Birinci vitse-prezident Mehriban Əliyeva Rusiyaya səfəri çərçivəsində bu ölkənin prezidenti Vladimir Putinlə görüşüb.
Azərbaycan 24 xəbər verir ki, Rusiya prezidenti Azərbaycanlı həmkarı İlham Əliyevlə dekabrın 20-də keçiriləcək görüşü səbirsizliklə gözlədiyini bildirib. Putin əlavə edib ki, bu, Mehriban Əliyevanın Rusiyaya rəsmi statusda ilk səfəridir.
Azərbaycanda rus dili və mədəniyyətinə münasibətin ən yüksək səviyyədə olduğunu qeyd edən Putin bu işdə şəxsən Mehriban Əliyevanın xidmətləri olduğunu vurğulayıb.
Mehriban Əliyeva rəsmi səfər dəvətinə görə Rusiya rəhbərinə təşəkkürünü bildirib, Prezident İlham Əliyevin salamlarını çatdırıb. Bizim müştərək tariximiz olduğunu deyən Birinci vitse-prezident gənc nəsillər arasında da əlaqələrin qorunması zərurətindən bəhs edib.
O tələbəlik illərinin Moskvada keçdiyini diqqətə çatdıraraq bu şəhərin ona doğma olduğunu söyləyib.