Rusiya Abxaziyaya qoşun yeritdi - Rəsmi Tiflis 5 günlük müharibəni xatırladı

25-08-2015, 16:35           
Rusiya Abxaziyaya qoşun yeritdi - Rəsmi Tiflis 5 günlük müharibəni xatırladı

Rusiya Müdafiə Nazirliyinin dəmiryol qoşunlarının 50 xüsusi texnikası və 500-dən çox hərbçisi Gürcüstanın separatçı Abxaziya bölgəsinə yeridilib.

Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakov qoşunların Abxaziya ərazisindən keçən dəmir ylunun Oçamçir stansiyasından İnquri çayına qədər olan hissəsinin bərpa edilməsi üçün yeridildiyini açıqlayıb.

Rəsmi Tiflis baş verənlərdən narahatdır və Rusiyanın davranışlarının 2008-ci ilin avqust müharibəsi ərəfəsini xatırlatdığını bildirir.

“Gürcüstan Xarici İşlər Nazirliyi Gürcüstan dəmir yolunun Abxaziya hissəsinin bərpası üçün başladılmış işləri pisləyir və Rusiyadan bu qanunsuz hərəkətlərə son qoymağı tələb edir”- deyə Gürcüstan XİN-in dünən axşam yaydığı bəyanatda bildirilir.

Rəsmi Tiflis bunu “Moskvadan növbəti aqressiv və təxribatçı addım” kimi qiymətləndirir, beynəlxalq ictimaiyyəti Gürcüstanın ərazi bütövlüyünə qarşı yönəlmiş bu hərəkətlərə qarşı qəti addımlar atmağa çağırır.

XİN bildirir ki, 2008-ci ilin avqustunda Gürcüstana hərbi müdaxilə ərəfəsində Rusiya Abxaziya regionunda dəmir yolunun bərpasına başlamışdı və bu məqsədlə dəmir yol qoşunlarını yeritmişdi. Bu qoşunlar daha sonra döyüş əməliyyatları zamanı ordu hissələrinin və texnikanın daşınması üçün effektiv şəkildə istifadə olundu.

Gürcüstanla Rusiya arasında Abxaziyadan keçən dəmir yol əlaqəsi 1992-ci ildə İnquri çayı üzərindəki körpünün partladılmasından sonra kəsilib. Bununla həm də Ermənistan qismən nəqliyyat blokadasına düşüb. Gürcüstanda “Gürcü arzusu” koalisiyasının hakimiyyətə gəlişindən sonra Abxaziyadan keçən dəmir yolunun açılmasına dair söz-söhbətlər, müzakirələr başlayıb.

Hərçənd ki, rəsmi Tiflis Abxaziyadan keçən dəmir yolunun açılmasına dəstək vermədiyini bildirir. Əgər həmin yol açılsa, Ermənistan nəqliyyat blokadasından çıxacaq və onun Gürcüstan üzərindən xarici aləmlə əlaqəsi asanlaşacaq.

Bu isə Azərbaycanın maraqları üçün təhlükəlidir. Eyni zamanda Abxaziya dəmir yolunun açılması Bakı-Tiflis-Qars dəmiryol dəhlizinin əhəmiyyətini də azalda bilər.

Lakin indi Rusiya Tiflisin razılığını gözləmədən Abxaziya dəmir yolunun bərpası üçün qoşun yeridib. Rusiya bildirir ki, məqsəd dəmir yolunun “daxili istifadə üçün” bərpasıdır. Yəni Abxaziya ilə Rusiya arasında birbaşa dəmir yol əlaqəsini təmin etməkdir. Hazırda Abxaziya ilə Rusiya arasında əlaqə gəmi-bərələrlə və Gürcüstanın nəzarətində olan Yuxarı Lars keçid məntəqəsi ilə həyata keçirilir.

Gürcüstan müxalifəti isə hesab edir ki, hakimiyyət Abxaziya dəmir yolunun bərpasında Rusiya ilə əlbirdir. Gürcüstan Milli Hərəkatının mövqeyinə görə, istisna deyil ki, Abxaziya dəmir yolunun bərpasına dair proseslər Gürcüstan hakimiyyəti ilə razılaşdırılıb.

Müdafiə naziri Tina Xidaşeli isə avqustun 24-də jurnalistlərə bildirib ki, Abxaziya dəmir yolunun bərpasına dair Gürcüstan hökuməti ilə heç bir danışıqlar aparılmır. Onun sözlərinə görə, Rusiyanın dəmir yolunu bərpa etməsi hərbi məqsədli ola bilər.

“Onlar deyirlər ki, bunu iqtisadi fəaliyyəti asanlaşdırmaq üçün edirlər. Mən bu gün Rusiya Müdafiə Nazirliyinin bəyanatını gördüm, deyirlər ilin sonuna qədər dəmir yolunun daxili məqsədlər üçün bərpası başa çatacaq. Ancaq dəmir yolu belədir ki, onu istənilən vaxt istənilən funksiya üçün istifadə etmək olar”- müdafiə naziri deyib.

Rusiyanın Abxaziya dəmir yolunu bərpa etməsi Moskvanın Gürcüstan üzərindən Ermənistana quru dəhlizi açmaq planlarına dair məlumatları yada salır. Bu haqda dəfələrlə Qərb və Rusiya mediasında bəhs edilib.

Həmçinin belə iddialar var ki, Dağıstandan Azərbaycan sərhədinə qədər çəkilən yeni şose yol da hərbi təyinatlıdır, Rusiya qoşunlarının cənuba doğru sürətli marşı üçün nəzərdə tutulub/virtualaz.org/.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.