İrəvanda siyasi təlatüm: - Paşinyan ard-arda zərbələr alır
15-10-2020, 12:44

Dağlıq Qarabağda sentyabrın 27-dən başlanan müharibədə məğlub duruma düşən Ermənistan ard-arda ağır zərbələr alır. Təkcə cəbhə xəttində deyil, sosial-iqtisadi sferada da böhranla üzləşən işğalçı ölkədə siyasi təlatümlər yaşayır.
Artıq erməni cəmiyyətinin baş nazir Nikol Paşinyanın döyüş meydanında və diplomatik müstəvidəki uğursuzluqlarından cana doymasının işartıları görünür. Ermənistan mətbuatı hazırkı situasiyanın ölkədə siyasi böhrana və fikir ayrılıqlarına səbəb olduğunu yazır. Bir çox siyasətçilər və ictimai fiqurların fikrincə, Paşinyan hökuməti ölkəni uçuruma sürükləyir.
Ermənistanın keçmiş hakim partiyası olan Respublikaçıların mətbuat katibi Eduard Şarmazanov yerli KİV-ə son açıqlamasında ölkədəki mövcud vəziyyətə görə birmənalı Paşinyan hökumətini günahlandırıb.
Şarmazanov deyib ki, indiki ağır durumun yaranmasında başçılca günahkar hazırkı iqtidardır. Onun sözlərinə görə, Ermənistanın son bir ayda bütün sahələrdə böhranla qarşılaşması Paşinyanın uğursuz və təcrübəsizliyindən qaynaqlanır: “Hazırkı vəziyyət Nikol Paşinyanın danışıqlara öz nöqteyi-nəzərindən yanaşmasının nəticəsidir və yaranmış vəziyyətə görə bütün məsuliyyəti mövcud hökumət daşıyır”.
Buradan bir daha aydın olur ki, Qarabağ döyüşləri fonunda Ermənistan daxilində siyasi qarşıdurma güclənir. Erməni cəmiyyətinin günahkar axtarışına başlaması vəziyyətin həddindən artıq kritik olduğundan xəbər verir. Bu gedişlə sosial- siyasi partlayış qaçılmaz olacaq. Ekspertlər hesab edirlər ki, artıq İrəvanda vəziyyət nəzartdən çıxmağa doğru gedir. Qarabağdakı biabırçı məğlubiyyət, iqtidasi tənəzzül və üstəgəl koronavirus infeksiyasının ölkədə tüğyan etməsi Paşinyan hakimiyyətindən narazılığın ciddi şəkildə artmasına səbəb olub. Sadə ermənilər gec də olsa anlayır ki, Paşinyanın pafoslu çıxışları "qarın doyurmur", indiyədək verilən vədlər isə havada qalıb.
Kreslosunu itirmək təhlükəsi yaşayan Paşinyan xalqa son müraciətində daha çox pessimist notlara köklənmişdi. O ölkəsinin döyüşlərdə müqavimət göstərməkdə çətinlik çəkdiyini və böyük itkilər verdiyini etiraf etməklə çarəsizliyini gizlədə bilmədi. Erməni baş nazirin dünənki çıxışını onun tezliklə tarixə qovuşacağının anonsu kimi qəbul etmək olar.
Azvision.az