Rus bölmələri ləğv olunarsa, şagird və müəllimlərin aqibəti necə olacaq? - AÇIQLAMA
Bu gün, 08:27

Məktəblərdə rus bölmələrinin tamamilə ləğvi ilə bağlı siyasi və ictimai çağırışlar fonunda vacib sual yaranır: bu qərar qəbul edilərsə, həmin bölmələrdə təhsil alan şagirdlərin aqibəti necə olacaq?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, əgər keçid mərhələli və planlı şəkildə aparılmazsa, onların psixoloji və akademik uyğunlaşmasında ciddi problemlər yaranacaq:
"Hazırda rus bölməsində oxuyan şagirdlərin əksəriyyəti 1-ci sinifdən rus dilində təhsil alır və bu dil onların əsas düşünmə və öyrənmə alətinə çevrilib. Bu dil mühitindən məhrum edilmə, həmin uşaqlarda motivasiya itkisinə, akademik uğursuzluğa və bəzən də məktəbdən yayınmaya səbəb ola bilər. Dünya təcrübəsində dil keçidləri məsələsində mərhələlilik prinsipi əsas götürülür. Məsələn, Qazaxıstanda rus bölmələrinin bağlanması deyil, bu bölmələrdə dövlət dilində tədrisin payının artırılması yolu seçildi. Özbəkistanda isə 2017-ci ildən etibarən rus dilində tədris olunan siniflərin sayı azaldılsa da, bu proses 10 illik bir transformasiya planı ilə həyata keçirildi. Hər iki ölkədə paralel olaraq müəllim hazırlığı, dərslik dəyişikliyi və psixoloji adaptasiya proqramları tətbiq olundu. Gürcüstanda isə 2010-cu illərdə rus bölmələrinin bir hissəsinin bağlanması nəticəsində azsaylı xalqlar arasında təhsildən yayınma halları 12 faiz artdı və bu qərar sonradan tənqid olundu".
Onun sözlərinə görə, Azərbaycanda bu keçid baş verərsə, ilk növbədə bu məktəblərdə çalışan 5000-dən çox müəllimin aqibəti məsələsi ortaya çıxacaq:
"Onların çoxu yalnız rus dilində dərs keçmək bacarığına sahibdir və dərhal azərbaycandilli siniflərə keçməsi mümkün deyil. Bu da həm müəllimlər üçün işsizlik, həm də məktəblərdə müəllim çatışmazlığı ilə nəticələnə bilər. Əgər əlavə olaraq nəzərə alsaq ki, ölkədə Azərbaycan dili fənni üzrə də müəllim çatışmazlığı var, bu zaman ümumi tədris keyfiyyəti aşağı düşəcək. Müsbət tərəfdən baxdıqda, rus bölmələrinin ləğvi və ya onların sayının azaldılması, dövlət dilinin möhkəmlənməsi və milli kimlik şüurunun güclənməsi baxımından əhəmiyyətli ola bilər. Azərbaycan dilində təhsil alanların sayının artması, ictimai-siyasi inteqrasiyanı sürətləndirə, milli birliyi gücləndirə bilər. Xüsusən bölgələrdə rus dilinin əsas kommunikasiya vasitəsi kimi qalmasının qarşısı alınar və ana dilinin ictimai statusu artar. Ancaq bu proses hüquqi, pedaqoji və psixoloji baxımdan ölçülüb-biçilmiş şəkildə aparılarsa, müsbət nəticələr verə bilər. Əks halda, şagirdlərin öyrənmə prosesində geriləmələr, müəllimlərin sosial narazılığı, valideyn etirazları və beynəlxalq təşkilatların tənqidi ilə nəticələnə bilər".
Ekspert əlavə olaraq qeyd etdi ki, mərhələsiz keçid həyata keçirilsə, təhsil sistemində qeyri-sabitlik yaranacaq.
"Şagirdlərin akademik nəticələri aşağı düşəcək, müəllimlərin ixtisarı sosial gərginliyə səbəb olacaq. Bunun əvəzinə nə dəyişməlidir sualına cavab isə budur: dövlət yeni təhsil strategiyasında rus bölmələrini ləğv etmək əvəzinə onları ikidilli sistemə keçirməlidir. Məsələn, ibtidai siniflərdə Azərbaycan dili əsas tədris dili, rus dili isə əlavə dərinləşdirilmiş xarici dil kimi tədris edilə bilər. Müəllimlər üçün təkmilləşdirmə kursları, şagirdlər üçün isə hazırlıq mərhələsi təşkil edilməlidir. Bütövlükdə, milli dilin möhkəmlənməsi təhsil siyasətinin mərkəzində dayanmalıdır, lakin bu proses insan hüquqları və pedaqoji prinsiplərə əsaslanmalıdır. Rus bölmələrinin birdəfəyə bağlanması əvəzinə mərhələli və sosial cəhətdən ədalətli keçid strategiyası hazırlanmalıdır. Təhsil siyasəti yalnız siyasi qərarlarla deyil, elmi əsaslandırılmış yanaşma və beynəlxalq təcrübəyə söykənən çevik modellərlə idarə olunmalıdır", - deyə K.Əsədov vurğuladı.