“TƏHSİL ARAŞDIRMALAR MƏRKƏZİ”NİN KOORDİNATORU EMİN AYDIN MİRZƏLİ, ASTARA TƏHSİL RƏHBƏRİ RƏŞAD HƏSƏNOVUN FƏALİYYƏTİNƏ QİYMƏT VERDİ
25-12-2019, 08:24

Hörmətli redaksiya! Bir neçə gün öncə mətbuatda, çoxlu saytlarda yayılan məşum məktubda bizim təşkilatın adı keçdiyi üçün bizə də, necə deyərlər, cavab və söz haqqı doğmuşdur. Xahiş edirik ki bu haqqımızı diqqətə alıb, bu məqaləni saytda verəsiniz.
İzah: 2017-ci ildə bir qrup gənc alimin təsis etdiyi "Gənc Alimlər" təşkilatının müvafiq ekspertlərinin qurduğu "Təhsil Araşdırmalar Mərkəzi"nun son aylarda mətbuatda gedən müstəqil və effektiv araşdırmaları, ən problemli yerlərdən biri olan Astara rayonu barədə olmuşdur. Məsələn, Astara üzrə koordinatorumuz Emin Aydın bəyin çoxlu saytlarda yayımlanan son müstəqil araşdırması, Astara Təhsil İdarəsi rəhbərində ciddi qıcıq yaratmışdır. (Mənbə: https://ovqat.com/manset2/29467-thsil-v-tlimd-zruri-3-amil-v-yaxud-rad-hsnovun-yal-ppkliyi.html ) Və bundan sonra, bizim təşkilata qarşı əcaib oyunlar başlamışdır. Bunlardan ən barizi, bir keçmiş jurnalist xanımı bizimlə görüşdürmək cəhdi olmuşdur. Guya bu yolla, bizim "məxfi" bilgilərimizi ələ keçirəcəklərmiş. Bizim əlbəttə hər rayonda əməkdaşlıq etdiyimiz müəllim və digər təhsil işçiləri ola bilər, lakin bunların kimliyini açıqlamaq məcburiyyətmiz yoxdur. Və onlar, yəni Astara Təhsil İdarəsi rəhbərliyi, həmin şəxslərin-bizə məktəb daxilindən bilgi verən şəxslərin adlarını öyrənib təbii ki onları cəzalandırmaq istəyirdilər. Lakin bu məqsədə nail ola bilmədilər. Onların əməkdaşlığa cəlb etdiyi Leman Adıgözəlova, öz jurnalist kanalları vasitəsilə onların Astaradakı gizli işlərindən xəbər tutubdur və beləcə, onları ifşa etməyə qərar veribdir. (Mənbə:
http://aktualinfo.org/2019/12/20/kecmis-jurnalist-leman-adigoz%c9%99lovanin-s%c9%99mimi-m%c9%99ktubu/ ) 20-yə yaxın sayt tərəfindən dərc edilən bu məktubda, bizim təşkilatın və Astara üzrə koordinator olan Emin Aydın bəyin adı çəkilir. Mən də "Gənc Alimlər"in üzvlərindən biri kimi, gündəmlə bağlı və ümumiyyətlə Astara təhsilinin son durumu barədə rayon üzrə təmsilçimizlə söhbət aparmışam. Söhbəti qeydə alıb, sizə göndəririk. Xahiş edirik ki, ən azından cavab haqqımız olması baxımından bu müsahibəni verəsiz.
Hörmətlə, gənc alim Erkin İsmayıl.
“TƏHSİL ARAŞDIRMALAR MƏRKƏZİ”NİN KOORDİNATORU EMİN AYDIN MİRZƏLİ, ASTARA TƏHSİL RƏHBƏRİ RƏŞAD HƏSƏNOVUN FƏALİYYƏTİNƏ QİYMƏT VERDİ
Arayış: Qeyd edək ki,“Təhsil Araşdırmalar Mərkəzi”, bir qrup gənc alimin toplaşdığı“Gənc Alimlər Təşkilatı”ilə birlikdə, aktiv fəaliyyətdə olduğu qısa müddət ərzində önəmli layihələr həyata keçirmiş və ciddi araşdırma və monitorinqlərlə fərqlənmişdir. Təkcə son 5 ay ərzində, mərkəzin fəaliyyəti barədə mətbuatda, 40-dan çox sayt və portalda, məlumat yer almışdır.
