Amerika FES-in əli ilə dünyanı dəyişir - iddia

17-12-2016, 09:53           
Amerika FES-in əli ilə dünyanı dəyişir - iddia
Neft ölkələrinin iqtisadiyyatı risk altında, ucuzlaşma qaçılmazdır

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) dollarla bağlı uçot dərəcəsini artırmasından sonra bazarlar buna ciddi reaksiya verməyə başlayıb. Neftin ucuzlaşmasının davam etməsi, həmçinin zəif valyutaların məzənnəsinin ucuzlaşması ilk önə çıxan məsələlərdir.

Bəzi ekspertlər FES-in qərarının neft istehsalı ilə məşğul olan, iqtisadiyyatı neftdən asılı ölkələri ciddi risk altına qoyduğunu bildirirlər. Bildirilir ki, OPEK hasilatı azaltmaqla, bu istiqamətdə bəyanatlar verməklə durumu az da olsa, dəyişməyə çalışır. Ancaq bunun da ciddi effekt verəcəyi ehtimalı azdır. Bu səbəbdən ekspertlər neftdən asılı iqtisadiyyatların hər FES qərarından sonra narahatedici formada dəyişikliyə məruz qalacağını vurğulayırlar. Ancaq FES-in qərarının daha çox ABŞ-a yönəldiyi qənaətində olan ekspertlər bunun əksini iddia edirlər. Yəni FES ABŞ iqtisadiyyatının gələcəyinə hesablanmış addımlar atır.

Ekspert Natiq Cəfərli məsələ ilə bağlı bildirdi ki, FES-in qərarları ABŞ iqtisadiyyatının inkişafından doğan nəticədir: “Amerika iqtisadiyyatı olduqca böyükdür. İqtisadiyyatın həcmi kifayət qədər yüksək səviyyədədir. Amerikanın öz iqtisadi parametlərinə görə qərar verdiyini söyləmək daha düzgün olardı. Bunun neftlə birbaşa əlaqəsi yoxdur. Əgər söhbət neft qiymətlərinin endirilməsi yolu ilə təsir mexanizmlərinin yaradılmasından getsəydi, buna Amerikanın kifayət qədər böyük imkanları var. Bazara sözlü müdaxilələrlə təsir göstərmək imkanı var. Necə ki, Rusiya və ərəb ölkələri, OPEC ölkələri sözlü müdaxilələrlə son vaxtlar qiyməti qaldırırlar, ABŞ da bu cür addım ata bilər. Son dövrlərdə neft hasilatı ən pik həddinə çatmasına baxmayaraq, sözlü müdaxilələrlə qiyməti 55 dollara qədər qaldıra biliblər. Amerikanın da böyük sözlü müdaxilələr etmək imkanı var. Bir neçə dəfə böyük neft korporasiyalarının rəhbərləri və yaxud Amerika Administrasiyası neftlə bağlı neqativ proqnozlar səsləndirsə, bu, bazara daha çox təsir göstərər.

Düşünürəm ki, belə addımlar olmursa, deməli, Amerikada bu məsələ tamam başqa kontekstdə həll olunur. FES-in faiz artımına getməsi isə Amerikanın öz makroiqtisadi göstəricilərindən irəli gəlir. Orada işsizlik kifayət qədər sürətlə azalır, iqtisadi aktivlik artır, ÜDM-də ciddi artım var. Yəni iqtisadiyyat yüksəldikcə, iqtisadi artım olduqca, əlavə investisiyaların ölkəyə cəlb olunmasına imkan yaranır. FES faiz artımı ilə buna nail olur. Yəni dolların dünyada faiz artımı ilə dəstək olur. Bu, birbaşa Amerika iqtisadiyyatının özü ilə əlaqəlidir. Neft ölkələrinə təsir mexanizmlərinə gəldikdə, FES-dən əlavə kifayət qədər böyük imkanları var. Bunu neft vasitəsi ilə etməsi məntiqsiz görünər ən azından. Yəni Amerikanın öz dəngələrinə uyğun olaraq FES qərar verir. Düşünürəm ki, gələn il nəzərdə tutulmuş üç faiz artımının baş tutmasının da böyük ehtimalı var. Həm iqtisadiyyatın daha yaxşı göstəricilərlə üzə çıxması, həm inflyasiyanın kifayət qədər normal səviyyələrə qalxması, iqtisadi aktivliyin artması imkan verəcək ki, gələn il FES faiz artımına getsin. Bu faiz artımı baş verdikdə dünya iqtisadiyyatına, maliyyə-kredit sisteminə, o cümlədən xammal bazarına da təsirsiz ötüşmür. Bahalı dollar həmişə xammal qiymətlərinin daha da ucuzlaşmasına səbəb olur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.