Etiraz zorakılığa çevrilirsə...

16-01-2021, 09:32           
Etiraz zorakılığa çevrilirsə...
JEWISH JOURNAL, ABŞ

Müəllif: Dürdanə Ağayeva

Bütün dünya kimi, biz də ABŞ Konqersinə daxil olmuş etirazçılarla bağlı xəbərləri, videoları heyrətlə izləyirdik. Mən Azərbaycanda yaşayıram. Həmin kadrları görərkən heyrət içərisində qızımı çağırdım. Bu xəbərləri onun da izləməsini istəyirdim. Qızım artıq böyüyüb və dünyada cərəyan edən bütün hadisələrdən xəbərdardır. Onun ABŞ haqda da geniş məlumatı var. Odur ki, yaşananları öz gözləri ilə görməsəydi, bu hadisəyə inanacağına əmin deyildim.

ABŞ əlbəttə ki, bizim üçün hörmətli dövlətdir. Azad, ədalətli ölkə olan ABŞ həm də Azərbaycanın müttəfiqidir. Biz onu sülh dövləti kimi tanıyırıq. Lakin orada Co Baydenin prezident elan olunmasından sonra yaşananlar bizim bildiyimiz məlum Amerika dəyərlərinə, Birləşmiş Ştatlara xas xüsusiyyətlərə uyğun gəlmir.

ABŞ tarixində inqilab da olub, despotizmə qarşı etirazlar da. O, bu gün dünyanı məhz bu səbəbdən cəlb edir. Lakin başa düşdüyüm qədər, əksər amerikalı və bütün dünya anlayır ki, ötən həftə Kapitolidə baş verənlərin qeyd olunanlarla heç bir əlaqəsi yoxdur. Son hadisələr radikallığın, zorakılığın, anti-demokratik əhvalın təzahürüdür. Bütün bunlar isə ABŞ-a xas olmayan xüsusiyyətlərdir. Bir müddət əvvələdək ABŞ-da hadisələrin bu cür cərəyan edəcəyini təsəvvür etmək olmazdı. Zorakılıq ölkələri, xalqların geridə qalmasına səbəb olan, işıqlı gələcəyə getməsinə imkan verməyən haldır. Bizim tanıdığımız və sevdiyimiz ABŞ-da ona yer yoxdur.

Bu gün dünya misli görünməmiş təlatümlərlə üz-üzədir. Müxtəlif ölkələrdə yeni təhlükəli tendensiyalar da meydana gəlir. Bütün bunların fonunda ABŞ və zorakılıq...

Ötən ilin iyulunda Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğu və digər konsulluqları qarşısında etiraz aksiyaları keçirilmişdi. Amerika Erməniləri Milli Komitəsi ilə Erməni Gənclər Federasiyası təşkil etdiyi aksiyada yüzlərlə radikal erməni azsaylı azərbaycanlı qruplarına hücum etmişdi. O zaman xəsarət almış 9 azərbaycanlıdan 5-i xəstəxanaya yerləşdirilmişdi. İnsidentlər zamanı 1 polis də yaralanmış, onu yaralayan şəxs daha sonra həbs edilmişdi. Los-Ancelespolisi həmin hadisəni “nifrət zəminində törədilən cinayət” kimi araşdırır.

Həmin hadisədən bir neçə ay sonra eyni erməni qrupu bu dəfə İsrailin Los-Ancelesdəki Baş konsulluğuna qarşı etiraz aksiyası keçirib. Qeyd edək ki, Azərbaycan və İsrailin Los-Ancelesdəki baş konsulluqları eyni binada yerləşir. Həmin gün bir qrup erməni İsrailin müttəfiqi Azərbaycana dəstəyinə etiraz edir, yəhudi dövlətini nasist Almaniyası ilə eyniləşdirirdi.

