Veteran zabitdən general - leytenant Arzu Rəhimova ŞOK ittihamlar

13-11-2015, 22:35           
Veteran zabitdən general - leytenant Arzu Rəhimova ŞOK ittihamlar
“Əfqanıstan və Qarabağ müharibəsindən keçib gələn zabitlər olmuşuq. Bizim Allahdan və Ali Baş Komandandan başqa heç kimimiz yoxdur”.

teref.az "virtualaz.org"-a istinadən xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik-leytenant Ağa Fəttahov deyib.

Hər zaman dövlətə və dövlətçiliyə sadiq olduğunu deyən polkovnik-leytenant 1984-cü ildə Bakı Hərbi Məktəbini bitirdiyini, ilk hərbi xidmətə Ukraynada başladığını, 1984-1991-ci illərdə keçmiş sovet ordusunda hərbi qulluq keçdiyini, Əfqanıstandakı xidmətlərinə görə “Qırmızı ulduz” ordeni ilə təltif olunduğunu, 1991-ci ildən etibarən isə Azərbaycan Ordusunda xidmət etdiyini bildirib.

A.Fəttahovun sözlərinə görə, Qarabağ döyüşlərinin iştirakçı olub, göstərdiyi xidmətlərə görə 1992-ci ildə müdafiə nazirinin əmri ilə vaxtından əvvəl mayor rütbəsi alıb. Şuşa, Laçın, Ağdam, Füzuli, Tərtər və Naxçıvanda döyüşüb. 1995-2012-ci illərdə Şuşa, Xocalı, Lerik və Tovuz rayonlarının hərbi komissarı vəzifəsində işləyib.

Polkovnik-leytenant Ağa Fəttahov

A.Fəttahov deyir ki, general-leytenant Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin olunandan sonra işdən azad edilərək təqaüdə göndərilib: “2012-ci ilin fevral ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yarandı və Arzu Rəhimov xidmətə rəis təyin olundu. O vaxt Tovuz rayonunda hərbi komissar işləyirdim. Arzu Rəhimov rəis təyin olunandan sonra 15-20 ilin işçilərini, 450 nəfəri bir gecədə ixtisara saldı. Amma sonradan həmin adamların yerinə başqalarını işə götürdü. Mən işlədiyim hərbi hissədən 6 nəfəri ixtisara saldı. Arzu Rəhimov bizə tərcümeyi-halımızı yenidən yazmaq, kimin atasının harada, hansı şəhərdə anadan olmasını dəqiq göstərməyimiz barədə tapşırıq verdi. Mən də öz tərcümeyi-halımı yazıb Bakının Nardaran qəsəbəsindən olduğunu göstərdim.

Altı aydan sonra Bakıya iclasa çağırıldıq. İclasda bizə yaş həddi ilə əlaqədar təqaüdə göndərildiyimiz bildirildi. Yaşımız 48-i ötmüşdü. Hərbi nizamnaməyə görə, əgər bir zabit polkovnik vəzifəsindədirsə və polkovnik rütbəsini çoxdan almalıdırsa, bu rütbə ona verilir. Zabit o zaman yaşla əlaqədar ehtiyata göndərilir ki, o, tutduğu vəzifəni layiqincə yerinə yetirə bilməsin. Bu halda onunla söhbət aparılır, bu vəzifəyə layiq olmaması izah edilir. Arzu Rəhimov isə Hərbi Nizamnaməyə zidd olaraq bizimlə heç bir söhbət aparmadı”.

Polkovnik-leytenant general Arzu Rəhimovun peşəkar zabitləri heç bir əsas olmadan təqaüdə göndərməsi ilə bağlı keçmiş müdafiə naziri Səfər Əbiyevə də müraciət edib, amma müraciətə müsbət cavab verilməyib: “Bizi ulu öndər oxutdurub yetişdirmişdi. Dövlətin bizdən bəhrələnən vaxtı 10 peşəkar zabitin hamısının yaş həddini bəhanə gətirib istefaya göndərmək nə deməkdir? Bizi istefaya göndərərkən həmin zalda bizdən 2-3 yaş böyük neçə zabit oturmuşdu, amma onlara toxunmadı. İclasdan sonra yaxınlaşıb səbəbini soruşdum, dedi bilirəm, sən yaxşıların yaxşısısan, amma belə lazım idi. Dedim ki, dövlət bizi oxudub, yetişdirib, biz müharibə gedən ölkədə yaşayırıq.

