlər. Eyni zamanda Lavrov deyib ki, anlaşmaya əsasən, Hələbi tərk etməməkdə israr edən silahlılar terrorçu hesab olunacaq. Lavrov deyib ki, anlaşmanın yekunlaşması üçün Cenevrədə ABŞ və Rusiya ekspertlər heyəti yenidən toplanacaq. O, İspaniya, Yeni Zelandiya və Misir tərəfindən BMT TŞ-yə təklif olunmuş Hələbdə 7 günlük atəşkəs təklifini Rusiya-ABŞ anlaşmasını pozmağa yönəlmiş təxribat adlandırıb.

Qeyd edək ki, Hələb Suriyanın şimalında əsas strateji nöqtə, ölkənin ikinci ən böyük şəhəridir. Hələbə nəzarət bütövlükdə Suriyanın şimalını böyük ölçüdə nəzarət altında saxlamaq mənasına gəlir. Bu səbəbdən də 2012-ci ildən silahlıların nəzarətinə keçən Hələbin yenidən hökumətin nəzarətinə qaytarılması Bəşər Əsəd hökuməti üçün həddən artıq mühümdür. Hələbin taleyinin həll olunması Suriya münaqişəsinin həlli istiqamətində çox mühüm irəliləyiş, belə desək münaqişənin taleyini dəyişən hadisə olacaq.

Hələbdəki vəziyyət və onun Suriya münaqişəsinə təsiri mövzusu Qərbdə də ciddi şəkildə fikir dəyişikliyinə səbəb olub. Britaniyanın “The Independent” qəzeti son yazısında artıq Suriyada münaqişənin taleyinin böyük ölçüdə həll olunduğunu və bu səbəbdən Qərb ölkələrinin mövqelərini dəyişməyə çağırıb.

Qəzet yazıb ki, Qərb ölkələri Suriyada yürütdükləri siyasətin ölkə üçün bu şəkildə fəlakətə səbəb olduğunu artıq etiraf etməlidir. Yazı müəllifi son zamanlarda Suriyada baş verənlərin görməzdən gəlindiyini qeyd edib. Müəllif iddia edib ki, Hələbdə insan qırğınlarına və faciələrə son qoymağın yeganə yolu inadı yerə qoyub münaqişəni dayandırmaqdır. “O zaman artıq günahsız insanlar ölməz” deyə, müəllif yazır.

Müəllif qeyd edib ki, Hələbdə münaqişənin yekunlaşması Suriyada savaşın başa çatması üçün fürsət ola bilər. Qəzet Qərb ölkələrinin müxaliflərə yardım etməsinin nəticə etibarı ilə bu münaqişənin daha da uzanması və daha fəlakətli hal almasına gətirdiyini yazıb.

Qeyd edək ki, Lavrovun da açıqlamasından ABŞ və Rusiya arasında Hələb mövzusunda anlaşma əldə olunub və bu anlaşma Hələbin hökumətin nəzarətinə keçməsini nəzərdə tutur. Bir qədər əvvəl Suriya mətbuatı Bəşər Əsədin Hələbə səfərə gələcəyini və oradan ölkə əhalisinə və dünyaya müraciət edəcəyini bildirib. İndi hər kəs Hələbin taleyinin həll olunmasını həm də böyük ölçüdə münaqişənin taleyinin həlli ilə bağlayır.

Britaniyanın kəşfiyyat və siyasi dairələrə bağlı mediasının Əsədlə barışığa çağıran yazısı Qərbin də artıq münaqişədən yorulduğunu, həll yolları axtardığını göstərir. İndi əsas sual münaqişənin hansı yolla həlli, ölkənin taleyinin hansı istiqamətə dəyişəcəyi kimi suallar açıq qalsa da, silahların yerə qoyulması və müharibənin başa çatması ilk addım olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.