Elçin Şıxlı: “Prezidentin dedikləri tam doğrudur”

25-12-2019, 09:47           
Elçin Şıxlı: “Prezidentin dedikləri tam doğrudur”
Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın hərəkətləri ilə bağlı ifadə etdiyi mövqe tamamilə ədalətlidir və biz bu fikirləri dəstəkləyirik.

Bu sözləri Teleqraf.com-a “Ayna-Zerkalo” qəzetinin təsisçisi, siyasi analitik Elçin Şıxlı Azərbaycan dövlət başçısı İlham Əliyevin dünən yerli mətbuatda Dağlıq Qarabağ münaqişəsi, aparılan danışıqlar və Ermənistan tərəfinin mövqeyi haqda fikirlərini şərh edərkən deyib.

Analitik deyib ki, prezident bundan əvvəl də açıq elan edib ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verilməyəcək: “Doğrudan da, prezidentin dedikləri tam doğrudur. Gerçəkdən də Dağlıq Qarabağ probleminin həlli dalana dirənib. Paşinyan hakimiyyətə gəldikdən sonra biz düşündük ki, problemin həlli yerindən tərpənə bilər. Ancaq təəssüflər olsun ki, erməni hakimiyyəti tərəfindən addım atılmadı, dəyişiklik olmadı. Və Paşinyan hakimiyyətdə qalmaq üçün bir-birinə zidd bəyanatlar verdi. Paşinyan indi Ermənistan daxilində Qarabağ klanı ilə mübarizə aparır və bu mübarizəni uduzmamaq üçün Sərksiyan və Köçəryandan da irəli gedərək populist şüarlar səsləndirir. Ancaq Paşinyanın özünü belə aparması nəticəsində problem öz həllini tapa bilmir. Bizim də konkret mövqeyimiz var və cənab prezident bu mövqeyi bəyan etdi. Biz Azərbaycanın mövqeyini qoruyacağıq və bunu qorumaq üçün də Azərbaycan güclənməlidir. Azərbaycanın güclənməsi istiqamətində hazırda böyük addımlar atılır.

Azərbaycan Dağlıq Qarabağ erməniləri üçün güclü, zəngin, demokratik ölkə olacaqsa, onlar zəngin bir dövlətdə yaşamağa üstünlük verəcək. Çünki biz ermənilərin xislətinə bələdik. Baxın, ermənilər yaxşı həyat axtarışında Amerikaya qədər gedib çıxıblar. Az qala Amerikada ermənilərin sayı Ermənistanda olan ermənilərin sayından çoxdur. Bu yaxşı həyat dalınca gedən ermənilərin sayıdır. Ermənilərin belə bir damarı var. Biz bunu tutmalıyıq. O mənada yox ki, bizimlə birgə yaşamaları üçün ürəyimiz gedir. Sadəcə elə etməliyik ki, onların əlində əsassız səbəb qalmasın”.

Bununla belə Elçin Şıxlı vurğulayıb ki, tarixi həqiqəti hər kəs bilir: “Biz bunu bilirik və daim yadımızda saxlayırıq. Döyüşlə, qanla alınan ərazi yalnız döyüşlə geri qaytarıla bilər. Düzü budur, amma siyasət də işlətmək lazımdır. Biz də bunu edəcəyik. Cənab prezident də bunu söyləyir. Amma Azərbaycan müharibə variantına da hazırdır və aprel hadisələri bunun açıq nümunəsidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.