Sürücülük imtahanının qiyməti də “üzən məzənnə”yə keçib
12-01-2016, 00:01
Müəllimlər maaşsız, Ordu kadrlarsız qala bilər
infom.az : Sovetlər dönəmində daha çox “DOSSAF” kimi tanınan Orduya, Aviasiyaya və Donanmaya Könüllü Yardım Cəmiyyəti əsasən çağırışçıların sürücü kimi hazırlanmasında rol oynayıb. Avtomobil kurslarını bitirib imtahan yolu ilə sürücülük vəsiqəsi alan gənclər, orduda hərbi texnikaları idarə edib.
Respublikamız müstəqillik qazanandan və Milli Ordumuz yaranandan sonra da bu cəmiyyət müxtəlif adlar altında öz varlığını qoruyub saxlaya bilib. Bir müddət Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) adlanan təşkilat, 2012-ci ilin iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindinin tabeliyinə keçib. Sonradan “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC təsis edilib və KHVTİC-nin üzvləri bu qurumda fəaliyətlərini davam etdirməyə başlayıb.
Adı çəkilən MMC-nin hazırda respublikamızın şəhər və rayonlarında 70 təlim mərkəzi var.
Amma indi elə bir vəziyyət yaranıb ki, MMC-nin yerli şöbələri nə təlimçilərin maaşlarını ödəyə, nə də təlimə cəlb etdiyi gəncləri “mütəxəssis” kimi qəbul etdirə bilir.
Müəllimlər maaşsız, Ordu kadrlarsız qala bilər.
Bütün bu eyibləri “örtmək” isə ölkənin başqa bir güc orqanının yaratdığı korrupsiya bataqlığından keçir.. Müdafiyyə nazirliyi bir -1 nəfər çağırışçının sürücü kimi hazırlanmasına 255 manat pul ödəyir. Dövlət Xidmətinin yaratdığı MMC ən azı 10 min nəfərə yaxın sürücü hazırlamalıdır. “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” bu vəsaitlə yeni avtomobillərin və onların ehtiyat hissələrinin, yanacaq və sürtkü materiallarının alınmasından tutmuş təlimçilərin əmək haqqını ödəməyədək bütün xərcləri qarşılamalıdır.
Müəmmalı haldır ki, yerli şöbələrdə çalışan işçilər (müəllimlər) 2014-ci ilin sentyabrından bəri maaşlarını ala bilmirlər.
Nəzərə alsaq ki, 70 müəssənin hər birində ən azı 5 müəllim çalışır, bu hesabla təlimçilərin sayı 350 nəfərdən çox edir. 1 müəllimin aylıq əmək haqqı isə təxminən 150 manatdır.
“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC 2014-cü ilin sentyabrından bu yana hər məktəbə ən azından 35 min manat, ümumilikdə isə 2 milyon 500 min mantadan çox borcludr. Buna qədər isə yerli şöbələr ödənilən pulun yarısını nağdlaşdırılaraq geri qaytarmağa məcbur edilib.
Təəccüblü haldr ki, müəllimlər bir ildən çoxdur əmək haqqı almasalar da, səslərini çıxarmırlar. Onların bəziləri vəziyyətin nə vaxtsa yaxşılaşacağına ümid etmədiklərindən bu müəssisələrdən kənarlaşıb.
infom.az-a daxil olan məlumata görə DİN-in Şirvan rayonlararası 4 saylı qeydiyyat-imtahan bölməsində yenə narazılıq baş qaldırıb.
Bu dəfə etiraz səsini qaldıranlar valdeynlərdir. Mənbəmiz bildirir ki, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, Salyan və Neftaçala rayonlarındakı sürücülük məktəblərinin məzunları sonda sürücülük vəsiqəsi almaq üçün həmin bölmədə imtahandan keçməldir.
Valideyinlərlə məktəb arsında 2015-ci ilin əvvəlində əldə oluna ilkin razlaşmaya əsasən bir nəfərin imtahan pulu 650 manat idi. Amma manatın devalisysından sonra bu qurum da “tas”ı qaldırıb- imtahanın qiymətini indiki vaxt üçün 900 manat müəyyənləşdirib və “üzən məzənnə” elan edib. İndi valideyinlər çaş-baş qalıb.
Onların deməsinə görə, əvvəlki vaxtlar inək, qoyun satıb, yaxud bankdan kredit götürb uşağın “imtahan haqqı”nı ödəyə bilirdilər. İndi isə, DİN-in idarəsi qiyməti çoxları üçüm əlçatmaz həddə qaldırıb.
Üstəlik Arzu Rəhimov da məktəblərə rəsmi bildiriş göndrib ki, dövlət hesabına oxuyanlar 100 faiz sürücülük vəsiqəsi almasa, 1 ildir gecikən pul ödənilməyəcək.
Sovetlər dönəmində də “DOSSAF” kurslarında və polis idarələrinin imtahanlarında pul söhbəti olub. Amma o zaman məktəblərin maddi-texniki bazası, hətta yataqxanası belə olub, həqiqətən təlim keçilib, çağırışçılar orduya sürücü kimi tam olmasa da, qismən hazırlanıb.
Ölkəmiz müharibə vəziyyətində, torpaqlarımızın bir hissəsi işğal altında olduğu üçün hazırkı vaxtda Ordumuz üçün daha peşəkar kadrlara, əsil mütəxəssislərə ehtiyac var.
Hərbi texnikaların nə qədər baha, indiki həssas dövrdə əsgər həyatının isə nə dərəcədə qiymətli olduğunu izah etməyə ehtiyac yoxdur. Əgər bu kurslar formal xarakter daşıyırsa, yəni təlim keçilən çağırışçılar düzünəqulu imtahanla sürücülük hüququ qazanmaq iqtidarında olmursa, bu qədər büdcə vəsaitini çölə tökməyə dəyərmi?
Yaxud, mütəxəssis kimi hazırlanmayanlara pul qarşılığında sürücülük vəsiqəsi vermək cəmiyyət üçün növbəti problemlər yaratmaq deyilmi?
Hesab edirik ki, məsələnin ciddiliyi müdafiə və daxili işlər nazirlərini də düşündürməlidir. ... Arzu Rəhimov müəllimləri imtahanla hədələyir. Maraqlıdır, əgər hazırlanan “mütəxəssislər” imtahandan keçə bilməsələr, o, müəllimlərə ödənilməyəcək pulu öz sahibinə- dövlətə qaytaracaqmı?
Ümumiyyətlə, 14 aydır bu pul onda niyə yığılıb qalıb?
Əgər nağd şəkildə əldə olubsa, təkcə ABŞ dollarına çevirməklə bu müddətdə ən azı 1 milyon manat qazanmaq imkanı olub.
Doğrudanmı müəllimlərlə bağlanan müqavilədə əmək haqqının imtahanın nəticəsindən asılı olmağı ilə bağlı qeyd-şərt olub?
Bütün bunları araşdırmaq Baş Prokurorluqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə düşür. Ortada külli miqdarda dövlət vəsaitindən səmərəsiz, şübhəli məqsədlə istifadə, yüzlərlə insanın əmək hüququnun pozulması faktı var.