Azərbaycan-Rusiya “ticarət savaşı”: Kim udacaq, kim uduzacaq?

Bu gün, 00:03           
Azərbaycan-Rusiya “ticarət savaşı”:
Kreml təbliğatçılarının Bakıya qarşı müharibə təhdidləri sırasına daha biri əlavə olunub.

Bu dəfə oxşar təhdid Rusiya Dövlət Dumasından gəlib.Rusiyalı deputat, general-leytenant Andrey Qurulev bildirib ki, Rusiya Azərbaycan mallarının idxalına qadağan qoya və bu ölkədəki azərbaycanlı sahibkarları "çimdikləyə" bilər.

O, həmçinin əlavə edib ki, "xüsusi hərbi əməliyyat anlayışı genişdir və Rusiyanın bütün sərhədləri boyunca tətbiq oluna bilər”.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanla bağlı təhdidlər Kreml təbliğatçıları, rusiyalı televiziya aparıcısı Vladimir Solovyov və hərbi bloger Yuri Podolyak tərəfindən səsləndirilib.

Xatırladaq ki, bir müddət öncə Rusiyanın Krasnodar diyarında Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətin nümayəndələri Azərbaycandan gətirilmiş 18 ton təzə şaftalı və nektarini məhv etmişdi.

Onlar guya həmin məhsullarda kənd təsərrüfatı üçün təhlükəli həşərat olan Qərb çiçək tripsləri aşkar etdiklərini bildiriblər.Rusiya Azərbaycandan idxal etdikləri bütün məhsullara qadağa tətbiq edə bilərmi və Azərbaycan artıq bu təhdidlərdən xilas olmaq üçün yeni bazarlar tapmalıdırmı?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, Rusiya bizim ölkəmizə, Azərbaycanın Rusiyaya satdığından daha çox mal satır:

“Biz 1 milyard dollara yaxın Rusiyaya mal satırıq. Ancaq Rusiya Azərbaycana 3 milyard dollardan çox mal satır. Burada kim uduzacaq? Təbii ki, Rusiya uduzacaq. Məntiqlə düşünsələr belə absurd bəyanatlar verməzdilər.

Ancaq ümumilikdə götürsək, təbii ki, Azərbaycanın kənd təsərrüfatının ixracatının 80 faizi Rusiyayadırsa, bu təhdiddir. Yəni iqtisadi təhlükəsizliyə təhdiddir. Biz yeni bazarlara çoxdan çıxmalıydıq və bu təhdidi çoxdan aradan qaldırmalıydıq. Ancaq yenə də gec deyil.

Azərbaycan təbii ki, yeni bazarlara çıxmalıdır. Körfəz ölkələri burada prioritet olmalıdır. Çünki bahalı və premium bazardır. Özləri heç nə əkmir, becərmir. istehsal etmir. Oradakı mövcud şərait buna imkan vermir.

Ona görə də Azərbaycanın Körfəz ölkələri ilə çox yaxşı münasibətlərinin olduğunu nəzərə alsaq bu ölkələrin bazarları prioritet elan olunmalıdır. Həmin kənd təsərrüfatı məhsullarının Körfəz ölkələrinə ixracatının yolları və logistik marşrutları tapılmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru