"Nikkei" birjası rekord səviyyəyə çatdı
Bu gün, 15:14

Yaponiya "Nikkei 225" indeksi çərşənbə axşamı 1.100-dən çox xal artaraq tarixinin ən yüksək səviyyəsinə yüksəlib.
ABŞ-ın Çinə tətbiq etdiyi tariflərin 90 gün müddətinə təxirə salınması birjalarda artıma səbəb olub.
Günorta saatlarında "Nikkei" indeksi 2,8 faiz artaraq 42.983,34 xala çatıb, daha sonra isə cüzi eniş müşahidə olunub. Əvvəlki rekord ötən ilin iyulunda qeydə alınmış 42.426,77 xal olmuşdu.
"IwaiCosmo Securities" şirkətinin AFP-yə verdiyi bazar şərhində bildirilib ki, ABŞ-Çin ticarət danışıqlarında gərginliyin azalması və ABŞ-ın faiz dərəcələrini yaxın zamanda endirəcəyi ilə bağlı gözləntilər, investorların yapon şirkətlərinin bərpa prosesinə inamını gücləndirib. Bu da alışların davam etməsinə şərait yaradıb.
Günorta fasiləsindən sonra geniş bir səhm qrupunda yüksəliş davam edib. ABŞ texnologiya səhmlərindəki artımdan sonra Yaponiyanın texnologiya investoru "SoftBank Group"un səhmləri 7,07 faiz bahalaşaraq 14.845 yenə, yarımkeçirici sınaq avadanlığı istehsalçısı "Advantest" isə 7,34 faiz artaraq 11.255 yenə yüksəlib.
Avtomobil istehsalçısı "Toyota"nın səhmləri 3,14 faiz artaraq 2.860 yenə, "Uniqlo" markasının operatoru "Fast Retailing" isə 4,67 faiz bahalaşaraq 48.440 yenə çatıb.