İntensivlik əsasında, xüsusi problemli bölgələrə fokuslanan təşkilat, son bir neçə ayda cənub bölgəsinin Astara rayonunda ciddi işlər görə bilmişdir.
Niyə məhz Astara?
Astara rayonu və onun təhsil durumu barədə, əlbəttə, onsuz da yetərincə müddətdir ki, medyada, ciddi problemlər və naqisliklərdən bəhs olunmaqda idi, lakin xüsusən də 2017-2018-ci tədris ilində baş verən və cəmiyyətdə, sosial şəbəkələrdə şok effekti yaradan olaylar, diqqəti, bu rayonun təhsilinə kökləməyimizə səbəb oldu. Cənub bölgəsinin ən ucqar və ümumiyyətlə, Azərbaycanın ən gözdən-könüldən uzaq yerlərindən biri olan bu dilbər guşənin təhsil və təlim durumu barədə ilk ağla gələn faktlardan biri-qız şagirdlərin, təhsildən daha çox yayınması və erkən evliliklə bağlıdır desək, yanılmarıq. Lakin 2017-2018-ci tədris ilində ortaya çıxan hadisələr, daha fərqli fazaları da əhatə edirdi və bunlar, rayon təhsilindəki durumun, hətta böhran həddində olduğunu göstərdi.
“Təhsil Araşdırmalar Mərkəzi”nin Astara rayonu üzrə koordinatoru Emin Aydın Mirzəlini öncə tanıyaq;
Rusiya Federasiyasında astaralı ailəsində doğulan Emin bəy, Türkiyədə təhsilini davam etdirmiş; sosiologiya, medya və əlaqələr sahəsində bakalavr və magistr təhsili almışdır. Azərbaycana qayıtdıqdan sonra, daim ictimai mövqeyi və fəallığı ilə seçilmiş, təhsillə bağlı bir sıra layihələrin hazırlanmasında aktiv iştirak etmişdir. Milli Elmlər Akademiyasında elmi işçi olaraq çalışmışdır. İctimaiyyət, elm və təhsillə bağlı mövzularda mətbuatda bir çox yazı və araşdırmaları dərc edilibdir. Dəyərli həmyerlimiz, 2017-ci ildə, bir qrup gənc alimlə birlikdə “Gənc Alimlər” təşkilatını yaratmışdır. Həmçinin, "Təhsil Araşdırmaları Mərkəzi”ndə çalışmaqdadır. Mərkəz, son zamanlarda Astara rayonunun təhsil məsələlərinə xüsusi diqqət ayırmaqdadır. Astara təhsili barədə aparılan son ciddi araşdırmanı əhatə edən “Təhsil və Təlimdə Zəruri 3 Amil” adlı məqalə, mətbuatda çoxlu saytlarda işıqlandırılıbdır. (https://milletinsesi.info/article/az/153372?dil=az )
Emin Aydın ilə Astara təhsilinin son durumu barədə söhbətləşdik. Müsahibəni, “Gənc Alimlər” təşkilatının üzvü Erkin İsmayıl apardı və qeydə aldı.
Emin bəy, xoş gördük. Ümumiyyətlə, maraqlıdır ki, Astara təhsili barədə uzun illərdir ki, mətbuatda müxtəlif yazılar getməkdə və çeşidli iddialar səsləndirilməkdə idi. Düzdür, nəticə etibarilə, təhsil şöbəsinin rəhbəri Qızbəs Məmmədova 2018-ci ilin iyununda nəhayət, vəzifəsindən getmək məcburiyyətində qaldı. Lakin, uzun illərdir ki, rayon təhsilində konkret və ciddi problemlərdən bəhs olunmaqda idi. Sizcə, niyə və hansı səbəblərə görə bu qədər müddət vəzifədə qala bildi? Həm də bir medya mütəxəssisi olaraq suala cavab vermənizi istərdim. Öncədən bir şeyi xahiş edim ki, mümkün qədər qısa və konkret formada suallarımıza cavab versəniz, yaxşı olardı.
-Əvvəla, ondan başlayım; haqlısız ki, Astara təhsili barədə yetərincə müddət idi ki, yazılı və elektron mətbuatda çeşidli və diqqətçəkən iddialar səsləndirilməkdə idi. Ədalət naminə deyək ki, bunların hamsının da həqiqəti əks etdirdiyini söyləmək çətindir, lakin təbii ki, əsas etibarilə, haqlı iradlar idi və konkret faktlardan da bəhs olunmaqda idi. Və göstərilən konkret problemlərdən çox az bir qismi, öz həllini tapmışdı. Hər şeydən əvvəl, təbii ki, Astara təhsilinin respublika üzrə göstəriciləri, sonuncu yerlərdədir və bu faktın özü, Q. Məmmədovanın fəaliyyətinə qiymət vermək üçün yetərlidir. Eyni zamanda, təhsildən yayınma və həmçinin, qız şagidlərin, evlilik və ya digər səbəblərlə, valideynlər tərəfindən yuxarı siniflərdən etibarən məktəbdən kənarlaşdırılması, ciddi məsələdir və zamanla müəyyən düzəlmələr olsa da, bu gün də bu mövzu, aktual olaraq qalır. Baxmayaraq ki, Astara Təhsilinin hazırki rəhbəri Rəşad Həsənov, 2018-ci ildə“Azadlıq” radiosunun müvafiq sualına cavab verərkən, problemin varlığını inkar etmişdi, lakin əlimizdəki faktlar, bunun əksini göstərir. Sualınıza gəldikdə isə; Qızbəs Məmmədovanın, hər şeyə rəğmən, uzun müddət Astara təhsilində “at oynada bilməsi”nin bir çox səbəblərini qeyd edə bilərəm. Birinci faktor budur ki, ümumiyyətlə vətəndaşlar, hətta bəzən jurnalistlər də problemlərdən bəhs edərkən, konkret faktlara və dəqiqliyə çox da önəm vermirlər, beləliklə də danışdıqları, təsirsiz və yüngül qalır, əslində haqlıykən haqsız vəziyyətə düşürlər. Yəni, tutalım, sən iddia edirsən ki, şagirdlərə pulla qiymət yazılır. Bunu, əlbəttə, söyləmək haqqına sahibsən. Lakin, konkret hansı məktəblərdə bu halın baş verdiyi barədə əlində sübutlar olmadan danışmaq, fikrimcə, məqbul deyil. Məsələn, biz “Təhsil Araşdırmaları Mərkəzi” olaraq, bildiklərimizin, əldə etdiyimiz məlumatların çox az bir qismini mətbuata açıqlamışıq. Çünki, təəssüf ki, bu və ya digər səbəblərdən, həqiqət olduğuna əmin olduğumuz məsələlərin bir çoxunda, lazımı sənəd-sübutlara çata bilmirik. Qayıdaq mövzuya; Qızbəs Məmmədovanın uzun müddət duruş gətirə bilməsinin səbəblərindən biri, effektiv və dolğun yazıların, sübutların medyada az yer olmasıdır. Digər mühüm səbəbi qeyd edim. Nə qədər ilginc olsa da, Azərbaycanda internetin real təsirləri, özünü yalnız son 3-4 ildə göstəribdir, xəbər saytlarının, sosial şəbəkələrin çoxdan var olmasına baxmayaraq. Yəni, məsələn, eyni bir xəbəri, 10 il əvvəl, deyək ki, 5 sayt verirdisə və xəbərin auditoriyası, yüzlərcə insan idisə, indisə eyni xəbəri, 50 sayt verir və auditoriya, yüzminləri keçir. Bu, çox önəmli bir amildir, ciddi fərq yaradan faktordur… Sözümü ona gətirirəm ki, Qızbəs Məmmədova, əgər 2004-cu ildə deyil, 2017-ci ildə rəhbərliyə gəlsəydi, kresloda nəinki 14 il, heç 3 il qala bilməzdi. Üstəlik, nəzərə alanda ki, artıq, 2019-cu ildən etibarən, ölkədə xüsusi şərtlər formalaşmaqdadır və qaçılmaz islahatlar prosesi getməkdədir; bunu söyləyə bilərik ki artıq, bir məmurun, bu dəqiqədən etibarən, çoxlu qanunsuzluqlar edərək, vəzifədə, nəinki uzun müddət qalması, hətta bir neçə il qalması da müşkülə çevrilməkdədir. Necə ki, Q. Məmmədova, sonrakı işində, cəmi bir neçə ay qala bildi. Uzağa getməyək, bir neçə həftə öncə, hamının gözlərinin qarşısında, ölkədə parlament buraxıldı və deputatların çoxu, yararsız hesab edildi. Şübhəsiz ki, növbəti Milli Məclisin əksər hissəsi, yenilənəcək. Ondan əvvəl isə bir çox yüksək çinli məmur, işdən çıxarıldı. Ən son, elə bu günlərdə, keçmiş və indiki icra başçıları və onların müavinlərinin həbs olunması, indiyəqədər baş verməmiş, şok bir hadisədir. Bu hadisələri, bu dəyişiklikləri, hakimiyyət, heç də kefindən etmir, bu riskləri elə-belə almır. Bunlar, qaçılmazdır və olmaması, sadəcə olaraq,
mümkün deyil. Odur ki, Astara Təhsilinə cavabdeh olan şəxslər də, başda Rəşad Həsənov olmaqla, ibrət götürməli və artıq, köhnə “ətalət dövranı”nın bitdiyini anlamalıdırlar. İndiki şəraitdə, pis məmurun işdən çıxması, artıq nadir deyil, təbii bir məsələyə çevrilməkdədir, bir azdan isə ümumiyyətlə, qaçılmaz məsələ olacaqdır.
