JURNALİSTLƏRİMİZİN QARABAĞA VƏ ERMƏNİSTANA SƏFƏRİ BARƏDƏ BİR NEÇƏ SÖZ

24-11-2019, 10:22           
JURNALİSTLƏRİMİZİN QARABAĞA VƏ ERMƏNİSTANA SƏFƏRİ BARƏDƏ BİR NEÇƏ SÖZ
Təəssüf ki, bu məsələ barədə təfsilatlı məlumat olmadığından həm hadisədən gec xəbər tutmuşuq, həm də əsaslı bir mövzu yoxdur. Ona görə də yalnız qısaca münasibət bildirməyə və müəyyən qədər də öz fikirlərimizi bölüşməyə məcburuq.
Bunlar aşağıdakılardır:
1. Azərbaycan cəmiyyəti bütövlükdə Qarabağ mövzusuna, o cümlədən ayrıca da jurnalistlərin bu səfəri məsələsünə ümumi götürdükdə olduqca laqeyd yanaşır. Təəssüf ki, barmaqla sayıla biləcək qədər işin içində olan şəxsləri çıxmaq şərtilə bu məsələ çoxluğu dərindən maraqlandırmır. O cümlədən müəyyən dövlət orqanlarını.
Bir misal çəkim. Mən də Qarabağa və İrəvana atəşkəsdən sonra ilk dəfə səfər edəndə yola düşənədək belə olmuşdu, yəni cəmiyyət bu səfərə biganəlik nümayiş etdirmiş, qayıdandan sonra isə olduqca coşqu ilə yanaşmışdı.
1998-ci ildə Şuşanın işğalından 6 il 3 ay 22 gün sonra mən Şuşaya getdim. Əvvəlcə qatarla Tiflisə getdik, oradan təyyarə ilə İrəvana, oradan isə vertolyotla Xocalıya uçduq. Xocalıdan isə avtomobillərlə əvvəl Xankəndinə, sonra isə Şuşaya getdik. Həmin vaxt mən “Ədalət” qəzetində şöbə müdiri işləyirdim. İsveçrədən gələn dəvəti baş redaktor Aqil Abbasa bildirəndə o, əvvəlcə narahat oldu və dedi ki, bu yaxşı qarşılanmaya bilər. Hətta “Ədalət” qəzetinin təmsilçisi kimi getməyə görə lap narahat oldu. Sonra soruşdu ki, Azərbaycan hökumətindən, Xarici İşlər nazirliyindən, başqa dövlət qurumlarından bu barədə bilən varmı. Bildirdim ki, öz yanlarından bəlkə məlumatları var, amma mən heç kimə heç nə deməmişəm. Aqil müəllim təklif elədi ki, hökumətə məruzə etmək lazımdır, hər halda işğal altında olan əraziyə gedirsən. Cavab verdim ki, düzdür, ancaq bu boyda layihə həyata keçirilir, İsveçrənin Xarici İşlər Nazirliyi maliyyə ayırıb. Dünaynın bir çox ölkələrindən jurnalistlər iştirak edir, Bakıdan yeddi nəfər gedir. Ola bilərmi ki, hökumətin bundan xəbəri olmasın? Onda Aqil müəllim dedi ki, camaatımız da narahat ola bilər. Mən də cavab verdim ki, ümumiyyətlə, elə bir ciddi narahatlıq hiss etmirəm.
Həmin gündən başlayaraq, əvvəlcə Aqil müəllim bir xəbərlə, mən isə geniş yazılarla qəzetdə qarşıdan gələn Şuşa səfəri barədə məlumatlar verməyə başladıq. Xəbər və yazılar ümumi başlıqla – “Şuşaya getməyə hazırlaşıram” manşeti ilə verilirdi. Bu, təxminən bir ay davam elədi. Təsəvvür edin, bu müddət ərzində nə hökumətdən, nə də vətəndaşlardan bir ins-cins narahatlığını bildirmədi və biz də düşündük ki, getməyimiz heç kimi maraqlandırmırsa, imtinamız da heç kimi maraqlandırmayacaq, ona görə də yaxşısı budur yaranmış fürsətdən istifadə edək.
Həmin laqeyd münasibəti son günlərdə də hiss etdik. Çox kiçik dairəyə mənsub müəyyən şəxslərdən başqa jurnalistlərimizin Qarabağa və Ermənistana səfərləri, ermənilərin də buraya gəlməsi elə bir xüsusi canlanmaya səbəb olmadı.
2. Səfərin gizli həyata keçirilməsi.
Bu nə deməkdir? Bu nə dərəcədə doğrudur? Niyə ictimaiyyətə əvvəlcədən ətraflı məlumat verilmədi? Qarabağa və Ermənistana gedən jurnalistlərimizi şəxsən mən yaxşı tanımıram (təbii, bu o demək deyil ki, heç kim tanımır), ancaq onların kimliyi, səfərin məqsədi, həmin jurnalistlərin bu məqsədə uyğunluğu və s. bu kimi məsələlər qaranlıq olaraq qalır. Təbii ki, bir az gözləyək, bəlkə aydınlıq olacaq...
3. “Azərbaycanlı jurnalistlər 27 il sonra yenidən Şuşada...”
Bu necə başlıqdır, bu nə cümlədir, bu nə deməkdir?
Əvvala yuxarıda qeyd etdiyim kimi, birinci gedən biz olmuşuq, özü də yeddi nəfər: mən, Eldəniz Elgün, Kamal Əli, Şahin Rzayev, İlqar Mikayıloğlu və iki xanım jurnalist. Bizdən sonra da bir neçə belə səfər olub və hər dəfə də heyətdə jurnalistlər də olub. Nəhayət Eynulla Fətullayev də jurnalist kimi Qarabağa səfər edib və qalmaqallı materiallar dərc edib. Bəyəm bu jurnalistlər azərbaycanl deyildilər? Necə olur ki, indi xəbəri belə verirlər: “...27 ildən sonra yenidən...”