Məlum olduğu kimi, noyabrın 10-da Ermənistanla Azərbaycan arasında atəşkəs müqaviləsi imzalanıb. Sənəd Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı rayonlarından çıxarılmasını da nəzərdə tutur. Sənəd imzalanar-imzalanmaz, yüzlərlə erməni Ermənistan parlamentinə, Yerevanda yerləşən digər hökumət binalarına hücum edib, binaların şüşələri sındırılıb, parlamentin spikeri isə döyülüb. Etirazçılar Paşinyanın ofisinə də daxil olub, oranı dağıdıb. Doğrudur, baş nazir sağ qala bilib – həmin vaxt onun harada gizləndiyi məlum deyil.

Daha sonra bir qrup erməni “Azadlıq Radiosu”nun Yerevan ofisinə də hücum edib. Radionun prezidenti vəzifəsini icra edən Deyzi Sindelar bunu “böyük hadisələr zamanı qərəzsiz fəaliyyət göstərən jurnalistlərə qarşı qınanması vacib hücum” kimi qiymətləndirib.

Bir sözlə, istər Ermənistanda, istərsə də digər ölkələrdə zorakılıq baş verən zaman azadlığa təhdid yaranır. Lakin Ermənistanda kütlənin hökumət binalarına, azad mediaya hücumu dəhşətli olsa da, təəccüblü deyil. Biz hətta ABŞ-da belə, radikal ermənilərin Azərbaycana qarşı etiraz aksiyası keçirən zaman hansı əməllərə əl atdıqlarını görürük. Bu, həmin Ermənistandır ki, Azərbaycanın Qarabağ regionunu işğal etmiş, həmin ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə aparmışdı. Bunların beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduğunu vurğulamaq yəqin ki, artıq olardı.

Doğrudur, ermənilər ABŞ-da etiraz aksiyası keçirmək hüququna malikdir. Onlar hətta saxta şüarlar səsləndirə, işğalı, təcavüzü dəstəkləyə də bilərlər. Çünki Birləşmiş Ştatlarda insanın söz azadlığı qorunur. Lakin etiraz aksiyası zorakılığa çevrilirsə, radikal ermənilər söz azadlığını qoruyan dəyərləri tapdayırsa...

Başqa sözlə, Vaşinqtonda etiraz aksiyası keçirən insanlar da təbii ki, mitinq təşkil etmək hüququna malikdirlər. Lakin nümayişçilər zorakılığa əl atırsa, polislərə hücum edirsə, bu, artıq demokratiya deyil.

Mən zorakılığın ən iyrənc formasını yaşamış, işgəncələrdən sağ çıxmış, sülhü müdafiə edən şəxs kimi deyə bilərəm ki, zorakılıq və qanunsuzluğun baş qaldırdığı dövrdə demokratik ölkədə belə, təhlükəsizlikdən danışmaq yersizdir. Radikal işğalçılar mənim doğma şəhərimi zəbt etməmişdən qabaq mən orada demokratik şəraitdə yaşayırdım. Amma şəhərin işğalından sonra təhlükəsizliyimiz, azadlığımız bir anda yox oldu. Sanki o, ümumiyyətlə olmamışdı.

O zaman mən xoşbəxtlikdən sağ qaldım. Lakin öz vətənimdə məcburi köçkünə çevrildim. Doğrudur, mənim həyat nümunəm xarici işğalçılarla bağlıdır. Amma qərəz və nifrət hissi ilə zorakılığın olduğu hər yerdə vəziyyət eynidir. Çünki hər zorakı addımdan sonra azadlığın, demokratiyanın hüdudları dəyişə bilər.

Biz artıq 2021-ci ildəyik. Gəlin, sülhə, tərəqiyyə sadiq, dağıdıcı pandemiyanın ardından bərpa olunacaq dünya ictimaiyyətinin üzvləri kimi, demokratiyaya təhdid yaradan halları birlikdə qınayaraq, demokratiyanın müdafiəsi yoluna sadiq qalaq.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: JEWISH JOURNAL
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.