-Emin bəy, əlinizdə Astara təhsilinin hazırki durumu barədə hansı faktlar var? Sizcə, Rəşad Həsənovun rəhbərliyə gəldiyi son 1,5 ildə nələr dəyişibdir? Təmsil etdiyiniz “Təhsil Araşdırmalar Mərkəzi”nin rayon təhsili barədəki araşdırmalarının ictimaiyyətə açıqlanması, hesabatlar nədən yubanır? Bu, hansısa təzyiqlərləmi, ya nəylə bağlıdır?...
-Astara təhsili ilə bağlı bizim, əlbəttə, hərtərəfli və geniş araşdırma və monitorinq aparmaq imkanımız məhduddur. Bu, yüksək maliyyə və çoxsaylı işçilər tələb edən bir məsələ olmaqla yanaşı, həm də müəyyən süni əngəlləri olan bir işdir. Bildiyiniz kimi, məktəb daxilində monitorinq aparmaq üçün təhsil şöbəsinin icazəsi lazımdır. Konkret olaraq, Astara Təhsil Şöbəsindən bu icazəni almağın, bir müstəqil təşkilat üçün çox müşkül məsələ olduğunu söyləməyə ehtiyac yoxdur. Odur ki, fəaliyyətimizi, bir mənada, “partizan” üsuluyla həyata keçirməkdəyik, məktəbdən kənarda və anonimliyə əsaslanaraq işlər aparmaqdayıq. Buna, sadəcə olaraq, məcburuq. Adicə bir fakt deyim: feysbukda, “Astaranın Gənc Alimləri” səhifəsinin adminləri və astaralı gənclər, bu ilin avqust ayında Rəşad Həsənova müraciət edərək, görüş istədilər. Bu istək, bir neçə dəfə təkrarlansa da, qarşı tərəfdən heç bir reaksiya, cavab gəlmədi. Bundan bir neçə gün sonra, təşkilatımız adından, Rəşad bəyə müraciət etmək istədik; əvvəlcə, rəsmi elektron ünvana yazdıq, lakin Astara RTŞ-nin e-ünvanının məktub qəbul etmədiyini gördük. Daha sonra, Rəşad bəyin rəsmi feysbuk səhifəsinə dostluq göndərdim, qəbul etmədi. Mesaj yazdım, cavab gəlmədi. Sonra bu səfər Astara RTŞ-nin rəsmi fb səhifəsinə yazdım, lakin cavab gəlmədi ki, gəlmədi… Yəni, “görünməz bir rəhbər”lə üz-üzəyik, təəssüf ki. Bütün bunlar, düşündürücüdür; görəsən, Astara RTŞ sədri, otağında, eyni adamı, dəfələrlə qəbul edəcək qədər vaxtı olduğu halda, təhsil təşkilatlarına niyə 2 dəqiqə vaxt ayıra bilmir?... Yaxud da dostluğuna, yüzlərcə fərqli şəxsləri qəbul etdiyi halda, niyə təhsil mütəxəssisini qəbul etmir?... Yeri gəlmişkən, Rəşad bəyin bu yaxınlarda verdiyi müsahibədə, ilginc nüanslar diqqəti cəlb edir. Ən birinci, müsahibənin, yazılı formada verildiyini nəzərə alanda, yazdığı fikirlərdə, sadə qrammatik qaydalara belə, bəzən əməl olunmadığını görürük. Daha qəribəsi isə budur ki, fikirlərdə, aşkar ziddiyət, məntiqsizlik diqqəti cəlb edir. Eyni zamanda, faktlardan yoxsun, quru sözlər yığınını görməkdəyik. (Müsahibənin linki ilə tanış ola bilərsiz: http://azedu.az/az/news/23046?fbclid=IwAR0FYCVbDgiZ4PA3nCf9Ykdv2k355a95BkKQ4wsL0yvsunsmA64DpqG-xz8 ) Sitat: “Bugünəcən cəmi bir məktəb direktoru qaydalara uymayıb. Yoxlama apardım, həmin məktəbdə MİQ-dən kənar müəllim aşkarladım. Bundan əlavə, 3 şagirdin adı olsa da, özü olmadığını aşkarladım. Həmin direktor barədə çox sərt tədbir gördüm. Onun haqda məlumatı birbaşa nazirliyə təqdim etdim. Sağolsun, cənab nazir onun işdən azad edilməsinə kömək etdi.”
Sual olunur: doğrudanmı, yalnız 1 direktor qaydalara uymayıb? Və yalnız 1 müəllim MİQ-dən kənar işə girib? Yaxud da doğrudanmı, adı olub, özü olmayan şagird sayı, cəmi 3-dür? Əgər elədirsə, onda vəziyyət, necə deyərlər, “super” olmalıdır, axı…. Və ilgincdir ki, cənab Həsənov, sözlərinin davamında, əvvəlki fikirlərini, elə özü şübhə altına alır: “Əksər direktorlar isə yeni qaydaları qəbul edərək işləmək həvəsinə düşüblər”. Rəşad bəy, sadə bir şeydən xəbərsizdir ki, “Əksər” sözü, 1 nəfərə qarşı işlənə bilməz, deməli, özü özünü inkar edərək, qaydalara uymayan direktorların, 1-dən çox olduğunu etiraf edir…
Ümumiyyətlə, müsahibənin gedişatında, bu cür əcaib və anlaşılmaz fikir və ifadələrə, yetərincə rast gəlmək olar. Məsələn, ən sonda, cənab Həsənov, bu cür ifadə işlədir: “Astarada vətənpərvərlik çoxdur. Əsasən də dağ məktəblərində vətənpərvərlik pik həddədir…”
Rəşad bəy, əgər desəydi ki, “Astarada limon, mandarin çoxdur”, bu halda, fikir, məntiqli çıxardı. Lakin, vətənpərvərlik, axı limon, ya da mandarin kimi bir şey deyil ki, onu, bəsit bir miqdar vahidiylə ölçəsən; “çox”, “pik həddə” dərəcələri ilə müəyyən edəsən. Vətənpərvərlik, elə bir şeydir ki, ya yetərincə olur, ya da olmur. “Həddən ziyadə”, yaxud “pik həddə” ola bilməz.
Yaxud da qeyd edir ki, məndən öncə 10 il ərzində heç bir şagird, fərqlənmə attestatı ala bilməyibdir, məhz məndən sonra 3 şagird alıbdır. Ümumiyyətlə, son 1 il ərzində şagirdlərin hansısa ciddi uğurlarından bəhs edir. Halbuki, sadə məntiq deyir ki, 1 il ərzində, ciddi uğur, adətən olmur, ciddi uğur üçün azı 3-4 il lazımdır. Yəni, tutalım, 10-cu sinfə qədər zəif olan bir şagird, 11-ci sinifdə dönüş etmir. Edirsə də, bunu Rəşad Həsənov istədiyi üçün ya da hansısa islahatlardan razı qaldığı üçün etmir, başqa səbəblərə görə edir. 1 il, şagirdin nəticələrinə təsir baxımından, qısa zaman kəsiyidir. Cənab Həsənov, fəaliyyətdə olduğu 2018-2019 tədris ilində, görəsən, necə bir sehr edib ki, 1 il ərzində şagirdlər, dəyişiliblər, yaxud da 10 il ərzində bircə dənə fərqlənmə attestatı alan olmadığı halda, birdən-birə 3 nəfər alıbdır? Məntiq deyir ki, əgər həqiqətən də bu il, hansısa uğur olubsa, bu uğurda daha çox pay, məhz 2018-ci ilə qədərki rəhbərliyə aiddir.
Sadə məntiq qaydalarından xəbərsiz olan Rəşad Həsənov, daima hansısa islahatlar etdiyindən, ya da edəcəyindən danışır. Amma, ilk islahatı, öz üzərində etsə və kitab oxusa, ən azı özü üçün yaxşı olardı… Görünür ki, təhsilə yad olmaqla yanaşı, hətta adi mütaliəsi də zəifdir.