Əgər hər hansı KİV-nin ötən illərdə Qarabağla bağlı baş verən bu cür ciddi hadisələrdən xəbəri yoxdursa, yaxud, artıq bu hadisələri unudublarsa, hansı Qarabağ yanğısından danışmaq olar?
İkincisi, bu cümlədən belə çıxır ki, elə 27 il əvvəl də Şuşa ermənilərin olub və oraya azərbaycanlı jurnalistlər sadəcə səfər ediblər. İndi isə aradan 27 il keçəndən sonra bu cür səfər təkrar olunub, bərpa edilib. Yoxsa bu cümləni – “Azərbaycanlı jurnalistlər 27 il sonra yenidən Şuşada...” – ifadəsini ayrı necə başa düşmək olar?
4. İctimaiyyətə ətraflı məlumat verilməyəcəksə...
Biz səfərdən qayıdandan sonra əvvəlcə hamımız birlikdə “Ayna” qəzetinin konfrans zalında jurnalistlər və ictimaiyyət üçün böyük mətbuat konfransı keçirdik. Gedəndə olduğundan fərqli olaraq iynə atsan yerıə düşməzdi. Bunun ardınca ayrıca mənim müxtəlif yerlərdə – universitetlərdə, orta məktəblərdə, camaatımızın məskunlaşdığı yerlərdə, kollektivlərdə, siyasi partiya və ictimai təşkilatlarda, Qarabağ Azadlıq Təşkilatında, müxtəlif salon və zallarda saysız hesabsız görşlərim keçirildi. Təbii ki, o zaman internet və sosial şəbəkələr olmadığından bu cür görüşlər vacib idi. Və məni hər gün bir neçə yerə dəvət edirdilər. Bunlardan başqa Bakıdan çıxıb, yenidən Bakıya qayıdıb qatardan düşdüyüm 8 sutkanı əhatə edən yazı və müsahibələrimin sayı 800 qrankanı (bir milyon işarəyə yaxın) keçmişdi. Hər gün saat 15-dək redaksiyada yazı və ya müsahibəni hazırlayır, günortadan sonra isə gecəyədək görüşlərdə olurdum. Bunun üstünə də oradan çəkib gətirdiyimiz videomaterialın ayrıca kasetlərə yazılıb istəyən şəxslərə verilməsini və fotoaparatla çəkdiyim 125 ədəd fotoşəkli də gəlin. Bunlar işğal edilmiş ərazimizdən bizim çəkdiyimiz ilk fotolar idi və həmin 125 foto bəlkə 125 dəfə yenidən çap edilərək paylandı.
Görkəmli şairimiz Şahmar Əkbərzadənin

Deyirlər, Şuşanı görüb gözlərin,
Əyil, gözlərindən öpüm, ay Kərim!
Ordan toz götürüb ayağın yəqin,
Qoy onu gözümə səpim, ay Kərim!

bəndi ilə başlayan məşhur şeiri və daha ondan çox şairin bu mövzuda şeirləri də çap olundu.

Səfərdən sonrakı bu cür yüksək səviyyəli fəallıq səfərqabağı məyusluğu darmadağın etmişdi. Ancaq təəssüf ki, indiki laqeydlik səfərdən qabaq olduğu kimi sonra da hələlik davam edir.
İndiki səfər barədə yazılar, reportajlar, xəbərlər, video materiallar təqdim edilməyəcəksə, onda bu səfərin əhəmiyyətinin nə olacağı ilə bağlı hələ də bir fikrə gəlmək mümükün deyil.
Bir az da gözləyək...
Kərim Kərimli












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.