Qababağın geri qaytarılması üçün ideal zamandır - TƏHLİL
6-10-2020, 00:08

Qababağın geri qaytarılması üçün ideal zamandır:
1) ABŞ-da seçkilərdir, Trampın bu məsələ vecinə deyil, Baydenin qələbəsi isə sual altındadı, hətta seçkidən sonra da yanvar ayının 21-nə qədər seçkilərdə qalib gəlmiş prezident aktiv siyasət yürütmür,
2) AB ölkələrinin başı öz problemlərinə qarışıb – koronaviryus, Brexit, iqtisadi daralma, Aralıq dənizində gərginlik, qaçqın problemi, bütün bunlar AB ölkələrinin gündəliyində öndə olan məsələlərdir. Fransanın son açıqlamalarını boş verin – Makron seçkiləri düşünür, daxili siyasətə oynayır,
3) Rusiya – bu ölkənin tutumu çox vacibdir, bölgəyə çox ciddi təsir mexanizmləri var, Cənubi Qafqazı nəzarətdə saxlamağın ən vacib elementi Qarabağ məsələsidir.
Teref.az yazır ki, bunu politoloq ReAl hərəkatının fəalı olan Natiq Cəfərli yazır. Daha sonra Natiq Cəfərli yazır:
Kreml bu problemin birdəfəlik həllini istəmir, istəməyəcək də, amma bu gün öz gündəliyi ilə məşğuldur – Paşinyanı Qərbin layihəsi sayır, 2018-ci ildə onun Moskvanın hazırladığı “Krapetyan” layihəsinin həyata keçirilməsinə mane olan şəxs kimi görür. Amma başqa məsələlər də var:
Putin son 2 ildə İrəvanda baş tutan onlarla anti-Rusiya aksiyalarında öz portretinin, Rusiya bayrağının yandırılmasını, şəxsinə yönəlmiş təhqiramiz şüarları həzm edə, bağışlaya bilmir. Düşünür ki, Paşinyan ya özü bunları təşkil edir, ya da təşkilatçılara mane olmamaqla ölkəyə nəzarət edə bilmədiyini göstərir – hər iki variantda Kremlə sərf etmir.
Ona görə də artıq Paşinyanın Moskva qarşısında diz çöküb bütün şərtləri qəbul etməsi azdır – sabah yenə çaşa bilər, ona görə də məqsəd Paşinyanın siyasətdən getməsi, onun dəyişdirilməsidir.
Əslində burada müəyyən təhlükə də var – Nikolun yerinə gələn Moskvanın adamı olacağı şübhəsizdir, sadəcə həmin şəxsin (kim olursa-olsun) reytinqinin artırılması, möhkəmlənməsi üçün əks-həmlələr, provokasiyalar, hücumlar təşkil oluna bilər. Bu məsələdə hazırlıqlı və diqqətli olmalıyıq.
Şanlı Ordumuzun son hərbi qələbələri məmləkətimizə siyasi, diplomatik, hətta psixoloji üstünlük qazandırıb. İndi bu üstünlüyü davamlı hala gətirmək, hərbü üstünlüyü artırmaq lazımdır, paralel olaraq da informasiya üstünlüyünü ələ almalı, beynəlxalq ictimayətlə onların anladığı dildə, onların eşitmək istədikləri üslubda haqlı mövqeyimizi beyinlərə yeritməliyik. Bəli, biz bölgəmizdə sülh istəyirik – sülh təsisinin yeganə yolu isə işğalın bitməsidir – vəssalam!
Qəhrəman Ordumuzun işğal altında olan İranla sərhəd bölgələrimizn tamamən azad edilməsini böyük beynəlxalq əhəmiyyəti də var – bunun hekayəsini doğru qurub, düzgün təqdim etməliyik. Ordumuz cənub sərhədlərimizi tam nəzarətə götürüb Ermənistanın rəsmi sərhədinə qədər irəliləməli, sərhəd dirəklərimizə həm cənubda, həm də qərbdə Azərbaycan bayrağını asmalıdır. Beynəlxaq ictimayyətə izah etmək lazımdır ki, işğal altında olan sərhəd xəttimiz terrorçuluq, narkotrafiq və İranın sanksiyalardan yayınması üçün Ermənistran və qondarma “Stepanakerd” rejimi tərəfindən istifadə edilir və Beynəlxalq Təhlükəsizlik üçün ciddi təhdid yaradır. Bu çox vacib məsələdir, hekayəsi qurulmalı, təqdimatı təşkil edilməlidir. Bu məsələ bizim zatən haqq işimiz olan ÖZ torpaqlarımızın azad edilməsini daha da legitim hala gətirəcək, Ordumuzun apardığı əməliyyatın Beynəlxalq Təhlükəsizliyin tərkib hissəsinə çevirəcək.
Bizim yolumuz, işimiz haqq işidir! Qarabağ Azərbaycandır! Eşq!
Teref.az