-Emin bəy, bu günlərdə daha bir ilginc hal baş verdi. Belə ki, Astara Təhsil Şöbəsinin rəsmi səhifəsində mənfi rəy yazan və Rəşad bəy və onun köməkçisi barədə konkret iddialarla çıxış edən bir şəxsin rəyi, düz 2 dəfə silindi. Və həmin rəy yazan xanım, bu və digər məsələlər barədə skrinşotları artıq bir çox yerlərə təqdim edibdir. Onun Astara RTŞ-yə ünvanladığı həyəcanlı məktub, bu gün etibarilə, artıq çoxlu portal tərəfindən dərc edilibdir. Orda Rəşad bəyin baş məsləhətçisi barədə şok iddialar yer alır. Rəşad bəy ona “məhkəməyə müraciət et” deyə “məsləhət” veribdir…
-Bəli, həmin yazıda, iddiaçı tərəf kimi çıxış edən xanımın adını gizlətməyə, fikrimcə, ehtiyac yoxdur: Leman Adıgözəlova. Bakı sakini olan bu xanım, bizim təşkilata da müraciət etmişdi. Əlində, konkret sübutların olduğunu görmüşdük, lakin bəzi səbəblərdən, gözləmə mövqeyində qalmağa üstünlük verdik. Qeyd edim ki, bu xanım, Rəşad bəyin məsləhətçisinin tanışıdır və konkret feysbuk yazışmaları da bunu təsdiq edir. O, həmin məsləhətçinin qeyri-adekvat əməllərindən xəbərdar olandan sonra, ondan uzaqlaşmağa və onu ifşa etməyə qərar veribdir. Və bunu da əlavə etməliyəm ki, söhbət, həm də bizim təşkilatdan-“Təhsil Araşdırmalar Mərkəzi”ndən və rəhbərlərindən gedir. Görünür ki, Rəşad bəyin baş məsləhətçisi, bizim təşkilatın hansısa “məxfi” məlumatlarını, bizimlə əməkdaşlıq edənlərin adlarını ələ keçirmək üçün bu xanımı, bizimlə görüşdürməyə çalışıbdır. Guya ki, bizim təşkilat, müxalif təşkilatdır və Astaranın məmurlarını tənqid edir və s... Rəşad Həsənovun baş məsləhətçisi, onun özündən də savadsızdır, ona görə də elə bilir ki, müstəqil olmaq və məmuru tənqid etmək, dövlətə qarşı çıxmaqdır…Bununla, eyni zamanda, ola bilsin ki, bizə məktəb daxilindən bilgi verən, bizimlə əməkdaşlıq edən müəllimlərin və şagirdlərin adlarını bilmək, onları cəzalandırmaq da
istəyirdi. Hansı ki, bizə, məktəb daxilindən bilgi verilməsi, heç də qanunazidd bir şey deyil. Və həmin xanım, öz jurnalist kanalları vasitəsilə, həmin baş məsləhətçinin gizli əməllərini öyrənə bilibdir və düzgün yolda olmadığını anladığı üçün onunla əməkdaşlıqdan imtina edibdir. Və bu barədə Rəşad bəyin özünə də feysbukda yazıb müraciət edibdir, əlində sübutlar olduğunu deyibdir, lakin aldığı cavab, əlaqəsiz, hətta gülməli bir cavab olubdur. Söhbət, hansı sübutlardan gedir və həmin şəxs, hansı əməllərin sahibidir; sözügedən açıq məktubda, bunları görmək olar. “Leman Adıgözəlovadan Astara RTŞ rəhbərinə məktub” yazın, çıxacaq. Qeyd etməliyəm ki, biz, Rəşad bəyin həmin baş məsləhətçisi və onun əməlləri barədə çoxdan məlumatlı idik, sadəcə olaraq, hələki bu barədə danışmamağa qərar vermişdik, lakin özünün, o xanıma etdiyi etiraflar, açığını desək, bizim işimizi də bir xeyli yüngülləşdirdi… O şəxsin, daha öncə direktor olarkən, hansı oyunlardan çıxdığını, hansı özbaşınalıqları etdiyini, Rəşad bəyin, onu keçən il necə direktorluqdan çıxarmağa məcbur qaldığını gözəl bilirik…. Və onu da əlavə edim ki, o şəxsin, konkret olaraq direktor olarkən, öz işçisini ağır şəkildə təhqir etməsi və hədələməsinin səsyazısı da yutubda var, sadəcə hələki çoxları o audiodan xəbərdar deyil… O şəxsin, həmçinin 2017-ci ildə, məktəbdə, 26 fevraldan bir neçə gün öncəki tarixi, yəni Sovet qoşunlarının yaranma tarixini, “Kişilər Günü” kimi keçirəcək qədər və dövlətə, xalqa qarşa gələcək qədər yaramaz birisi olduğunu çoxları bilmir. Və məsələnin digər dramatik aspekti budur ki,“Elina hadisəsi”nə bənzər bir dəhşəti, biləvasitə 9-cu sinif şagirdi G.B.