Böhrandan çıxmaq üçün baş redaktorların TƏKLİFLƏRİ

2-02-2016, 21:13           
Böhrandan çıxmaq üçün baş redaktorların TƏKLİFLƏRİ
Fevralın 1-də Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisin plenar iclasında mətbuat işçilərini narahat edən problemlərdən danışıb. Mətbuat Şurasının sədri devalvasiya nəticəsində mətbuatın üzləşdiyi problemlərdən də bəhs edib və ölkəyə gətirilən qəzet kağızına, həmçinin, hazır çap məhsullarına tətbiq edilən ƏDV-nin ləğv olunmasını təklif edib:

“Devalvasiyadan sonra qəzet kağızının qiyməti 100 faiz, çap xərcləri isə 50 faiz artıb. Biz bu məsələyə qayıdaraq, durumu yaxşılaşdırmaq üçün mətbuat üzərindəki ƏDV-nin aradan qaldırılması məsələsini gündəmə gətirsək, çox yaxşı olar”.

Bəs ölkəyə gətirilən kağızlara tətbiq edilən əlavə dəyər vergisinin tezliklə aradan qaldırılması mətbuatın düşdüyü durumu dəyişəcəkmi? Mövcud vəziyyətdən başqa hansı yollarla çıxmaq olar? Qəzet baş redaktorları bununla bağlı daha hansı təkliflər hazırlamağı düşünür? Amaşovun qaldırdığı problem öz həllini tapacaqmı?

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev hafta.az-a açıqlamasında deyib ki, ölkəyə gətirilən qəzet kağızlarına əlavə dəyər vergisi tətbiq olunur. Baş redaktor bildirib ki, bu da mətbuatı çox ağır duruma salır. Bəhruz Quliyevin sözlərinə görə, millət vəkili Əflatun Amaşovun verdiyi təklif qəzet baş redaktorları tərəfindən yüksək qiymətləndirilməlidir:

“Əvvəlcə onu qeyd edim ki, ulu öndər Heydər Əliyev dəfələrlə qəzetlərin nəşriyyatlara olan borclarını dondurdu. Mediaya müəyyən güzəştlər etdi. Qəzetlərin çıxması üçün sadələşdirilmiş vergiyə keçildi. Cənab Prezident bunu daha da inkişaf etdirdi. Kağızlara qoyulan əlavə dəyər vergisi ləğv olundu. Qəzetlərin çap xərcinin azaldılması və ölkəyə redaksiyalar tərəfindən kağızın gətirilməsi çap mediasına çox böyük kömək idi. Bu da nəşrə geniş imkanlar yaradırdı. Amma yanvarın 1-dən çap mediasına qoyulmuş sadələşdirilmiş vergi sistemi ləğv olundu. Bir tərəfdən manatın devalvasiyası, digər tərəfdən nəşriyyatlarda çap xərcinin artırılması, üstəlik, kağızın öz qiymətinin 100 faiz qalxması faktiki olaraq mətbuatı ağır duruma salıb. Bu, bizə çox böyük kömək ola bilər. Əks halda, bəzi qəzetlərin çapında problemlər yarana bilər. Ona görə ki, qəzetin çap dəyəri ilə satış qiymətləri arasında uyğunsuzluq yaranır. Qəzetlər hələ də köhnə qayda ilə satışdadır. Çox güman ki, dövlət güzəştli şərtlərlə Azərbaycan mətbuatına yardım göstərməlidir. Hesab edirəm ki, Mətbuat Şurasının sədri Əflatun Amaşovun etdiyi bu təklif qəbul olunar. Təklif edirəm ki, həm əlavə dəyər vergisi sadələşdirilmiş vergi ilə əvəzlənsin. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən yardımların artırılması mətbuat üçün qənaətbəxş sayıla bilər”.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə deyib ki, ƏDV-nin mətbuata yenidən tətbiq edildiyindən xəbəri olmayıb. Millət vəkili bildirib ki, dolların məzənnəsi qalxandan sonra ziyan çəkənlərdən biri də biz qəzetçilər olmuşuq:

“Həm ulu öndər Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev mətbuata daim diqqət və qayğı göstərib. Bu diqqətin içərisində həmişə medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin həyat şəraitinin yaxşılaşdırılması, onların sosial rifahının gücləndirilməsi həmişə ön planda olub. Bu diqqət və qayğının əsas məqsədlərindən biri də, jurnalistlərin ölkəyə gətirilən çap materiallarının alınmasına güclərinin çatmamasıdır. ƏDV-nin mətbuata yenidən tətbiq edildiyindən xəbərim olmayıb. Çünki məzuniyyətdə idim. Hesab edirəm ki, Mətbuat Şurasının sədri çox düzgün addım ataraq, bu məsələni gündəmə gətirib. Dolların məzənnəsi qalxandan sonra ziyan çəkənlərdən biri də biz qəzetçilərik. Çünki həm metal təbəqə, həm də kağız Azərbaycanda istehsal olunmur. Xaricdən gətirilir. Kənardan gətirilən məhsullar isə dollarla alınır. Belə olan halda bizim istehsala çəkdiyimiz xərc də artır. Qəzetin də maya dəyəri qalxır. Mətbənin qiymətləri qaldırması, kağızların bahalaşması alıcıya da, qəzetin satışına da təsir göstərir. ƏDV-nin artırılması bizim üçün əlavə maliyyə yükünə çevrilir. Hesab edirəm ki, bunu yenidən bərpa etmək lazım deyildi. Jurnalistlərə dəstək üçün ƏDV ləğv edilməlidir. Üstəlik, hesab edirəm ki, dövlətimizin imkanı varsa, kağız sarıdan bizə müəyyən güzəştlər və köməkliklər edilsin. Yoxsa bu media üçün çox çətin sınaq olacaq. Qəzetlərin qiymətini artırmağa tələsməməliyik. Oxucularımızı da nəzərə almalıyıq. Hər dəfə qiymət qalxanda oxucularımızın da müəyyən qismini itirmiş oluruq. Bu cür addımlar bəzən bizi vadar edir ki, qəzetin maya dəyəri yüksələndə biz də məhsulumuzun satış qiymətini artıraq”.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev hesab edir ki, dövlət KİVDF xətti ilə qəzetlərə ayırdığı maliyyə yardımının məbləğini artırsa, çox yaxşı olar:

“Devalvasiyadan sonra həqiqətən də çap mediası çətinliklərlə üzləşib. Həm qəzet kağızı bahalaşıb, həm çap xərcləri artıb. Bu baxımdan ƏDV-nin bərpası da, xərclərə ciddi təsir göstərir. Hələlik, daxili imkanlar hesabına vəziyyətdən çıxmağa çalışırıq. Mətbuat Şurasının sədri, hörmətli millət vəkili Əflatun Amaşov parlamentdəki dünənki çıxışında bir növ biz qəzet rəhbərlərinin ümumi problemini gündəmə gətirib. Hesab edirəm ki, yaranmış durum ictimaiyyətin, müvafiq dövlət qurumlarının diqqətində olmalıdır. Təkcə, ƏDV-nin ləğvi vəziyyətdən çıxmaq üçün yetərli deyil. Yaxşı olardı ki, dövlət KİVDF xətti ilə qəzetlərə ayırdığı maliyyə yardımının məbləğini də artırsın”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun təklifi isə birmənalı olub. Belə ki, adıçəkilən qəzetin baş redaktoru hesab edir ki, əvvəlki güzəştlərin yenidən bərpa edilməsi hazırkı dönəmdə daha məqsədəuyğundur:

“Milli mətbuatımızın inkişafı daima Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Hətta mediaya yardım məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunu yaradıb. Jurnalistlərin sosial-məişət problemlərinin həlli ilə bağlı ciddi addımlar atılıb. Onların bir hissəsi mənzillə də təmin edilib. Hazırda jurnalistlər üçün yeni mənzillər də tikilməkdədir. Bütün bunlar bizim mediamıza çox böyük qayğıdır. İndiki mərhələdə isə çap mediası çox böyük çətinliklərlə üzləşib. ƏDV-nin bərpa olunması qəzet kağızlarının bahalaşmasına səbəb olub. Ən etibarlı media çap mediasıdır. Ona görə də, əvvəlki güzəştlərin yenidən bərpa edilməsi çox yaxşı olardı. Ölkəyə gətirilən kağızlara əlavə dəyər vergisinin bərpa edilməsi qaldırılarsa, bu, çap xərclərinin aşağı düşməsinə səbəb olacaq. Eyni zamanda, çap mediasının inkişafı üçün yaxşı şərait yaratmış olar. Həmçinin, qeyd edim ki, hələlik, yaranmış vəziyyətlə bağlı heç bir işçimizi ixtisar etməmişik”.

“Xalq qəzeti”nin məsul katibi İlqar Rüstəmov isə təklif edir ki, yaranmış vəziyyətlə əlaqədar olaraq bir sıra qəzetlər bağlanmalıdır:

“Əflatun Amaşovun Milli Məclisdə səsləndirdiyi təklif çox yaxşıdır. Mətbuatın indiki durumunda ötən ay tətbiq edilən əlavə dəyər vergilərinin ləğv olunması yaxşı olardı. Yəni, bu, bizim xeyrimizədir. Düşünürəm ki, hazırkı durumda ölkədə çıxan qəzetlərin sayının azaldılması yaxşı olardı. Kəmiyyətdən çox keyfiyyətə üstünlük verilməlidir. Elə qəzetlər var ki, 100 il çıxmasa, heç kimin vecinə olmaz. Bu cür qəzetlər nə dil normalarına, nə də başqa qaydalara riayət edirlər. Həmin çap məhsulları kimlərəsə təzyiq metodu kimi istifadə edilir”.

“Ekspress” qəzetinin baş redaktorun birinci müavini Qalib İbrahimoğlunun sözlərinə görə, artıq adıçəkilən qəzet olduqca acınacaqlı vəziyyətlə üzləşib. Hətta qəzet rəsmisi ixtisarlara da getdiklərini deyib:

“Manatın ikinci devalvasiyasından sonra ölkədə fəaliyyət göstərən bir sıra qəzetlər ağır duruma düşdü. Bu da, daha çox çap mediasının qəzetlərin reklam bazarının olmaması ilə əlaqədardır. Ümumiyyətlə, Azərbaycanda reklam bazarı yoxdur. Bu da mətbuatımızı daha pis duruma salır. Mətbuat Şurasının sədri Əflatun Amaşovun təklifi Azərbaycan mediasının ürəyincədir. Kütləvi informasiya vasitələrinin əlavə dəyər vergisindən azad olunması çap mediasının vəziyyətinin yaxşılaşmasına səbəb ola bilər. Manatın ikinci devalvasiyasından sonra ölkədə baş verən proseslər bizim qəzetdən də yan keçmədi. İxtisarlar aparılıb, maaşlarda da cüzi azalma var. İki işçimiz ixtisara düşüb. Hazırda proseslər normallaşmağa doğru gedir. Düşünürəm ki, qəzetlərin baş redaktorları yığışıb məsləhətləşmələr aparmalıdırlar. Nəticəyə gəldikdən sonra da, aidiyyəti dövlət qurumlarına ƏDV-lərin ləğvi ilə bağlı müraciət ünvanlanmalıdır”.

Ümid edirik ki, Azərbaycan mediası yaranmış vəziyyətdən tez bir zamanda çıxacaq. Adından və tutduğu mövqeyindən asılı olmayaraq həmin media orqanlarının ixtisara düşmüş əməkdaşları iş yerlərinə bərpa ediləcəklər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.