“Azərbaycan uzun illərdir ki, informasiya müharibəsinin hədəfində dayanan ölkədir” - Dövlət başçısı

27-05-2019, 20:36           
“Azərbaycan uzun illərdir ki, informasiya müharibəsinin hədəfində dayanan ölkədir” - Dövlət başçısı
“Bu gün dünyada informasiya müharibəsi aparılır və hər bir vətəndaş bunu açıq-aydın görə bilir. Azərbaycan uzun illərdir ki, informasiya müharibəsinin hədəfində dayanan ölkədir. Ölkə haqqında təhrif edilmiş, yalan məlumatlar, uydurma faktlar, saxta xəbərlər geniş vüsət alıb”.

ONA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev 28 May - Respublika günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışında bildirib.

Ölkə başçısı deyib ki, biz buna adekvat cavab verməliyik, öz həqiqətlərimizi dünyaya çatdırmalıyıq: “Bizə qarşı hücumların əksəriyyətinin arxasında erməni lobbisi və onlarla müttəfiq olan bəzi yerli, özünü müxalifət adlandıran qruplaşmalar durur. Onların hədəfi Azərbaycanı ləkələməkdir, Azərbaycan haqqında təhrif edilmiş yalan məlumatlar yaymaqdır. Bu, informasiya müharibəsinin bir növüdür. Biz öz siyasətimizlə bütün bu yalanları, bütün bu böhtanları darmadağın edirik və etməliyik. Çünki bu gün Azərbaycan reallıqları onu göstərir ki, ölkə inamla, sürətlə inkişaf edir. Mənim Prezident kimi təcrübəmdə bir çox hallarda xarici qonaqlarla təmaslar, Azərbaycana ilk dəfə gəlmiş qonaqlarla görüşlər əsnasında onlar tərəfindən bir təəccüb hissi duyulurdu: yəni biz bilmirdik ki, Azərbaycan bu qədər inkişaf etmiş ölkədir. Biz bilmirdik ki, Azərbaycanda vəziyyət bu qədər yaxşıdır, şəhərlər bu qədər təmizdir, səliqəlidir, gözəldir. İctimai ovqat müsbətdir. Xalq iqtidarı dəstəkləyir. Yəni nəyə görə bu təəccüb hissləri oyanırdı? Ona görə ki, bizə qarşı çoxşaxəli, məqsədyönlü və davamlı informasiya müharibəsi aparılırdı. Məqsəd Azərbaycanı ləkələmək, inkişafımıza zərbə vurmaq, cəmiyyətimizin ənənəvi dayaqlarını sarsıtmaqdır. Biz buna heç cür imkan verə bilmərik və imkan vermirik. Çünki biz müstəqillik yolu ilə gedirik. Bizim öz seçimimiz var. Biz güclü dövlət qururuq. O dövlət ki, milli-mənəvi dəyərlər üzərində qurulub. Ona görə hədəflərin biri də məhz bizim milli dəyərlərimizdir, ənənələrimizdir. Çalışırlar ki, onları sarsıdaraq ölkəmizin inkişafına zərbə vursunlar. Azərbaycan xalqı hər şeyi yaxşı bilir və bilməlidir ki, biz informasiya müharibəsi şəraitində yaşayırıq və buna hazır olmalıyıq. Biz bu müharibədə ancaq öz işimizlə, öz qətiyyətimizlə qalib gələ bilərik”.

***

“Biz bundan sonra da sosial sahəyə çox böyük diqqət göstərəcəyik. Çünki bu sahə hər bir ölkə, o cümlədən bizim üçün prioritet olmalıdır”.

ONA-nın məlumatına görə, bunu bu gün 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda Prezident İlham Əliyev bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, son illər ərzində dəfələrlə maaşlar və pensiyalar artırılsa da, bundan sonra da bu istiqamətdə addımlar atılacaq: “Bu yaxınlarda çox böyük sosial paket qəbul edildi. Bu islahatların anonsu keçənilki prezident seçkilərindən sonra verilib. Bu ilin əvvəlindən çox ciddi sosial təşəbbüs icra edilməyə başlayıbr. Qəbul edilmiş qərarlar üç milyon insanı əhatə edir və bu vətəndaşların maddi vəziyyəti yaxşılaşır. Ancaq hesab edirəm ki, biz bundan sonra da bu istiqamətdə tam qətiyyətlə addımlar atacağıq. Çünki vətəndaşların sosial rifahı bizim üçün ən prioritet məsələdir. Ancaq təbii ki, bu, iqtisadi inkişafa bağlıdır. Çünki iqtisadi inkişaf, maddi imkanlar olmasa sosial proqramları həll etmək mümkün olmayacaq. Ona görə iqtisadi sahədə aparılan islahatlara bu gün çox böyük diqqət göstərilir və bu islahatlar artıq nəticə gətirir. Nəticə ondan ibarətdir ki, büdcə daxilolmaları artır. Bu ilin əvvəlindən büdcə daxilolmaları böyük dərəcədə - yüz milyonlarla manat həcmində artıb. Bu, bizə əlavə imkanlar yaradır ki, ilk növbədə sosial sahədə bu artım özünü göstərsin”.

Dövlət başçısı deyib ki, işsizliklə bağlı problemlərin həlli daim gündəlikdə duran məsələdir: “Çünki 2003-cü ildən bu günə qədər 2 milyon iş yeri yaradılmasına baxmayaraq, yenə də işsizlik var. Düzdür, başqa ölkələrə nisbətən Azərbaycanda işsizliyin səviyyəsi çox aşağıdır, ancaq biz hesab edirik ki, bundan sonra da bu istiqamətdə addımlar atılmalıdır. Bu ilin əvvəlindən təkcə dövlət sektorunda 50 minə yaxın iş yeri yaradılıb. Ancaq, əlbəttə, biz yaxşı başa düşürük ki, ilk növbədə özəl sektorda iş yerləri yaradılmalıdır, özəl sektorda da yaradılır. Biz dövlət olaraq özəl sektora dəstək göstərərək, onları da bu işə sövq edirik. İşsizlik hər bir ölkə üçün xas olan problemdir. Bu məsələnin həlli böyük səylər tələb edir. Biz bu səyləri göstəririk və nəticə də əldə olunur. Ancaq onu da bilməliyik ki, son 15 il ərzində Azərbaycan əhalisi 1,7 milyon artıb. İşsizliklə bağlı tədbirlər müntəzəm olaraq aparılmalıdır. Bu, gündəlikdə daimi duran məsələdir və biz məsələ ilə bağlı ciddi məşğuluq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.