Dinozavrların qonşuları - Qədim Qondvananın 74 milyon illik miniatür sakini
Bu gün, 17:24

Patagoniya bölgəsində alimlər təxminən 74 milyon il əvvəl yaşamış cırtdan məməlini kəşf ediblər. Bu qədim canlı cəmi 30-40 qram çəkidə - təxminən indiki siçanın ölçüsündə olub.
Oxu.Az-ın verdiyi məlumata görə, araşdırma "Proceedings of the Royal Society B: Biological Sciences" (PRSB) jurnalında dərc olunub.
Yeni növ "Yeutherium pressor" adlandırılıb və bu, indiyədək Cənubi Amerikanın bu hissəsində tapılan ən kiçik təbaşir dövrü məməlisidir. Həmin dövrdə qitə qədim supermaterik Qondvananın tərkibində olub.
Alimlər çənə sümüyü fraqmentini, eləcə də digər iki fərdin diş qalıqlarını Rio-de-las-Çinas çayı vadisində, Magalyanes bölgəsində - Santyaqodan təxminən 3 min kilometr cənubda aşkarlayıblar. Layihə rəhbəri, Çili Universitetindən Hans Puşel bildirib ki, diş quruluşu heyvanın sərt bitki qidaları ilə qidalandığını göstərir.
Tədqiqatçılar ehtimal edirlər ki, "Yeutherium pressor" ya ördəkburun kimi yumurta qoyub, ya da kenquru və oposumlar kimi balalarını kisəsində daşıyıb. Bu növ də dinozavrlar kimi təxminən 66 milyon il əvvəl, təbaşir dövrünün sonunda məhv olub.
Mütəxəssislərin fikrincə, bu kəşf Qondvananın qədim ekosistemlərinin zənginliyini daha yaxşı anlamağa və nəhəng sürünənlərin kölgəsində yaşayan erkən məməlilərin təkamülünü araşdırmağa imkan verəcək.