“Təklif edirlər ki, Ermənistana güzəştə gedək, birtərəfli güzəştə, lakin əvəzində bizə heç nə təklif edilmir. Bu, ədalətsizlikdir”
19-10-2020, 20:32

"ABŞ və Fransa kimi Rusiya da ATƏT-in Minsk qrupunun həmsədridir və bu mandat çərçivəsində ölkələr öz arasında çox sıx qarşılıqlı fəaliyyət göstərir. İndi, münaqişənin qaynar fazası dövründə mən həm Qərb mətbuatında, həm də Rusiya mətbuatında müşahidə edirəm ki, Dağlıq Qarabağ məsələsi həmin ölkələr arasında fikir ayrılığı doğurmayan yeganə məsələdir. Yəqin ki, bu, həqiqətən belədir. Ona görə ki, haraya baxsaq hər yerdə sanksiyalar, qarşıdurmalar, narazılıqlar və sair, özü də qarşılıqlı. Buna görə, əlbəttə, mən əminəm ki, həmsədrlik formatı çərçivəsində bu məsələ həmin ölkələr arasında razılaşdırılmalıdır. Bu məsələ razılaşdırılandan sonra tərəflərə təqdim edilməlidir. Yəni, bütün bunlar baza prinsiplərində də nəzərdə tutulmuşdur. Ona görə sülhməramlıların və ya indi adlandırmaq istədikləri kimi desək, müşahidəçilərin kimlər olacağını biz müəyyən etməyəcəyik. Bunu ATƏT-in Minsk qrupunun həmsədrləri təklif edəcəklər".
Bunu Prezident İlham Əliyev TASS-a müsahibəsində söyləyıb.
"Azərbaycan və Ermənistan isə öz tərəflərindən bu və ya digər ölkəyə veto qoya, ya da razılaşa bilər. Buna görə mən düşünmürəm ki, bu məsələnin birtərəfli qaydada həlli hansısa hərbi kontingentin müəyyən edilməsi üçün üç həmsədr ölkə arasında əməkdaşlığın ruhuna uyğun olardı. Ən başlıcası, onlar harada olacaq? Budur məsələ. İş onda deyil ki, Azərbaycan razılaşacaq və ya razılaşmayacaq. Biz mandatı - onun, necə deyərlər zaminini, funksiyalarını, yerləşdiyi məkanı, fəaliyyətini bilməliyik. Onlar dağlarda və ya boş bir sahədə dayanıb kimin haraya atəş açmasını müşahidə edəcəklər? Əvvələn, bu, təhlükəlidir. İkincisi, məsələn, atəşkəsi kimin pozduğunu müşahidə etmək üçün hətta onu kimin pozduğu müəyyən edilsə belə, sonra nə olsun? Həmin insanları məsuliyyətə cəlb edəcəklər? Hansısa cinayət işləri açılacaq? Buna görə, ilk növbədə, baza prinsiplərinin implementasiyası qaydası müəyyən edilməlidir. Erməni tərəfi, baş nazirin şəxsində bu prinsiplərə sadiqliyini dəqiq təsdiq etməlidir. Erməni tərəfi isə baş nazirin şəxsində hər şeydən danışır, amma bu barədə danışmır. Rusiya KİV-lərinin nümayəndələri ilə bizim paralel əlaqələrimiz çərçivəsində mən aydın demişəm ki, biz işğala son qoyulmasını, erməni və azərbaycanlı əhalinin əvvəlki yaşayış yerlərində birgə yaşamasını, azərbaycanlıların Şuşaya, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər yaşayış məntəqələrinə qaytarılmasını nəzərdə tutan baza prinsiplərinə sadiqik. Ermənistanın baş naziri yalnız təyini-müqəddərat barədə danışır. Yəni o, bu prinsipləri qəbul etmir, daha əvvəl özünün “Qarabağ Ermənistandır və nöqtə” kimi və digər səmərəsiz bəyanatları ilə əslində danışıqlar prosesini pozub. Onda bizə nə təklif edilir? 30 il mövcud olmuş və heç bir nəticəyə gətirib çıxarmamış status-kvoya yenidən qayıtmaq? Əgər biz görsək ki, erməni tərəfi deyir: bəli, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, ikincisi, biz baza prinsiplərinə sadiqik, üçüncüsü, biz işğal edilmiş ərazilərdən öz qoşunlarımızı çıxarmağa razıyıq. Bax, onda gəlin müşahidəçilər məsələsini müzakirə edək. Mənim fikrimcə, bu məsələ tezliklə razılaşdırıla bilər. Lakin bunlar olmadıqda, bizə mahiyyət etibarilə nə təklif edilir? Dayanmaq? Bizim ərazilərimizin işğaldan azad olunmasını davam etdirməmək? Bizə təklif edirlər ki, Ermənistana güzəştə gedək, birtərəfli güzəştə, lakin əvəzində bizə heç nə təklif edilmir. Bu, ədalətsizlikdir. Hesab edirəm ki, Azərbaycana münasibətdə bu, düzgün olmayan yanaşmadır. Qoy, erməni tərəfi desin, qoy, Ermənistanın çox danışmağı xoşlayan və çox vaxt danışdıqları ölkəsinə çox baha başa gələn baş naziri desin ki, bəli, torpaqlar işğaldan azad ediləcək, qoşunlar çıxarılacaq. Mən qoşunların işğal edilmiş ərazilərdən çıxarılması qrafikinin verilməsini də təklif etmişdim. Sonra biz Moskvada bir günlük danışıqlar çərçivəsində bunu etməyin texniki baxımdan mümkün olmadığını başa düşdük və bu mövqedən geri çəkildik. Bununla belə, biz Ermənistan tərəfinin öz qoşunlarını işğal altında olan ərazilərdən çıxarmağa hazır olmasını eşitmədik. Bu, baş verən kimi belə adlandırılan müşahidəçilər məsələsinə baxıla bilər", - Prezident bildirib.