“Rusiya və Fransanın fikri bizi tam qane etmir” – AŞPA-nın Azərbaycan nümayəndə heyətinin sədrindən ilginc açıqlama!
14-07-2020, 18:53
![“Rusiya və Fransanın fikri bizi tam qane etmir” – AŞPA-nın Azərbaycan nümayəndə heyətinin sədrindən ilginc açıqlama!](/uploads/posts/2020-07/1594738460_1.jpg)
Mənfur düşmənlər təxribat törətməklə kifayətlənmirlər. Onlar öz əməlləri ilə qorxaqlığın, namərdliyin pik həddinə çatıblar. Belə ki, artıq mülki əhaliyə atəş açılır. Hətta dinc sakinlər arasında ölənlər də var. Tovuz rayonun Ağdam kəndinin sakini 1944 təvəllüdlü Əziz Əzizov da erməni gülləsinin qurbanı olub.
Beynəlxalq qurumlar, o cümlədən ATƏT-in Minsk Qrupu isə hələ də, necə deyərlər, “fil qulağında yatır” və deyəsən. Əks halda çoxdan reaksiya verməli idi.
Millət vəkili, AŞPA-nın Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov “Sherg.az”a açıqlamasında bildirib ki, ATƏT-in Minsk Qrupu mövqeyini konkretləşdirməlidir:
“Hazırda yoldayam, Qazaxa gedirəm. Əlbəttə, beynəlxalq qurumların mövqeyi ədalətli deyil. Minsk Qrupu danışır, amma mənasız və əhəmiyyətsiz. Sülh haqqında mücərrəd sözlər deyə-deyə vəziyyəti bu həddə çatdırıblar. Tam səmimi deyirəm, ATƏT son vaxtlar işğalçı qüvvələrin əlində alətə çevrilib. Bu qurum iyirmi ildən çoxdur, ağa qara, qaraya ağ deyir.
Həmsədrlər qoy, gücsüz ölkəyə vasitəçilik etsinlər, bizə vasitəçilik edib nəyə nail olmaq istəyirlər?! Torpaq onsuz da bizim torpaqlarımızdır. Minsk Qrupu mövqeyini konkretləşdirməlidir. Ya birdəfəlik “bacarmıram” deyib işi bacarana təhvil verməli, ya da formatı dəyişməlidir”.
S.Seyidov, həmçinin Minsk Qrupunun yanaşmasının kökündən məntiqsiz olduğunu qeyd edib:
“Bu qurum deyir ki, müharibə olsun, bitsin, ölən ölsün, qalan qalsın, biz sonra gəlib məsələni araşdıraq. Axı belə olmalı deyil. Onda Minsk Qrupu necə sülh carçısı kimi çıxış edə bilər?!
Hansı haqla?! Qəribədir, Minsk Qrupuna daxil olan ölkələr daha konkret danışırlar, nəinki həmsədrlər. Rusiya, Fransa ən azından atəşi dayandırmağı söyləyiblər. Düzdür, onların fikri bizi tam qane etmir.
Çünki mesajın ünvanı məlum deyil. Lakin təkrar edirəm ki, ən azından konkretdir. ATƏT-in Minsk Qrupu isə mücərrəd danışır. Döyüşlər bitəndən sonra gəlib yeyib-içib getmək istəyir. Belə olmalı deyil. Biz Minsk Qrupunu qəti, konkret addımlar atması üçün məcburiyyət qarşısında qoymalıyıq.
Çünki cavan oğullarımız şəhid olurlar. Dağlıq Qarabağda erməni qəbiristanlıqları əmələ gəlir. Bir azdan bu fakta istinad edərək Dağlıq Qarabağın onların tarixi torpaqları olduqlarını deyəcəklər. Deməli, biz Minsk Qrupunu fakt qarşısında qoymalı, ədalətli davranmağa vadar etməliyik”.