İlham Əliyev 5 sərəncam, 2 fərman imzaladı

31-01-2020, 20:21           
İlham Əliyev 5 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 5 sərəncam, 2 fərman imzaladı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fuad Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

GUNDEMİNFO.AZ sərəncamın mətnini təqdim edir:

“Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Fuad Yusif oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilsin”.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şahin Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Şahin Məhərrəm oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Maqomed Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə Maqomed Səidoviç Qurbanov “Şöhrət” ordeni ilə təltif edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Beyləqan rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Beyləqan rayonunun əhalisi 41194 nəfər olan 10 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 12 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün nəzərdə tutulmuş vəsaitin 840,0 (səkkiz yüz qırx) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında, 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də və 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28; 2002, № 8, maddə 495; 2005, № 12, maddə 1111; 2007, № 12, maddə 1241; 2008, № 5, maddə 363; 2010, № 2, maddə 80; 2017, № 8, maddə 1518; 2018, № 2, maddə 170, № 11, maddə 2249; 2019, № 1, maddə 75, № 8, maddə 1403) 3.23-cü bəndində “yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, inzibati ərazi dairələri üzrə nümayəndəliklər və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər” sözləri “Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; 2018, № 2, maddələr 191, 215, № 3, maddə 427, № 4, maddə 659, № 7 (I kitab), maddə 1462, № 10, maddə 2017, № 12 (I kitab), maddələr 2538, 2596; 2019, № 3, maddə 406, № 4, maddə 655, № 5, maddələr 820, 826, 848, 852, 857, № 6, maddə 1037) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.5-ci bəndinin birinci cümləsindən “dövlət büdcəsindən maliyyələşən” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 226; 2017, № 12 (I kitab), maddə 2335; 2018, № 4, maddə 661; 2019, № 4, maddə 655) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 1.1-ci bəndində “dövlət büdcəsindən maliyyələşən qurumların” sözləri “orqanların” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının 3-cü hissəsini nəzərə alaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə indiyədək qəbul olunmuş Azərbaycan Respublikası qanunlarının tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanlarında dəyişiklik edilməsi və ya onların ləğvi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

***

İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1511-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 aprel tarixli 627 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1511-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsində “orqanlar (qurumlar)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları və onların strukturuna daxil olan qurumlar, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

1.2. həmin Qanunun 7.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzərdə tutulur.

2. “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1511-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 aprel tarixli 627 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 627) 2.3-cü bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.4-cü və 2.5-ci bəndlər əlavə edilsin:

“2.4. həmin Qanunun 6.1.4-cü maddəsində “orqanlar (qurumlar)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları və onların strukturuna daxil olan qurumlar, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

2.5. həmin Qanunun 7.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzərdə tutulur.”.

3. Azərbaycan Respublikasının Hesablama Palatasının və prokurorluq orqanlarının binalarına Azərbaycan Respublikasının Dövlət Gerbinin qabarıq təsvirinin vurulması tövsiyə edilsin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.