Putini "axtarışa verən" şəxsi məhkəmə psixiatriya xəstəxanasına göndərib

4-07-2025, 09:38           
Putini "axtarışa verən" şəxsi məhkəmə psixiatriya xəstəxanasına göndərib
Rusiya prezidenti Vladimir Putini "lovğa cırtdan" adlandıraraq "axtarışa verilməsi" ilə bağlı elan yayan Sankt-Peterburq sakini psixiatriya xəstəxanasına müalicəyə göndərilib.

Sankt-Peterburqun Krasnoselski rayon məhkəməsi siyasi nifrət motivli xuliqanlıq işi üzrə 39 yaşlı Qriqori İvanenkoya ixtisaslaşdırılmış psixiatriya xəstəxanasında məcburi müalicə təyin edib. Bu barədə "Mediazona" məhkəmənin mətbuat xidmətinin açıqlamasına istinadən yazıb.

İvanenko 2024-cü il mayın 31-də saxlanılıb. İstintaqın məlumatına görə, o, Krasnoselski rayonunun hərbi komissarlığının stendinə Rusiya prezidentinin "axtarışda" olduğunu elan edən vərəq yapışdırıb. Putinin tutulmasına kömək edəcək şəxsə bir milyon rubl mükafat vəd edib.

"Memorial" yazıb ki, İvanenkonun yapışdırdığı vərəqdə həbsxana geyimində bir şəxs təsvir olunmuşdu və polis həmin şəxsin Vladimir Putinə bənzədiyini hesab edib. Vərəqdəki mətnə görə, axtarışda olan "təhlükəli dövlət cinayətkarı" aşağıdakı xüsusi əlamətlərlə xarakterizə olunurdu: "lovğa cırtdan, hay-küylü, kinli, ətrafdakıların fikrinə qarşı son dərəcə etinasız".

2024-cü ilin sentyabrında məhkəmə-psixiatriya ekspertizası müəyyən edib ki, İvanenko "xroniki sayıqlama pozuntusu şəklində xroniki psixi pozğunluqdan əziyyət çəkir". İbtidai istintaq zamanı o, məhkəmənin qərarı ilə psixiatriya xəstəxanasında saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru