Ermənistanı blokadada saxlamaq zərurəti - Bakının centlmensayağı davranışı nə qədər sürəcək?

16-01-2021, 09:33           
Ermənistanı blokadada saxlamaq zərurəti - Bakının centlmensayağı davranışı nə qədər sürəcək?
Paşinyanın köməkçisinin “erməni xalqı 30 ildir bilirdi ki, Qarabağ Azərbaycan torpağıdır” etirafı rezonans doğurdu; politoloqlara görə, Ermənistan hələ də iqtisadi baxımdan sağlam düşüncədən kənardır...
Ermənistanın hərbi kapitulyasiyaya imza atmasından sonra düşmən ölkənin regional iqtisadi layihələrdən bir müddət də kənarda saxlanılması barədə fikirlər səslənməkdədir. Bunu belə əsaslandırırlar ki, rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanısın, silahlı birləşmələri Dağlıq Qarabağ ərazilərindən tam çıxsın, “artsax” cəfəngiyatından imtina etsin və daha sonra iqtisadi layihələrə qoşulsun.

“Yeni Müsavat” yazır ki, Dağlıq Qarabağ konflikti bizdən ötrü tarixə çevrilsə də, dolaysıyla gündəmdə qalmağa davam edir. Belə desək, işğala son qoyulsa da, erməni probleminə son qoyulmayıb. Eyni zamanda, Moskvada keçirilən üçtərəfli görüşdən sonra Ermənistanın baş naziri hələ də qeyri-konstruktiv mövqeyindən geri çəkilməyib, Dağlıq Qarabağın statusunun həllindən danışır.

Belə olan təqdirdə, bəzi təhlilçilərin fikrincə, qonşu ölkə ilə onunla iqtisadi əlaqələr qurmaq, Ermənistanı regional inteqrasiya layihələrinə qoşmaq, sərhədləri və kommunikasiyaları açmaq, İrəvanla eyni iqtisadi birliklərdə və bloklarda təmsil olunmaq düzgün olmazdı. Necə ki, bunu indiyədək etməmişik, Ermənistan blokadaya salınıb, yenə bu şərtə sadiq qalmalıyıq. Amma bu yanaşma nə dərəcədə rasionaldır? İrəvanı ərazi bütövlüyümüzü tanımağa məcbur eləmək mümkün olacaqmı?

Əslində 11 yanvar bəyanatından görünür ki, rəsmi Bakının belə niyyəti yoxdur. Artıq nəqliyyat-kommunikasiyaların açılmasına razılıq verilib. Moskva görüşündə ərazi bütövlüyü, Xankəndi, Xocavənd və digər ərazilərdə qalan erməni silahlıların evakuasiyası haqda müzakirələr aparılmasa da, növbəti görüşlərdə mərhələli şəkildə problemin həll olunacağı güman edilir. O baxımdan iqtisadi layihələrdən Ermənistanı yenə təcrid etmək nə dərəcədə düzgün siyasət olardı?

Üstəlik, Paşinyanın köməkçisi Nairi Sarqsyan əsgərlərin valideynləri ilə görüş zamanı deyib ki, “erməni xalqı 30 ildir bilirdi Qarabağ Azərbaycan torpağıdır”. Sözügedən açıqlama Ermənistanda geniş müzakirə mövzusuna çevrilib.

Bu açıqlamanı həm də Ermənistan cəmiyyəti tərəfindən tarixi həqiqətlərin və ədalətin qəbul edilməsi istiqamətində ilk qığılcım kimi də qiymətləndirmək mümkündür. İstər cəbhədə, istərsə də siyasi arenada ağır məğlubiyyətə düçar olmuş Ermənistanın hərbi-siyasi rəhbərliyi artıq həqiqəti etiraf etmək məcburiyyətində qalıb.

Politoloq Tofiq Abbasovun “Yeni Müsavat”a açıqlamasında öncə Ermənistanın özü-özünü böyük fəlakətin astanasına gətirdiyini xatırladı: “İndi Qarabağa nəzarət Azərbaycandadır, söz sahibi və mütləq qalib bizik. Onlardan fərqli olaraq, alçaqcasına, cılız tərzdə özümüzü ifadə etmirik. Biz həqiqətən də centlmensayağı, xoşməramla bu məsələlərə yanaşırıq. Onlara da izah edirik ki, səhv yoldan çıxmalısınız, Ermənistanda camaat bir-birini didir, kənardan özünüzə baxın. Yəni biz onlara variantlar veririk, bu imkanlar realistik görünür, bölgənin dövlətləri razılıq veriblər, qəbul ediblər, bu kommunikasiyalar yeni mənfəətlər deməkdir. Ermənistan bu fürsətləri anlamalıdır, fəlakətə davam etməklə heç nəyə nail ola bilməzlər”.

T.Abbasovun fikrincə, Ermənistanda hakimiyyət davası bitənə qədər belə halların şahidi olacağıq: “Amma bunun sonu var. Tutaq ki, Paşinyan getdi, təzəsi nə edəcək? Bəlkə müharibəni udacaq? Təbii ki, yox. Ona görə alternativləri nəzərdən keçirsinlər, adam balası kimi etiraf etsinlər və proseslərə qoşulsunlar”.

Siyasi şərhçi Ramiyə Məmmədovanın fikrincə, 11 yanvar razılaşması Ermənistan üçün bir nəfəslikdir. O, hesab edir ki, Ermənistan ərazi bütövlüyümüzü tanımağa məcbur olacaq, hər şey sərhədlərin delimitasiyasından sonra aydınlaşacaq: “Paşinyana qarşı olan qüvvələr prosesi pozmağa cəhd edir. Amma bunun Ermənistan üçün qaranlıq bir tunelə giriş olduğunu anlamırlar. Biz hazırda maksimalist mövqedən çıxış etməklə tərəfləri qıcıqlandıra bilmərik. Azərbaycan diplomatiyada hərb meydanında olduğu kimi soyuqqanlı iş aparmalıdır. Əgər biz İrəvanı layihələrdən kənarda qoysaq, ”ərazi bütövlüyümüzü tanı" şərtini irəli sürsək, danışıqları gərgin məcraya yönəltmiş olarıq. Bundan rus sülhməramlıları da hansısa formada istifadə edə bilərlər. Ona görə ardıcıl iş getməlidir, Mehri dəhlizinin, Naxçıvanla quru yolun açılması geosiyasi anlamda mühüm hadisədir, qalan məsələlər zamanla həllini tapacaq".

Ekspert Ermənistanın ərazi bütövlüyümüzü tanımaqdan başqa yolu olmadığını düşünür: “Diplomatik əlaqələrin qurulması üçün yeganə seçim budur. Ermənilər ”dqr" iddialarından əl çəkməlidirlər, bu qondarma rejimi Ermənistanın özü belə tanımır".

İqtisadçı Aleksandr Razuvayevin sözlərinə görə, Ermənistan hələ də iqtisadi baxımdan sağlam düşüncədən kənar siyasi ambisiyalara sahibdir: “İrəvanın Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilən sərhədlərini tanıması, həmçinin Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırması düzgün olardı. Özünü təcridetmə siyasəti, ilk növbədə, İrəvanın iqtisadiyyatına ziyan vurur. Vaksinasiya, pandemiyanın sonu və beynəlxalq turizm Ermənistana yeni bir şans verir. Lakin siyasət səbəbindən bu şans, çox güman ki, əldən veriləcək”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.