Məcbur olub keçmiş müdafiə naziri Səfər Əbiyevə müraciət etdim. Eks-nazir isə öz növbəsində yaş həddini əsas gətirərək Dövlət Xidmətinə müraciət etməyi məsləhət gördü”.

A.Fəttahovun sözlərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi bu quruma yeni gələn vaxtlar onun sovet ordusundan 61-ci maddə ilə tərxis olunduğu barədə söz-söhbət dolaşıb: “Bu barədə mənə dostum, Lənkəranın keçmiş hərbi komissarı, rəhmətlik Mirsalam Əliyev də danışmışdı. Deyirdi ki, şəxsi işində 59-cu maddəni yazdırıb, 1989-90-cı illərdə hərbi hissələrin möhürləri əllərdə gəzirdi, bunu etmək çətin deyildi. Amma inanmadım. Sovet ordusundan iki halda çıxmaq mümkün olardı - ya xəstəliklə, ya da bu maddə ilə. 61-ci maddə ilə tərxis olunan hərbi qulluqçu isə yenidən hərbi vəzifəyə təyin ola bilməzdi. Bunu dəqiq bilmək üçün gərək keçmiş SSRİ-nin arxivinə müraciət edəsən. Buna baxmayaraq mən yenə dostuma inanmadım. Amma bu yaxınlarda internetdə Arzu Rəhimovun tərcümeyi-halına baxdım və gördüm ki, doğrudan da o, 1989-cu ildə sovet ordusundan tərxis olunub. Lakin hansı maddə ilə tərxis olunduğu yazılmayıb. Tərxis olunandan sonra 1992-ci ildə Sərhəd Qoşunlarına qəbul olunub”.


Polkovnik-leytenant deyir ki, iki kateqoriya generallar var: “Birinci kateqoriyaya aid olanlar göstərdiyi qəhrəmanlığa görə bu ada layiq görülənlərdir. Belələrini Ali Baş Komandan şəxsən tanıyır. Məsələn, bizim keçmiş komandirimiz Rövşən Əkbərov, Nəcməddin Sadıxov və digərləri. Bu şəxslərə ulu öndər şəxsən özü general rütbəsi verib. İkinci kateqoriyadan olanlar isə Ali Baş Komandana təqdim olunan və yüksək rütbəyə layiq görüləndən sonra etimadı doğrultmağa çalışırlar. Amma Arzu Rəhimov bu kateqoriyaların heç birinə aid deyil. O, nə qəhrəmanlıq göstərərək özünü tanıdıb, nə də yüksək rütbəyə layiq görüləndən sonra etimadı doğrulda bilib. Müharibə gedən ölkədə yaşayıb, amma iki dənə güllə atmayıb”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun bu qurumu uçuruma apardığını deyən A.Fəttahov aidiyyəti orqanlardan baş verənlərin araşdırılmasını xahiş edir: “Bir sözlə, bütün peşəkar zabitlər kənarlaşdırıldı. 48 yaşına çatanları istefaya göndərdi, amma bizdən sonra yaşı 49-u ötmüş bir neçə zabitə polkovnik rütbəsi verdi. Bəs bizə niyə verimədi?

Arzu Rəhimov vaxtilə işinin öhdəsindən gələ bilməyənləri, Müdafiə Nazirliyi tərəfindən fəaliyyəti yoxlanılan və “2” qiymətləndirilən şəxsləri işə götürür, yoxlamalardan “4” qiymət alan peşəkarlar isə təqaüdə göndərilir.

Rütbə alanlar, bizdən sonra gələnlər və qalanların kiminin qudası prokurorluqda, kiminin qohumu nazirlikdə və s. işləyənlərdir. Bu işlər sırf tapşırıqla həyata keçirilir. Gələnlərin 70 faizi isə Arzu Rəhimovun doğulduğu bölgədəndir. Onun vəzifəyə təyin olunmasından sonra quruma işə götürülən zabit və mülki vətəndaşları yoxlasalar, bu faktlar öz təsdiqini tapar. Bizim isə Allahdan və Ali Baş Komandandan başqa heç kimimiz yoxdur. Bizlər döyüşəndə, qan tökəndə Rəhimov özü harada idi? Rəhimov bu qurumu uçuruma aparır. Bu faktları açıqlamaqda məqsədim bu qurumun uçuruma getməsinin qarşısını almaqdır”.

Zabitin bu fikirləri ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mövqeyini öyrənmək cəhdlərimiz baş tutmadı. Quruma bir neçə gün ərzində etdiyimiz telefon zəngləri cavabsız qaldı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.