Nazirlik şikayətləri qulaqardına vurur - Narazılıq var
7-04-2015, 11:09
Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin ( DSNX ) rəis müavini Müşfiq İsrafilov sığorta agentlərinin Bakıda keçirilən III Milli forumunda qeyd edib ki: “Azərbaycanda müştərilərin sığorta sahəsi ilə bağlı şikayətlərinin sayı artıb və artım davam edir. Təqdim olunan sığorta şikayətlərinin araşdırılması məqsədi ilə komissiya yaradılıb.”.
Komissiyanin sədri M. İstafilov onu da bildirib ki: “Bizə Prezident Administrasiyasından da sığorta ödənişlərinin ödənilməməsi və sığorta ilə bağlı dövlət başçısına şikayət və ərizələrin sayının artmasına dair məktub daxil olub. Bu şikayətlərin araşdırılmasını həyata keçirəcəyik. Hər çərşənbə 15:00-dan 17:00-dək həmin komissiyada “açıq qapı” olacaq və hər bir vətəndaş öz şikayət və müraciətini ünvanlaya bilər”.
Rəis müavini qeyd edib ki, əgər 2014-cü ildə DSNX-yə 1170 şikayət daxil olubsa, əvvəlki il bu göstərici 738 olub. Buna baxmayaraq, bu müraciətlərin yalnız 20%-i əsaslıdır. Onun sözlərinə görə, müraciətlərin əksəriyyəti avtonəqliyyat vasitələrinin sığortası ilə əlaqədardır.
Sığorta agentlərindən 4% deyil, 20%-lə gəlir vergisinin tutulması ilə bağlı sualı cavablandıran Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri bu məsələnin yaxın vaxtlarda həllini tapacağını deyib. Onun sözlərinə görə, hazırda bununla bağlı müzakirələr aparılır: “Həm Nazirlik, həm də sığortaçılarla müzakirələr aparılır. Qanuna yanaşmada müxtəliflik var. Ümid edirik ki, yaxın günlərdə məsələ öz həllini tapacaq”. Qafqaznews.org saytında 2 dekabr 2014-cü il tarixdə “Atəşgah sığorta öz müştərilərini aldadır” başlıqlı məqalə dərc olunmuşdu. Məqalə ər-arvad Həmidovların avtomobil qəzasından bəhs edirdi.
Hadisənin qısa tarixçəsi belədir. 4 iyunda Xəzər rayonu ərazisində Anna Həmidovanın idarə elədiyi MG avtomobili qəzaya uğrayıb. Avtomobildə Anna Həmidovanın əri Həmid Həmidov da olub.
Xoşbəxtlikdən ər-arvad yüngül zədələniblər. Həmid Həmidovun sözlərinə görə, qəzadan sonra anındaca Xəzər Rayon Yol Polisinə zəng edərək qəza barədə məlumat veriblər.
Həmid Həmidov qafqaznews.org-a bildirib ki: “ Anna bərk qorxduğu üçün biz evə getdik. Bir saatdan sonra yoldaşım özünə gəldi, hadisə yerinə qayıtdıq və Yol polisini gözləməyə başladıq. Və avtomobilimiz “Atəşgah Sığorta”da sığortalandığı üçün 19:31-də şirkətin “Qaynar xəttinə” zəng edərək hadisə barədə məlumat verdik. Şirkətin əməkdaşları bildirdi ki, sizinlə əlaqə saxlayacağıq”.
Həmidovların dediyinə görə, Yol polisinin əməkdaşları qəzanın səbəbini araşdırmaq üçün avtomobili aparmaq istədilər.
Anna Həmidova bildirib ki: “ Biz bildirdik ki, avtomobil sığortalı olduğu üçün şirkətin əməkdaşlarının baxışından sonra aparmaq olar. Yol polisinin əməkdaşları bizim xahişimizi eşitdilər. Və onlar bizim texpasportu və şəxsiyyət vəsiqəsini alaraq hadisə yerini tərk etdilər”.
Həmidovların dediyinə görə, “Atəşgah Sığorta”nın əməkdaşları ancaq səhər saat 10-da gəliblər.
Anna Həmidova müxbirimizə bildirib ki: “ Onlar avtomobilin şəkilini çəkdilər. Onların başçısı İltimas adlı əməkdaş idi. Familiyasını deməkdən imtina elədi. İltimas bizi şirkətin ofisinə gətirdi. Qəza yerində baş verənlərlə bağlı detallı sorğu oldu və bütün söhbət videoya çəkildi. Söhbətin sonunda İltimas bildirdi ki, hər şey qaydasındadı və sizinlə əlaqə saxlayıb dəymiş ziyanı ödəyəcəyik. Sonra biz Yol polisində alkotestdən keçdik. Məlum oldu ki, qəza vaxtı biz içkili olmamışıq və sükanın arxasında mən olmuşam”.
Biz qarşı tərəfin mövqeyini öyrənmək üçün “Atəşgah Sığorta” ilə də əlaqə saxladıq. Şirkətin şöbə müdiri İlkin Quliyev bildirdi ki: “ Sükanın arxasında olan Anna Həmidova şampan, əri isə pivə içiblər, bunu özləri etiraf ediblər. Düzdür, əvvəl Həmid Həmidov etiraf etmişdi ki, sükan arxasında o özü olub, sonrakı söhbətdə fikrini dəyişdi və dedi ki, sükan arxasında yoldaşı olub. Bütün bunlar bizdə videoyazıda var”.
Müxbirimizin “ Axı ər-arvad alkotestdən keçiblər və onların içkili olmadığı təsdiq olunub” sualına “Atəşgah Sığaorta”nın şöbə müdiri belə cavab verib: “ Onlar alkotestdən hadisədən 10 saatdan sonra keçiblər. Əlbəttə 10 saatdan sonra spirtli içkini aşkar etmək olmazdı”.
Müxbirimizin “Axı, yol polisi sükan arxasında Anna Həmidovanın olduğunu təsdiq edir” fikrinə İlkin Quliyev belə cavab verib: “ Yol polisi hadisə şəraitini öyrənmədən Həmid Həmidovun sözlərinə əsasən belə nəticəyə gəlib. Ona görə də biz DİN-ə şikayət etmək istəyirik ki, Həmidovların törətdiyi qəza hadisəsi yenidən araşdırılsın”.
Xəzər rayon yol polisinin böyük inspektoru Ədalət Əhmədli isə sığorta əməkdaşının dediklərinin yalan olduğunu bildirdi: “ Həmidovlar alkotestdən 10 saat sonra deyil, 2 saat sonra keçiblər. Və Anna Həmidovanın sükan arxasında olduğunu ərinin sözlərinə görə deyil, ekspertizanın nəticələrinə və şahidlərin dediyinə görə qəbul etmişik. Və Həmidovlar yol polisinə 4-5 saat sonra deyil, 1 saat sonra zəng ediblər”.
İki həftə sonra baş verənlərin davamını öyrənmək qərarına gəldik.
İlkin Quliyevin sözlərinə görə, onlarda videoyazı var və orada Həmid Həmidov etiraf edir ki, sükanın arxasında o özü olub.
Xəzər rayon yol polisinin böyük inspektoru Ədalət Əhmədli isə qafqaznews.org-a bildirdi ki, “Atəşgah sığorta” şirkəti DİN-ə şikayət edib: “ Onlar şikayətlərində məni ittham edirlər ki, guya düzgün təhqiqat aparmamışam. DİN-in komissiyası hadisəni yenidən araşdırdı və sığorta şirkətinin şikayəti əsassız hesab edildi”.
İlkin Quliyev də Ədalət Əhmədlinin dediklərini təsdiq elədi.
Müxbirimizin “ Siz nə üçün komissiyanın qərarlndan DİN-ə şikayət etmədiniz? Dediyiniz videoyazını təqdim eləmədiniz? ” sualına İlkin Quliyev “Bunun sizə dəxli yoxdur” cavabını verdi.
Həmid Həmidov isə İlkin Quliyevin dediklərini belə şərh elədi: “ Sığorta şirkəti guya mənim etirafım olan videoyazını DİN-ə təqdim edə bilmədi, çünki elə şey yoxdur və şirkət öz müştərilərini altadmaqda davam edir”.
Həmidovun sözlərinə görə, o və həyat yoldaşı Maliyyə nazirliyinə şikayət ediblər: “ Nazirlik bizim şikayətimizi hərtəfəli araşdırmaq əvəzinə sadəcə “Atəşgah sığorta”ya sorğu göndərdi və öz işini bitmiş hesab elədi”.
Maliyyə nazirliyinin Sığorta Nəzarəti Dövlət Xidmətinin rəis müavini Müşfiq İsrafilov bildirir ki, sığorta şirkətlərindən şikayətlərin artdığını bildirir və qeyd edir ki, real vəziyyət diqqətlə öyrəniləcək.
Görəsən, real vəziyyəti öyrənmək və konkret tədbir görmək üçün Maliyyə nazirliyinə nə mane olur?
Maliyyə nazirliyinin mətbuat katibi Mais Piriyev bizə bildirdi ki: “ Sizin sualınıza cavab verə bilməyəcəm. Bizə yazılı formada müraciət edin”.