Zelenski Elçibəy hakimiyyətinin səhvini təkrarlamadı-tarixə baxış

22-05-2019, 08:23           
Zelenski Elçibəy hakimiyyətinin səhvini təkrarlamadı-tarixə baxış
Pənah Hüseyn: “Ali Sovet Elçibəy hakimiyyətinə qarşı əksinqilabın və sonra da qiyamın əsas qərargahlarından biri kimi fəaliyyət göstərirdi”
Ukraynanın yeni prezidenti Vladimir Zelenski mayın 20-də andiçmə mərasimindəki çıxışındaca parlamenti buraxdığını elan etdi. Siyasi ekspertlər hesab edir ki, bu, çoxları üçün gözlənilməz qərar idi. Bu o demək deyil ki, prezident istəyinə tam nail oldu. Parlamentdə hakim fraksiya dağılıb və yeni fraksiyasnın formalaşması üçün qanunvericiliyə görə 30 gün vaxt lazımdır. Bu zaman kəsiyində prezidentin parlamenti buraxmaq səlahiyyəti yoxdur. Buna görə də böyük ehtimalla parlamentdəki bir necə partiya Zelenskinin parlamenti buraxmaq qərarına etiraz edərək Ali Məhkəməyə şikayət ərizəsi ilə müraciət edəcəklər. Lakin yeni prezidentin ilk qərarının məhz parlamenti buraxması olması o deməkdir ki, bu məsələdə geriyə addım atılmayacaq.

Bir sıra siyasi analitiklər V.Zelenskinin doğru qərar verdiyini, mövcud parlamentin qalmasının onun hakimiyyətinə ciddi əngəl olacağını qeyd edirlər. Hətta bəzi azərbaycanlı siyasi təhlilçilər V.Zelenskinin 1992-ci ildə Azərbaycanda hakimiyyətə gələn Əbülfəz Elçibəy iqtidarının səhvini təkrarlamadığını bildirirlər.

Bəs bu barədə Elçibəy hakimiyyətinin dövlət katibi və baş naziri olmuş Pənah Hüseyn hansı mövqedədir?

Pənah Hüseyn “Yeni Müsavat”a öncə bildirdi ki, hər bir ölkədə icra hakimiyyətinə yeni qüvvənin gəldiyi zaman qanunvericilik orqanının buraxılıb-buraxılmaması məsələsi həmin ölkənin konstitusiyasına uyğun olaraq həll edilir. Əgər yeni seçilmiş prezidentin öz görəvinə başladıqdan sonra parlamenti buraxmaq səlahiyyəti varsa, o, bu hüququndan istifadə etmək səlahiyyətinə malikdir: “Konkret olaraq Ukraynada yeni prezidentin parlamenti buraxmaq qərarı isə mübahisəlidir, prezidentin belə bir səlahiyyətə malik olub-olmaması məsələsi müzakirə edilir. Amma hər halda, fakt ondan ibarətdir ki, yeni prezident qərarını verib. Ümumi götürdükdə isə vacib deyil ki, ölkədə icra hakimiyyətinin başçısı seçilirsə dərhal o, qanunverici hakimiyyəti buraxmalıdır. Prezidentin buna konstitusiya hüququ varsa, bu hüquqdan istifadə edə də bilər, etməyə də bilər. O ki qaldı Vladimir Zelenskinin dərhal parlamenti buraxması hadisəsi ilə 1992-ci ildə Azərbaycanda parlamentin buraxılmaması arasında paralellər aparılmasına, bir çoxları, o cümlədən mən də dəfələrlə vurğulamışıq ki, 1992-1993-cü illərdə Əbülfəz Elçibəy hakimiyyətinin strateji səhvlərindən birincisi ölkədə yeni parlament seçkilərinin keçirilməməsi sayıla bilər”.

