Intiqam hissini cilovlaya bilməyən təhsil eksperti Dərs öyrənmək ayrı şeydir,“1001 gecə nağılları”nı oxumaq başqa şey

20-12-2015, 12:58           
Intiqam hissini cilovlaya bilməyən təhsil eksperti Dərs öyrənmək ayrı şeydir,“1001 gecə nağılları”nı oxumaq başqa şey
Söz güləşdirməyi heç xoşlamamışam, bunu bəzi şou əhli nümayəndələrinin dedi-qodu, qalmaqal yaratmaqla gündəmə gəlmək vasitəsi kimi qəbul etmiş və qiymətləndirmişəm. Bununla belə söz altında qalmaq da xarakterimə yaddır.O ki, qaldı bu nahaq söz, rus demiş “ne posuşestvu” söz ola.

Bu günlərdə hörmətli professorumuz Şahlar Əsgərov “Bu düşüncəni dəyişsək məktəb də dəyişəcək” adlı diqqətçəkən yazısında fəaliyyətimizdə istifadə etdiyimiz terminlərin bəzilərinin dövrün tələblərinə cavab verməməsi ilə bağlı status paylaşıb və hesab edib ki, fəlsəfi baxımından oxumaq vasitədir, öyrənmək isə məqsəddir. Vasitə məqsəd kimi bizim şüurumuza yerləşdirilib. Çox təəsüf ki, bizim şagirdlərimiz məktəblərdə oxuyurlar, öyrənmirlər”. Professorun bu anlaşıqlı subyektiv fikirlərində nəsə bir qəbahət axtarmaq, bu fikirləri aşağılamaq, məsxərəyə qoymaq, bundan istifadə edib, təhsillə bağlı öz siyasi ambisiyalarını və mətləbə aid olmayan iddialarını yürütmək hansı ziyalı məntiqindən və ekspert təfəkküründən irəli gəlir, bunu heç cür başa düşmək olmur.

Eyni gündə, ard-ardınca bir neçə saytda Nabatəli Qulamoğlunun “Təhsilin intiqamı yaman olur” başlıqlı yazısı diqqətimi cəlb etməyə bilməzdi. Həmin yazıya bir qədər əvvəl “Azadlıq” qəzetində də rast gəlmişdim. Yazını hələ oxumamış “sensasion” başlıqdan ağlıma gələn ilk fikir o oldu ki, allah axırından saxlasın, deyəsən kimdənsə intiqam almaq, qisasçılıq kimi feodal düşüncəsi artıq təhsilimizə də sirayət edib, bundan xəbərimiz yox imiş.Yazı ilə tanış olduqdan sonra məlum oldu ki, mətləb tamam başqa imiş, söz güləşdirmək. Sən demə Nabatəli müəllimi bu mövzuda yazmağa təhsil ekspertləri vadar edibmiş: “Daha doğrusu, tanınmış alim Şahlar Əsgərov FB səhifəsində təhsilimizin geridə qalmasının günahkarı kimi tərcüməçiləri suçlayıb. Düzdür, hörmətli alim çıxış yolu qoyub. Etiraz eşidəndə deyəcək ki,o səbəblərdən birini deyib. Hörmətli ekspert Nadir İsrafilov da “tərcüməçilik pedaqoqikasına” girişərək problemə xüsusi yazı həsr edib.“

Başa düşə bilmirəm, “tərcüməçilik pedaqogikası” nədir, “girişmək” nə deməkdir, “oxumaq” sözünün çox mənalı söz olması, həm öyrənmək həm oxumaq sözlərinin çalarlarının müxtəlif və rəngarəngliyi, “Azərbaycan dilinin izahlı lüğəti”ndə hərfi tərcümə düzgün alınmadığına görə, nitqimizdə konteksdən asılı olaraq, tərcüməçilərin yerli-yerində onun ikinci mənasına istinad etmələri nə deməkdir. Bir sözün ayrı-ayrı lüğətlərdə on izahı olsa belə oxumaq ayrı şeydir, öyrənmək tamam başqa şey. Bunun üçün yeddi arxın suyunu qarışdırmağa ehtiyac yox idi. Bir tərəfdən də özünü ekspert adlandıran bir şəxsin ciddi bir polemikada jarqon və ara sözlər işlətməsi necə başa düşülməlidir? Belə çıxır ki, Nabatəli müəllim istisna olmaqla digərləri “sağ qulaqlarını sol əl ilə tuturlar” və “avtomobil görməyən türkmən” səviyyəsindədirlər. Bəri başdan deyim ki, son dərəcə uğursuz alınan bu cəhdin təkcə bir adı var: Millətə moizə oxumaq.

Nabatəli müəllim bilmirsə, bilsin və agah olsun ki, Nadir İsrafilov onun dediyi kimi “tərcüməçilik pedaqogikasına girişəndə” bu kimi məsələlər hələ heç müzakirə obyekti deyildi. Nadir İsrafilovun yüzlərlə yazısı Ümumittifaq miqyaslı “Sovetskaya pedaqogika”, “Narodnaya obrazovaniye”, “Bospitaniye şkolnikov” jurnallarında dərc olunub, məruzə tezisləri 50 dən artıq
Potsovet şəhərində dinlənilib və nəşr edilib. Hələ təhsil təcrübəsi və pedaqoji düşüncəsi məndən qat-qat artıq olan Şahlar Əsgərovu demirəm.

