Mərkəzi Kəşfiyyat İdarəsi: «Trampdan heç nə gizlətməmişik»
18-02-2017, 10:31

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo bəyan edib ki, rəhbərlik etdiyi qurum prezident Donald Trampdan heç nə gizlətmir. Və onu kəşfiyyat məlumatları ilə tam şəkildə təmin edir.
Bugünlərdə «Wall Street Journal» ABŞ kəşfiyyat xidmətinin Trampdan məxfi məlumatların bir qismini gizlətdiyi barədə xəbər yaymışdı.
Xəbərdə bildirilirdi ki, Trampdan başqa ölkələrdə məlumatların necə toplandığı da gizlədilir. Bütün bunlara səbəb isə Tramp komandasının Rusiya hökuməti ilə əlaqələri, həmçinin yeni prezidentin xüsusi xidmət orqanlarına xoş olmayan münasibətidir.
Pompeo yayılan məlumatın yanlış olduğunu və kəşfiyyatda işləyən minlərlə peşəkarın nüfuzuna xələl gətirdiyini deyib: «Bu, şayiədən başqa bir şey deyil və sübut olaraq bir fakt belə, göstərilməyib».
Qeyd edək ki, Trampla Mərkəzi Kəşfiyyat İdarəsi arasında münasibətlər adıçəkilən qurumun rus hakerlərin prezident seçkilərinin nəticələrinə müdaxiləsi ilə bağlı bəyanatından sonra pisləşib.
Lakin yanvarın sonlarında Tramp bu iddiada olan KİV-ləri tənqid edərək bəyan etdi ki, ABŞ xüsusi xidmət orqanlarına böyük hörməti var və bu orqanların əməkdaşlarına heç kim onun qədər dəstək verməyəcək.