-ya yaşatdığını, hətta məhz həmin anormal tədbirə etiraz etdiyi üçün yaşatdığını və şagirdi, hər kəsin qarşısında ağır şəkildə təhqir etdiyini, bununla da ürəyinin soyumadığını, anası ilə birgə otağına çağırtdırıb üzr istəddiyini, anasının (o məktəbdə müəllimədir) dərs saatlarını kəsdiyini çoxları bilmir. Həmin qızcığazın psixoloji travma aldığından və məktəbi dəyişmək durumunda qaldığından da insanlar xəbərsizdir. O psixopat direktorun, 1 il sonra, məktəbin psixoloquna da hansı oyunlar qurduğunu, ona otaq verməməklə fəaliyyətini iflic etdiyini, utanmadan da fəaliyyətsizlikdə ittiham etdiyini, haqsızlığa qarşı mübarizə apardığı üçün məktəbdən qanunsuz şəkildə çıxardığını çoxları bilmir. Və onu da bildirim ki, bizim əməkdaşın, həmin keçmiş direktorla, 2019-cu ilin iyul ayında, telefon danışığımız olubdur və söhbət zamanı, özü də bəzi şeyləri etiraf edibdir. Eyni gündə, onun keçmiş müavini (indiki direktor) ilə də telefonla söhbətimiz olubdur və o da həmin bu hadisələri, direktorun etdiklərini etiraf etməli olubdur. Sözün həqiqi mənasında, yaramaz və psixopat birisindən söhbət getdiyini demək lazımdır. Rəşad bəyin bu “manyak” işçisinin, bizə telefonda dediyi digər tükürpədici sözləri də qeydə almışıq, hansı ki, psixoloqa otaq verməməsinin doğru iş olduğunu deyərək, “uşaqları çox istəyirsə, aparıb evində məşğul olsun” deyir. Bu qədər ağılsız bir insanın təhsil sahəsində və özü də Təhsil İdarəsində baş məsləhətçi olması, tragikomediyadır. Rəşad bəy, bu “baş məsləhətçi”nin hansı məsləhətinə, hansı ağlına ehtiyac duyur, görəsən, maraqlıdır…. Və əlavə edim ki, o, tanışı Leman Adıgözəlovaya da etiraf edibdir ki, məktəbdən işçini qovarkən “elə edirəm ki, elə bil cinayət edibdir”…. Saytlarda gedən skrinşotlarda bu da aşkar şəkildə görünür….
Əmin olun ki, biz heç kimdən və heç nədən çəkinmirik və hesabatların yubanmasının başqa səbəbləri var. Özünüz də görəcəksiz ki, tezliklə bütün ölkəyə əks-səda verəcək hesabatları və o cümlədən, konkret səsyazılarını da, bütün sübutları da tezliklə ictimaiyyətə açıqlayacağıq, həmin keçmiş direktor-hazırki baş məsləhətçi şəxsin kimliyini də, qanunsuzluqla işdən çıxardığı psixoloqun da kimliyini, həmçinin, bullinqə məruz qalan şagirdin kimliyini də (şagirdin yetkinlik yaşına çatdığını və özünün icazəsi olduğunu nəzərə alıb), tezliklə açıqlayacağımıza söz veririk! O zaman cənab Rəşad Həsənov da bəlkə öz məsləhətçisini daha yaxşı tanımış olacaqdır…Hərçənd ki, özünün, bu işlərin hamsından xəbərdar olduğuna əminik…Hər şeyin öz zamanı var və hazırda baş verənlər də göstərir ki, gözləməkdə haqlı imişik…
Söhbətləşdi: Erkin İsmayıl