ACLARIN ÜSYANI- Neft ölkəsində üsyan
21-04-2017, 10:12

Venesuelada xalq aclıqdan ayağa qalxdı: Maduronu xilas etmək mümkün olacaqmı...
Venesuelada aprelin 19-da solçu prezident Nikolas Maduroya qarşı misli görünməmiş kütləvi etiraz aksiyası başlanıb. Aksiyada iki tələbə odlu silahla öldürülüb. Müxalifət tərəfdarları paytaxt Karakas və başqa şəhərlərin küçələrində keçirilən nümayişlərə “Bütün yürüşlərin anası” adını vermişdilər. Etirazçılar neftlə zəngin ölkəni acınacaqlı vəziyyətə salmış Maduronun hakimiyyətdən getməsini tələb edirdilər. "Röyters" agentliyinin verdiyi xəbərə görə, Maduronun çağırışı ilə iqtidar tərəfdarlarının da küçələrə tökülməsindən sonra izdihamlar yüz minlərlə insanla əhatələnib.
Maduro bəyan edib ki, etirazların dinc görüntüsü arxasında müxalifətin çevriliş cəhdi və ölkədə sosializmə son qoymaq planları gizlənir. Müxalifət isə Maduronu diktatora çevrilməkdə və dinc vətəndaşlara silah qaldırmaqda ittiham edir. Qeyd edək ki, son bir ay ərzində Venesuela etirazlarında həlak olmuş insanların sayı 7-yə çatıb, 270 nəfər həbs olunub.
Müxalifət prezident Maduronu neftlə zəngin ölkənin vətəndaşlarını ac-yalavac vəziyyətə salmaqda ittiham edir. OPEC üzvü olan Venesuelada ərzaq və dərman qıtlığı yaşanır, inflyasiya üçrəqəmli göstəricilərə çatıb.
Xatırladaq ki, neft qiymətinin yüksək olduğu dövrdə gəlirləri artan Venesuelada 2014-cü ildə neft qiymətləri kəskin düşəndən sonra ərzaq qıtlığı və qiymətlərin kəskin bahalaşması baş verib. İndi bu ölkə vətəndaşlarından əksəriyyətinin vaxtaşırı ac qaldığı və ən adi dərmanları tapa bilmədiyi xəbər verilir.
Hazırda bir çox ölkələrin, xüsusən də Rusiya və Çinin Venesuelaya yardım etdiyi deyilir. N.Maduronun ölkəmizə səfəri zamanı Azərbaycanın da Venesuelaya ciddi miqdarda pul yardımı etdiyi deyilirdi. Lakin bu məlumat rəsmi təsdiqini tapmadı.
Bəs görəsən, bütün bu yardımlar Maduronu xilas edə biləcəkmi? Və maraqlı bir sual da yaranır; neft ölkəsi olan Azərbaycanda da oxşar durum yaşana bilərmi?
Bu ölkənin iqtisadi durumunu və hazırkı vəziyyətə düşməsinin səbəblərini izah edən iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, neftin qiymətlərinin enməsinin Venesuelaya digər ölkələrdən daha çox təsir etməsinin səbəbi bu ölkənin neftinin çox keyfiyyətsiz olması və birjada olan qiymətdən 6-7 dollar aşağı satılmasıdır: “Bu gün dünya bazarında neftin qiyməti 52-53 dollar arasında dəyişirsə, Venesuela nefti 46-47 dollara satılır. Bu da ölkəyə daha az gəlir daxil olmasına səbəb olur. İşçilərin paylanmasına baxdıqda isə görürük ki, Venesuelada dövlət sektorunda çalışanların sayı özəl sektordan daha çoxdur. Bu da büdcəyə olan basqıları artıran amillərdən biridir. Böyük layihələrin demək olar ki , hamısı dövlət büdcəsi hesabına maliyyələşir. Dövlət büdcəsində gəlirlərin kəskin şəkildə aşağı düşməsi və kəsirin yaranması Venesuelada işsizliyə səbəb oldu və ciddi inflyasiyaya gətirib çıxartdı”.
N.Cəfərli vurğuladı ki, son iki ildə dünyada ən çox inflyasiyaya uğrayan 3 ölkədən biri Venesueladır: “Bu da qiymətlərin kəskin qalxmasına, ərzaq qıtlığına səbəb oldu. Ərzaq qıtlığına gətirib çıxaran səbəblər də dövlətin fəaliyyətinin yetərsizliyindən baş verib. Çünki dövlət bu sahəyə nəzarəti öz əlindən buraxmaq istəmir, qiymətləri diqtə etmək istəyir. Bu da biznes qanunlarına zidd olduğu üçün özəl biznes bu sahədən tamamilə çəkildi. Sırf dövlət dükanları və dövlətin nəzarəti altında olan biznes şəbəkələri qaldı. Bu da qiymətlərin kəskin artmasına və mal qıtlığına səbəb oldu. Bu, Venesuelada baş verənlərə səbəb olan əsas amillərdir. Azərbaycanla paralellər apardıqda görürük ki, bir çox oxşarlıqlar var. Venesuelada da işçi qüvvəsinin təqribən 70 faizi dövlət sektorunda məşğulluq qazanıb, Azərbaycanda da muzdla çalışan 1,5 milyondan çox işçi var ki, onun təqribən 70 faizi büdcədən maaş alır. Bu da iqtisadi proseslər və büdcə üçün böyük yükdür. İkinci bir ciddi oxşarlıq neftin ölkə iqtisadiyyatında hegemon yer tutmasıdır. Üstünlüyümüz isə ondan ibarətdir ki, Azərbaycan daha kiçik ölkədir, əhalinin sayı daha azdır. Neft fondunda böyük neft bumu dövründə müəyyən vəsait toplandı ki, indiki şəraiti idarə etmək üçün həmin vəsaitlərin böyük rolu oldu. Venesuelada isə əsasən də Nikolas Madurodan öncə - Uqo Çaves dönəmində çox populist addımlar atıldı. Çox böyük xərclər qoyuldu, neftdən qazanılan gəlirlərin böyük bir hissəsi həmin layihələrə xərcləndi. Yığım həyata keçirilmədi. Ciddi fərqlərdən biri də budur. Digər tərəfdən, Azərbaycanda ticarətdə özəl sektorun payı Venesueladan daha çoxdur. Şükürlər olsun ki, qıtlıqla bağlı bir problem yaşanmır. Azərbaycanla Venesuelanı fərqləndirən ciddi amillərdən biri də seçki sisteminin fərqli olmasıdır. Venesuelada parlament müxaliflərin əlindədir. Bu ölkənin 4 bölgəsində şəhər idarəetməsi müxalifət partiyasının əlindədir. Burada da ciddi fərqlər var”.
N.Cəfərli Azərbaycanın Venesuelaya ciddi məbləğdə yardım etməsinə inanmadığını bildirdi: “Ola bilər ki, kiçik məbləğdə yardım edilsin. Bu gün Venesuelaya əsasən iki ölkə dəstək verir, bu ölkələr Rusiya və Çindir. Hər iki ölkə Venesuelanın neft sektorunda böyük rol oynayır. ”LUKoil", “Sidneft”, “Rostneft”in böyük yatırımları var. Çin dövlət neft şirkətinin də Venesuelada böyük yatırımları var. Bu iki ölkənin köməyi olmasa, ümumiyyətlə, Venesuelada vəziyyət daha çətin ola bilərdi".musavat.com/