Tərəfdarları Saakaşvilini həbsdən azad ediblər - VİDEO
5-12-2017, 17:12

Kiyevdə bir neçə saat əvvəl saxlanılmış Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili azadlıqdadır.
APA-nın məlumatına görə, bu barədə görüntülər M. Saakaşvilinin “facebook” səhifəsində canlı yayımda nümayiş olunub.
Mixeil Saakaşvilinin tərəfdaşları onu Ukrayna güc strukturlarına məxsus mikroavtobusdan çıxarıblar. M. Saakaşvili güc strukturlarının əməkdaşlarının əlindən çıxaraq tərəfdarlarının əhatəsində ərazidən uzaqlaşıb.
***
12.11
Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Kiyevdə saxlanılıb.
APA-nın məlumatına görə, bu barədə M. Saakaşvilinin “facebook” səhifəsində yayımlanan canlı yayımda göstərilib. Onu hüquq-mühafizə orqanları əməkdaşları yaşadığı binanın damında tutublar.
***
11.50
Gürcüstanın keçmiş prezidenti, Ukraynada Yeni Qüvvələrin Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvili onun evini axtarışa gələn polislərə etiraz olaraq, yaşadığı binanın damına çıxıb və özünü atacağını bildirib.
APA-nın məlumatına görə, bu barədə Ukraynanın “1+1” telekanalı xəbər yayıb. Bildirilir ki, hazırda M. Saakaşvili binanın damındadır və hüquq-mühafizə orqanları əməkdaşları ilə danışıqlar aparır. Siyasətçi bildirir ki, ona toxunsalar, özünü atacaq. Hadisə yerinə xilasedicilər və həkimlər gəlib.
Onun tərəfdaşı David Sakvaralidze bu gün səhər bəyan edib ki, naməlum şəxslər Saakaşvilinin yaşadığı mənzildə axtarış aparmağa cəhd edirlər.