Sirli Əliyev Şerlok Holmsun malikanəsini 147 milyon funta aldı

23-07-2015, 12:53           
Sirli Əliyev Şerlok Holmsun malikanəsini 147 milyon funta aldı
Londonda, dünyanın ən məşhur ünvanı hesab edilən 221B Baker Streetdə yerləşən, məşhur detektiv Şerlok Holmsun “yaşadığı” binanın sahibi olan sirli Əliyev kimdir?

Virtualaz.org saytı xəbər verir ki, mənzil-qərargahı Londonda yerləşən “Global Witness” təşkilatı Hayd-parkın yaxınlığındakı iki bahalı mülklə yanaşı həmin malikanənin sahibini araşdırıb.

Məlum olub ki, dəyəri 147 milyon funt-sterlinq olan bu mülklər hansısa formada Qazaxıstan prezidentinin keçmiş kürəkəni Rahat Əliyevə və ailəsinə bağlıdır.

Nursultan Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyev iki bank menecerinə işgəncə verməkdə və qətlə yetirməkdə, korrupsiyada və digər cinayətlərdə ittiham olunurdu. Bu ilin fevralında o, Avstriya həbsxanasında asılımış vəziyyətdə tapıldı.

“Global Witness”in araşdırmasına əsasən mülklərin sahibi Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş offşor şirkətdir. Lakin bu şirkət və Əliyev ailəsinin vəkilləri mülklərin əsl sahibinin Rahat Əliyev olduğunu inkar ediblər. Bununla belə mülklərin əsl sahibini də açıqlamayıblar.

Araşdırma nəticəsində müəyyən olunub ki, iki il ərzində 221B Baker Streetdə yerləşən həmin mülklərin sahibi kimi dörd müxtəlif Britaniya şirkəti çıxış edib. Və “Global Witness” müəyyən edib ki, bütün dörd şirkətin direktorları birbaşa və ya dolayısı yolla Əliyevə bağlıdır.

Direktorlar arasında italyan və fransız da var. Onların hər ikisi Əliyevin real mülkiyyətçi olduğunu inkar edib.

Daha bir firma isə Rahat Əliyevin böyük oğlu - Nazarbayevin nəvəsi Nurəlinin direktoru olduğu İsveçrə şirkətinə bağlıdır.

Hazırda həmin məşhur binada Şerlok Holms muzeyi fəaliyyət göstərir və Londona səyahət edən turistlərin baş çəkdiyi ən məşhur yerdir.

Əslində Şerlok Holmsun bu ünvanda yaşadığı mifdir. Bir çoxlarının qənaətinə görə, bu, turistləri cəlb etmək üçün tələdir. Binanın qarşısında turistləri cəlb etmək üçün dayanan və XIX əsrin polis formasını geymiş adam ser Artur Konan Doylun məşhur detektivinin baş qəhrəmanının obrazını canlandırır.

“Global Witness” bildirir ki, əslində bu mülklərin, eləcə də həmin kvartalda yerləşən digər daşınmaz əmlakın sahiblərinin korrupsionerlər və ailə üzvləri olması Britaniyanın daşınmaz əmlak qanunvericiliyindəki ciddi boşluqlardan xəbər verir.

Təşkilat hesab edir ki, Londonun dəbdəbəli malikanələrini xarici korrupsionerlərin alması antikorrupsiya mübarizəsini “Böyük yeddilər”in sammitinin gündəliyinə gətirən baş nazir Devid Kemeronun imici üçün böyük zərbədir. “Global Witness” Londonda mülk almağın çirkli pulların yuyulması üçün vasitəyə çevrildiyini bildirir.

Təşkilatın hesablamalarına görə, İngiltərə və Uelsdə 122 milyard funt-sterlinq dəyərində daşınmaz əmlak offşor zonalarda qeydiyyatdan keçmiş şirkətlərə məxsusdur. Mülkiyyətçilərdən üçdə ikisindən çoxu öz kimliklərini gizlətmək və korrupsiya araşdırmasından yayınmaq üçün bu mexanizmdən istifadə edirlər.

“Bu isə kasıb ölkələrin vətəndaşlarını kasıbçılıq içində saxlayan, onları gələcəkdən məhrum edən və qlobal sabitliyi təhdid edən korrupsiyanı asanlaşdırır, möhkəmləndirir”- deyə təşkilat bildirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.