ARDNF-a hələ ötən rəhbərlik dövründə, yəni ötən ildən Fonda ünvanladığımız 3 informasiya sorğusundan heç birinə cavab almamışıq

2-08-2020, 08:55           
ARDNF-a hələ ötən rəhbərlik dövründə, yəni ötən ildən Fonda ünvanladığımız 3 informasiya sorğusundan heç birinə cavab almamışıq
Azərbaycan Respublikası Dövlət Neft Fondun (ARDNF) açıqlama ilə çıxış edib və sonda da bildirib ki, ARDNF fəaliyyəti barədə məlumatları daim ictimaiyyətə açıqlayır və bu prosesi davam etdirəcəkdir. Fond hər zaman ictimaiyyətin və media nümayəndələrinin suallarını cavablandırmağa hazırdır.
ARDNF-yə xatırlatmaq istərdim ki, hələ ötən rəhbərlik dövründə, yəni ötən ildən Fonda ünvanladığımız 3 informasiya sorğusundan heç birinə cavab almamışıq. Ona görə Fondu məhkəməyə versək (Bakı İnsibati məhkəməsində işə avqustun 5-də baxılacaq) də yenə də ARDNF "İnformasiya əldə etmək haqqında" Azərbaycan Resplikasının Qanunun pozaraq sahibi olduğu məlumatları vermir. Belə ki, Qanunun 24-cü maddəsinin 1-ci bəndində bildirilir ki, informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir.Qanunun 25-ci madddəsinin 1-ci bəndində qeyd olunur ki, informasiya sahibi həddən çox sorğu aldıqda və bu səbəbdən informasiyanı hazırlamaq üçün əlavə vaxt tələb olunduqda və ya sorğunun mahiyyətini dəqiqləşdirmək, yaxud informasiyanın aydınlaşdırılması üçün çoxsaylı sənədləri araşdırmaq lazım gəldikdə, o, bu Qanunla nəzərdə tutulmuş icra müddətini əlavə olaraq 7 iş günü də uzada bilər. Beləliklə də ARDNF bizim informasiya sorğumuza ən geci 14 iş günündə cavab verməli idi, amma üzərindən 7 aydan çox vaxt keçib, informasiya sorğusu cavablandırılmır. ARDNF-dən istədiyimiz dövlət sirri və ya kommersiya sirri deyil, ictimaiyyət üçün açıq olan məlumatlardır. Buyurun tanış olun, sorğuların mətninin burda da dərc edirəm.
1) ARDNF tərəfindən maliyyələşdirilməsi başa çatmış “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı” layihəsinə 2008-2018-ci illər ərzində ARDNF tərəfindən ümumilikdə 212,7 milyon manat məbləğində vəsait ayrılmışdır..
Xahiş edirik ki, bu layihə çərçivəsində icraçı dövlət orqan(lar)ının adlarının və onların Fonda təqdim etdikləri hesabatları, auditior yoxlaması aktlarını (əgər varsa) bizə təqdim edəsiniz.
2)ARDNF tərəfindən maliyyələşdirilməsi davam edən “Qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması” layihəsinə 2001-2018-ci illər ərzində ümumilikdə 2 302,7 milyon manat vəsait ayrılmışdır.
Xahiş edirik ki, bu layihə çərçivəsində icraçı dövlət orqan(lar)ının adlarının və onların Fonda təqdim etdikləri hesabatları, auditior yoxlaması aktlarını (əgər varsa) bizə təqdim edəsiniz.
3)ARDNF tərəfindən maliyyələşdirilməsi başa çatmış “Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi”nə 2007-2018-ci illər ərzində ARDNF-dən 745,9 milyon ABŞ dolları və yaxud 748,6 milyon manat məbləğində vəsait ayrılmışdır. ARDNF-nin 2018-ci il üçün illik hesabatında qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2007-ci il tarixli 1974 nömrəli Sərəncamı ilə «Bakı-Tbilisi-Qars yeni dəmir yolu» layihəsinin Marabda - Axalkalaki hissəsinin bərpa va yenidən qurulması və Axalkalakidən Türkiyə Respublikası ilə sərhədə qədər olan hissəsinin tikintisinin maliyyələşdirilməsi (Layihə) ARDNF-yə tapşırılmışdır.
Xahiş edirik ki, bu layihə çərçivəsində ARDNF-nin gördüyü işlərə dair hesabatları, auditior yoxlaması aktlarını (əgər varsa) bizə təqdim edəsiniz.
Buna baxmayaraq hələ bir açıqlama da verirlər ki, Fond hər zaman ictimaiyyətin və media nümayəndələrinin suallarını cavablandırmağa hazırdır.
Qubad İbadoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.