Digər tərəfdən hansısa bir tərcümə xətasına, təhsillə bağlı hər hansı bir məsələyə subyektiv fikir bildirmək, münasibət açıqlamaq nə vaxtdan qəbahət sayılıb. Təhsili qoyaq bir kənara, məgər gündəlik həyatımızda rastlaşdığımız bütün tərcümələri peşəkar və ideal hesab edirik? Bəzi filmlərdə və seriallardakı tərcümələri eşidəndə lap adamın əti tökülür.Tərcümə ilə bağlı bir fikrə iki cümləlik münasibət bildirmək üçün kicik bir yazının yarıdan çoxunu tutan avtomobili xarab olan türkmənin maşının dilini bilmədiyi üçün onun təkərlərini təpikləməsi ilə bağlı türkmən lətifəsindən misal çəkməyə nə ehtiyac var idi. Maşının dilini bilmək ayrı şeydir, rus dilini bilmək tamam başqa şey.

Birdən-birə nə baş verdi hörmətli ekspert? Misir Mərdanovun milyonları qatlayıb cibinə qoyaraq millətə kurikulum ideyasını (başqa söz tapa bilmədiyim üçün üzrlü hesab edin) millətə sırıyanda “Azadlıq” qəzetində Kurikiulumun iqtisadi səmərəsi haqqında ağız dolusu danışan Siz deyildiniz? Dərsə gəlməməyə görə valideynlərin 100 manat cərimələnməsi ilə bağlı layihəyə “Xural” qəzetində ikiəlli dəstək verib, xalqın ümumi əhval-ruhiyəsini öyrəndikdən sonra “Təhsildə Nardaran cəriməsi” adlı yazı ilə çıxış edıb, fikrininizi əks istiqamətdə dəyişən də, bəlkə Siz deyildiniz? Hələ, repetitorluğu az qala təhsilin “iksiri” səviyyəsinə qaldırmağınızı və digər müsahibə və şərhlərinizi demirəm. Sanki böyük bir faciə baş verib. Ağsaqqal və hörmətli professorumuz deyib ki, təhsildə bəzi terminlərin müasirləşdirilməsinə ehtiyac var.

Çox da başağrısı olmasın deyə Nabatəli müəllimə məsləhət görərdim ki, “təhsilin həddən artıq syasi yüklü olması, saxta seçkilərin məktəblərdə təlim- tərbiyə prosesini pozması, cəmiyyətin mənfi aurası ilə şagirdlərin tərbiyəsinin pozulması, Nardaran hadisələri, valyuta ehtiyatlarinin enməsi, neft-qaz resurslarının tükənməsi” və digər bu kimi baxışlarını paylaşmaq üçün yanlış hədəf seçib. Biz siyasətçi deyilik və öz işimizi yeri gələndə təhsilimizlə bağlı yaranan problemlərə diqqəti cəlb etmək və problemin həllinə əlimizdən gəldiyi qədər yardımçı olmaqda görürük. Dini siyasiləşdirib hələ də acısını çəkməkdə davam etdiyimiz bir vaxtda, heç olmasa təhsilimizə siyasi rəng verib özümüzə əlavə problem yaratmaqdan bir az usanaq.

Buna görə də kot Leopold demiş, rebyata davayte jit drujno.Rus cümləsi işlətdiyimə görə diqqətcil və tələbkar oxucularımdan bəri başdan üzr istəyirəm.

PS: Məqam düşmüşkən Şahlar müəllimin paylaşdığı daha bir təklifinə münasibət bildirmək istərdim. Razılaşıram ki, ibtidai məktəb, ibtidai sinif, ibtidai sinif müəllimi ibtidai hazırlıq və digər bu kimi təhsilimizdə yer alan terminlərin də dəyişdirilməsi məqamı artıq yetişib.Düzdür, baxmayaraq ki, ibtidai hərbi hazırlıq fənninin adı “Gənclərin çağırışaqədərki hazırlığı” ilə əvəzlənıb, bununla belə, bu adı da o qədər uğurlu hesab etmək olmaz.Hesab edirəm ki, ibtidaı sözü daha çox aşağılayıcı, ucuzlaşdırıcı mahiyyət daşıyır, dilimizdə bir növ ibtidai icma, ibtidai insanlar, tayfalar, qəbilələr kimi qədimliyi assosasiya edir. Nəzərə alsaq ki, dünyanın əksər dillərində bu ifadə başlanğıc, ilkin (naçalnaya) anlamına gəlir, müasirlik baxımdan və ilk dəfə məktəbə mübarək qədəmlərini qoyan balalarımızın sevnci naminə ibtidai təhsilin ilkin təhsil kimi qəbul olunması barədə düşünməyinə dəyər. Kimə kiçik görünsə belə zəncirin həlqələri nə qədər möhkəm və etibarlı olsa, hər halda təhsilimiz bundan ziyan çəkməz.

Yəqin ki, Şahlar müəllimin bu yeni təklifi ilə bağlı Nabatəli müəllimin mövqeyini bilmək də maraqlı olmamış olmaz. Nə deyirik, fikir prürializmi deyilən bir anlayış var.
Nadir Israfilov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.