Azərbaycan suyu da xaricdən alacaq? - "Qarabağ kanalı betonlu olmadığına görə..."
23-07-2020, 19:52
![Azərbaycan suyu da xaricdən alacaq? -](/uploads/posts/2020-07/1595519600_1.jpg)
Azərbaycan suyu da xaricdən alacaq?
Transsərhəd çayları olan Kür və Arazda suyun miqdarının azalması xüsusilə bu su höfzələrində yerləşən bölgələrimizdə kənd təsərrfatına ciddi ziyan vurmaqdadır.
Hazırda su qıtlığının aradan qaldırılmasının yolları aranır.
Məlumdur ki, bir sıra ölkələr suyu qonşu ölkələrdən kəmər vasitəsilə idxal edirlər. Məsələn, Özbəkistan suyu Türkmənistandan kəmər vasitəsilə alır.
Azərbaycanda su çatışmazlığının qarşısını almaq üçün əlverişli vasitələr hansılardır?
İqtisadçı Akif Nəsirli Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanın su idxalına ehtiyac yoxdur:
“Azərbaycanın su ehtiyatları kifayət qədərdir. Azərbaycanın su ehtiyatının 1/8-i qədər su ehtiyatından istifadə edən ölkələr var ki, kənd təsərrüfatı məhsullarına daxili tələbatını 80-90 faiz ödəyirlər. Bu, onun nəticəsində mümkün olur ki, həmin ölkələrdə bütün suvarma şəbəkəsi tamamilə kəmərləşdirilib. Məsələn, İsrail, Hollandiya, Kanadada Azərbaycanda olan su ehtiyatlarının az hissəsi mövcuddur. Hesab edirəm ki, daxildə olan suvarma sistemləri kəmərləşdirilsə və daşıyıcı sistemlər beton kanallarla təmin edilsə, Azərbaycanda suya olan tələbat bir neçə dəfə ödənilə bilər”.
Ekspert bildirir ki, Azərbaycanda olan su kanallarının əksəriyyəti, o cümlədən də “Qarabağ” kanalı betonlu olmaması böyük su itkisinə səbəb olur:"Eləcə də bu həmin kanalların keçdiyi əraziləri şoranlaşdırır və torpağın keyfiyyətini aşağı salır. Buna görə də hesab edirəm ki, Azərbaycanda su idxalına deyil, suvarma sistemləri kəmərləşdirilməsinə böyük ehtiyac var”.