Varidatı az olan bankları nə gözləyir? - Bazardakı “əsas üçlük” onları da alacaq?

1-06-2020, 17:10           
Varidatı az olan bankları nə gözləyir? - Bazardakı “əsas üçlük” onları da alacaq?
Xəbər verildiyi kimi, mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 5-nin bu il aprelin 1-nə aktivləri 1 milyard manatdan çox olub.

Belə ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (8 milyard 880 milyon 952 min manat), "PAŞA Bank" (4 milyard 759 milyon 677 min manat), "Kapital Bank" (4 milyard 412 milyon 658 min manat), "Xalq Bank" (2 milyard 282 milyon 872 min manat) və "Bank Respublika"dır (1 milyard 344 milyon 750 min manat). Qalan 23 bankdan 21-nin aktivləri 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankın aktivləri isə 100 milyon manatdan azdır.

Maraqlıdır, digər banklar gələcəkdə aktivləri ən çox olan sözügedən 5 banka birləşdirilə bilərmi?

Cebhe.info-ya açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib ki, bankın aktivləri əsas faktor olsa da, həlledici deyil:

“Bank aktivləri dedikdə onun əmlakı və verdiyi kreditlər başa düşülür. Yəni onun mülkiyyətində nə qədər əmlak, əşya var və nə qədər kredit verir. Məsələn, nümunə olaraq deyək ki, filan qəzetin oxucuları çoxdur, amma onun işçiləri də çoxdur. Yəni qəzet nə qədər çox qazanırsa, o qədər də çox xərcləyir. Bankın aktivləri də belədir. Bank daha çox əmanət götürür, daha çox kredit götürür və bunun hesabına daha çox kredit verir. Bank çox əmanət qəbul etdiyi üçün çoxlu kredit də verir və beləliklə onun aktivi böyük olur. Bir də bu aktivlərin sağlamlığı məsələsi var. Yəni bank verdiyi krediti qaytara bilkəcəkmi? Bağlanan banklar arasında ən böyüklərindən biri “Bank Standart” olub. Bu bank aktivlərinə görə həmin dövrdə ikinci yerdə idi. Yəni aktivin çoxluğu ilə bərabər onun sağlamlığı da əsas məsələdir. Ola bilər ki, bank kiçikdir və aktivi aşağıdır, amma sağlamdır. Yəni həmin kiçik bankın digər banklarla müqayisədə aktivləri də azdır, amma problemləri də azdır. Bu baxımdan aktiv göstəricisi vacib olsa da, həlledici faktor deyil”.

Ekspert əlavə edib ki, gələcəkdə kiçik banklar, "Azərbaycan Beynəlxalq Bankı"na, "PAŞA Bank"a, və "Kapital Bank"a birləşdirilə bilər:

“Ötən mətbuat konfranslarının birində Elmar Rüstəmov da dedi ki, sistem əhəmiyyətli banklar var. Sistem əhəmiyyətli bankların özəlliyi isə ondan ibarətdir ki, onların nə problemi olursa-olsun, dövlət bunların bağlanmasına imkan vermir. Çünki onların aktivləri çoxdur və fəaliyyəti genişdir. Əgər həmin sistem əhəmiyyətli banklar bağlanarsa, bank sistemi üçün problem olar. Necə ki, 3 il əvvəl “Beynəlxalq Bank” faktiki olaraq müflisləşmişdi. O zaman dövlət onu xilas etmək üçün 3 milyard 300 milyon dollar pul verdi. Buna həmin banka hədiyyə etdi. Yəni aktivlərinin digər banklara nisbətdə ən çox olmasına baxmayaraq görürük ki, əslində bu bank elə də yaxşı idarə olunmur. Amma sistem əhəmiyyətli bankdır. Siyahıda əsas yerdə beş bank göstərilir. Bunlara ilk onluq da demək olar. Amma mən bu banklara, yəni "Azərbaycan Beynəlxalq Bankı", "PAŞA Bank", Kapital Bank", "Xalq Bank" və "Bank Respublika"larına ilk beşlik yox, üçlük deyərdim. Çünki əsas banklar "Azərbaycan Beynəlxalq Bankı", "PAŞA Bank", Kapital Bank”dır. Fikir versək görərik ki, ilk üçlüyün aktivləri ən çoxdur və əsas onlardır. "PAŞA Bank"la Kapital Bank”ın aktivləri ayrı-ayrılıqda 4 milyarddan çoxdur. Onlardan sonra isə "Xalq Bank" və "Bank Respublika” gəlir ki, bunların da hərəsinin aktivi 1 milyarddan çoxdur. Yəni “Beynəlxalq Bank”ın aktivləri daha çoxdur. Ondan sonra gələn "PAŞA Bank", Kapital Bank”ın aktivləri isə digərlərindən çoxdur. Bu baxımdan da şəxsi qənaətimə əsasən deyə bilərəm ki, sistem əhəmiyyətli lider banklar sadaladığımız ilk üçlükdür. Yəni "Azərbaycan Beynəlxalq Bankı", "PAŞA Bank", Kapital Bank”dır. İstisna deyil ki, gələcəkdə hansısa banklar bu 3 bankla birləşə bilər. Amma qaldı ki, "Xalq Bank" və "Bank Respublika”ya, onlar elə də güclü banklar deyil. Çünki bu banklar aktivlərinə görə onlardan sonra gələnlərdən elə də fərqlənmirlər. Bu iki bank orta səviyyəli banklardır və düşünmürəm ki, digər banklar gəlib onlara birləşsinlər. Əsasən digər bankların birləşdirilmə ehtimalının ən çox olduğu ilk 3 bankdır”.
0












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.