Oqtay Əsədovun əlindən Azərbaycanı tərk etmiş əski kürəkəni London meri postuna namizəddir...
22-02-2021, 11:40

Teref.az xəbər verir ki, İngiltərə mediasının yazdığına görə bu il Londonda bələdiyyə seçkiləri keçiriləcək və bu posta namizədlərdən biri həmvətənimiz Kamran Balayevdir. Teref.az-ın yazdığına görə müstəqil araşdırmaçı jurnalist bu barədə maraqlı məlumatlar paylaşıb.
Cavanşir Həsənli yazır ki, May ayında London seçiciləri bələdiyyə başçısını seçəcəklər. London meri vəzifəsi uğrunda mübarizə aparan 20-dək namizəddən biri də azərbaycanlı Kamran Balayevdir.
Kamran Balayev Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun keçmiş kürəkənidir. Boşanandan sonra Kamran Balayev o zaman MM-ə rəhbərlik edən Oqtay Əsədovun təzyiqlərinə məruz qalıb. Oqtay Əsədov MM mühafizəçilərindən istifadə etməkdən çəkinmədən onun şəxsi mənzilinin qapılarını qırıb, evini ələ keçirmişdi. Ona övladları ilə görüşməyə imkan vermirdi. Kamran Balayev həbs təhlükəsindən və təqiblərdən başını götürüb İngiltərəyə qaçmışdı.
Budur, o gənc indi London meri olmağa hazırlaşır. Uğurlar arzulayaq, ümid edək ki, seçkini qazanacaq və London may ayından öz azərbaycanlı merini alqışlarla qarşılayacaq.
Bəs Oqtay Əsədov? O, yaşının bu çağında az qala hər gün ifşa olunur, boğazına kimi bulaşdığı korrupsiya bataqlığında çabalayır. Bəlkə də həmin günə qədər həbsxananın bir küncündə olacaq. Hərçənd inandırıcı deyil, amma nə bilmək olar həyatdır, kiminin əvvəli, kiminin axırı...
Teref.az maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırdır!
Teref.az