“Əliyevlərin nəsli bizə yad deyil...” - Dağıstan rəhbəri

18-08-2015, 13:13           
“Əliyevlərin nəsli bizə yad deyil...” - Dağıstan rəhbəri
Dağıstan rəhbəri Ramazan Abdulatipov gələn il Dərbənddə Xəzər forumu təşkil edəcəyini və ideyanın Rusiya prezidenti Vladimir Putin tərəfindən dəstəkləndiyini deyib.

Virtualaz.org saytı xəbər verir ki, Abdulatipov “Moskva-Baku” portalına müsahibəsində forumda Xəzəryanı ölkələrin regionlararası əməkdaşlığının və dənizin neft-qaz resurslarının mənimsənilməsinin müzakirə olunacağını deyib.

Onun sözlərinə görə, foruma sahilyanı ölkələrin liderləri yox, həmin ölkələrin regionlarının rəhbərləri, iri neft şirkətləri dəvət olunacaq.

“Mən bu məsələni ümumən Vladimir Vladimiroviç Putinlə danışmışam, Xəzərin malik olduğu resursları bir daha yada salmışam. Vladimir Vladimiroviç bu ideyanı dəstəkləyir. Ancaq o necə reallaşacaq, hələ bunun üzərində iş gedir. Nəticələr barədə dövlət başçısına məlumat verəcəyəm. Və onun icazəsi və XİN-in köməyi ilə məsələni sahilyanı ölkələrlə müzakirə edəcəyik” -deyə Abdulatipov bildirib.

Abdulatipov bildirib ki, ilin əvvəlində Dağıstan hökumətinə Azərbaycanla əməkdaşlığı gücləndirmək tapşırığı verib.

“Biz Azərbaycan tərəfinin Dərbəndin 2 min illik yubileyində yaxından iştirakında maraqlıyıq”- deyə Dağıstan rəhbəri vurğulayıb.

Dərbəndin küçələrindən birinə iki il əvvəl Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin adının verilməsini xatırladan Abdulatipov bildirib: “Əliyev familiyası, Əliyevlərin nəsli Dağıstan respublikasına yad deyil. Ən çətin müharibə illərində Dağıstanın rəhbəri Heydər Əliyevin qayınatası və müvafiq olaraq indiki Azərbaycan prezidentinin babası Əziz Əliyev olub. Heydər Əliyevə bizim respublikada həmişə fəxrlə baxıblar, onu həmişə öz adamları hesab ediblər”.

Abdulatipovun bildirdiyinə görə, Azərbaycan prezidenti İlham Əliyev də Dağıstanla əməkdaşlığı çox fəal dəstəkləyir.

“Mən bu haqda Vladimir Putinlə də danışmışam, o da bizim işimizi, Azərbaycanla mədəni və iqtisadi əlaqələrin genişləndirilməsini dəstəkləyir. Biz bir sıra birgə layihələr üzərində işləyirik”-Dağıstan rəhbəri deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.