Ermənistan ordusunda xaos: Əmr icra olunmur
11-10-2020, 13:26

Sentyabrın 27-də düşmən təxribatını dəf etmək məqsədilə əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirməkdə davam edir.
Yenisabah.az xəbər verir ki, düşmənin ixtiyarında olan hərbi arsenalın yarısından çoxu sıradan çıxarılıb. İki həftə əvvəl başlayan əməliyyatlarda erməni ordusu xeyli sayda canlı qüvvə itirib. Erməni mənbələri itkin düşən hərbçilərinin sayının 5 min civarında olduğunu yazırlar. Azərbaycan ordusuyla döyüşdə öldürülən, amma cəsədləri işğaldan azad olunmuş ərazilərdə qalan erməni əsgərlərinin sayını da bura əlavə edəndə, ortaya düşməni vahimələndirən mənzərə çıxır.
Qeyd edək ki, erməni əsgərlərinin döyüşdən yayınmasıyla bağlı xəbərlər hələ hərbi əməliyyatların ilk günlərində ortaya çıxmışdı. Müasir silahlarla təchiz olunan Azərbaycan Ordusu düşmənə dəqiq zərbələr endirməklə onun döyüş əzmini qırmış, dərin mənəvi-psixoloji girdaba yuvarlamışdı. Ermənistan ordusunda fərarilərin sayının sürətlə arması da bunu sübut edir.
Hazırda erməni kişiləri ən müxtəlif bəhanələrlə çağırışdan yayınır, rüşvət və tanışlıq hesabına özlərini müharibədən kənarda saxlamağa çalışırlar. Ölənlərin sayının hər gün artması hərbi əməliyyatları bu ölkə vətəndaşlarının qorxulu röyasına çevirib. Ermənistanda tabut çatışmazlığıyla bağlı məlumatlar düşmən ordusunun itkiləri barədə dəqiq təsəvvür yaratmaq üçün kifayət edir.
Ermənistan ordusunda xaosun hökm sürdüyünü artıq bu ölkənin rəsmiləri də gizlədə bilmirlər. İşğaldan azad olunmuş Hadrut rayonu ətrafında baş verən hadisələr düşmənin panika içərisində olduğunu bir daha təsdiqləyir. Ermənistan silahlı qüvvələrinin Hadrutu geri almaq üçün başlatdığı əməliyyat həm də ona görə uğursuzluğa düçar oldu ki, Azərbaycan Ordusuyla döyüşdən canını sağ qurtara bilən çox az sayda erməni hərbçisi növbəti əməliyyata qatılmaqdan imtina etdi. Yəni düşmən komandanlığının verdiyi əmr icra olunmadı. Çıxılmaz vəziyyətdə qalan separatçı lider Araik Arutunyanın “yoldan çıxardığı” bir ovuc keçmiş hərbçi isə mənzil başına çatmadan Azərbaycan Ordusunun dəqiq zərbələriylə o dünyaya göndərildi.
Çətin vəziyyətdə qalan düşmən çıxış yolunu uzaqmənzilli raketlərlə Azərbaycanın mülki əhalisini atəşə tutmaqda görür. Düşmənin atəş nöqtələrinin dəqiq zərbələrlə susdurulması şanlı Azərbaycan Ordusunun növbəti qələbələrin astanasında olduğunu söyləməyə əsas verir.
Seymur VERDİZADƏ