Pənah Hüseyn xatırlatdı ki, Elçibəy hakimiyyəti dövründə yeni seçkilərin keçirilməsi barədə ümumi siyasi qərar var idi və bunun ləngidilməsinin əsasları barədə də dəfələrlə məlumat verilmişdi: “1992-ci ilin yalnız iyununda ”Siyasi partiyalar haqqında" Qanun qəbul olundu, Azərbaycan Xalq Cəbhəsinin proqram sənədlərindən biri çoxpartiyalı seçkilərin keçirilməsi idi. Əbülfəz Elçibəy iyunda prezident seçilən vaxtlarda və “Siyasi partiyalar haqqında” Qanun qəbul olunanda hələ ölkədə çoxpartiyalı sistem formalaşmamışdı, siyasi partiyalar qeydə alınmamışdı, seçki haqqında qanunlar çoxpartiyalı əsasda hazır deyildi. Ona görə də bunun həm qanunvericilik bazasının işlənib hazırlanması, həm də siyasi partiyaların yaranması və qeydə alınması üçün müəyyən vaxtın verilməsi əsasları gətirilərək dərhal belə bir seçki haqqında qərar qəbul edilmədi. Bunlar obyektiv səbəblər kimi hələ həmin dövrdə göstərilirdi. Onu da demək lazımdır ki, bu barədə istər 1992-ci ildə, istər 1993-cü ildə diskussiyalar davam edirdi. Yeni seçki qanunu müzakirəyə verilmişdi. Nəhayət, 1993-cü il may ayının 25-də prezident Əbülfəz Elçibəyin nitqində 1993-cü ilin dövlət quruculuğu ili elan edilməsi və 1993-cü ilin payızında çoxpartiyalı sistem əsasında yeni parlament seçkilərinin keçirilməsi barədə siyasi qərar elan olunmuşdu. Yəni hakimiyyət devrilməsəydi yeni parlament seçkiləri 1993-cü ilin payızında keçiriləcəkdi. 1992-ci ildə prezident hakimiyyətinin yeganə legitim hakimiyyət olmasını, Əbülfəz Elçibəyin demokratik yolla seçilmiş legitim prezident olmasının ölkə ictimaiyyətində və beynəlxalq aləmdə birmənalı qəbul edilməsini nəzərə alaraq yuxarıda qeyd etdiyim şərtlərin formalaşmasını gözləmədən də parlament seçkilərinin keçirilməsinin zəruri olduğu, buna gedilməməsinin də Elçibəy hakimiyyətinin məğlubiyyətinin əsas səbəblərindən biri olması barədə fikirlər səsləndirilib. Mən şəxsən özüm də bu fikirdə olanlardan biriyəm. Hesab edirəm ki, ən azı keçid dövrü üçün seçkilər keçirmək mümkün idi".

Sabiq baş nazir qeyd etdi ki, o dövrdə konstitusiyada prezidentin parlamenti buraxmaq səlahiyyəti yox idi. Amma nəzərə almaq lazım idi ki, mövcud Ali Sovet Azərbaycan müstəqil olmamışdan öncə, keçmiş SSRİ-nin tərkibində olarkən keçirilən seçkilərlə formalaşdırılmışdı. İkincisi, prezidentin müstəqillik qazandıqdan sonra demokratik yolla seçilmiş yeganə hakimiyyət olması buna imkan verirdi ki, prezident belə bir siyasi qərar qəbul etsin: “Prezidentin siyasi müraciəti kifayət idi ki, Ali Sovet özünü buraxmış elan eləsin və ardınca da prezident yeni parlament seçkiləri təyin edə bilərdi. Prezident belə bir qərar versəydi ictimaiyyət və dünya tərəfindən qəbul olunardı. İstər 1992-ci ildə, istər 1993-cü ildə parlament seçkiləri keçirilsəydi, azad, ədalətli, demokratik seçkilərdə Azərbaycan milli demokratik qüvvələrinin parlamentin əksəriyyətini təşkil edəcək dərəcədə xalqdan səs alacağı imkanı kifayət qədər yüksək idi. Lakin seçkilər keçirilmədi. Sonradan təcrübə göstərdi ki, faktiki olaraq o dövrdəki Ali Sovet Əbülfəz Elçibəy hakimiyyətinə qarşı əksinqilabın və sonra da qiyamın əsas qərargahlarından biri kimi fəaliyyət göstərirdi. Bu da bir daha göstərdi ki, 1992-ci ilin iyununda keçirilən prezident seçkilərindən bir-iki ay sonra yeni parlament seçkiləri keçirilsəydi, bəlkə də Azərbaycan tarixinin inkişafı başqa istiqamətdə cərəyan edib başqa şəkildə mövcud olardı. Amma bunlar artıq hamısı arxada qalıb və tarixdir. Tarixdə yenidən eksperimentlər keçirmək mümkün deyil. Lakin bu tarix şübhəsiz ki, dərs çıxarılmalı məqamlardandır”.

P.Hüseyn vurğuladı ki, konkret olaraq indiki situasiyada da onun təmsil olunduğu partiyanın tərəfdar olduğu xətt ondan ibarətdir ki, Azərbaycanda köklü siyasi islahatlar əgər nəzərdə tutulursa və ölkədəki siyasi proseslərin islahat yolu ilə inkişaf etməsi, Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi və bu seçkilərin ictimai etimada malik olması üçün seçki islahatının aparılması zərurəti var: “Buraya Seçki Məcəlləsində dəyişikliklər edilməsi, seçki komissiyalarının tərkibinin dəyişdirilməsi, namizədlərin qeydiyyat məsələsinin asanlaşdırılması, seçkinin keçirilməsi və səslərin hesablanması üzərində ictimai nəzarətin və şəffaflığın artırılmasını təmin edən dəyişikliklər edilməsi və digər məsələlər daxildir. İstər Ukraynada, istər Ermənistanda baş verən proseslər Azərbaycanın da siyasi inkişafı üçün müəyyən nəticələr çıxarmağa material verən hadisələrdir. Bu, nəzərə alınmalıdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.