Kasıb mərd olur, haram yeyən gözükölgəli

22-02-2021, 18:05           
Kasıb mərd olur, haram yeyən gözükölgəli
Vətəndaşın Asan imzası və Visa Elektron kart hesabı varsa, o ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciət üçün təmsilçilik ərizəsini notariat kontoruna getmədən də, yəni elektron yolla ala bilər. Bu, nisbətən yeni yaranmış xidmət növlərindən biridir. Təmsilçilik ərizəsini almaq üçün ailə tərkibi haqqında arayışı isə ərazi icra nümayəndəliyinin verməsi mütləq deyil. Çünki bu arayışı verə bilən Elektron Hökumət Portalı, yaxud ASAN xidmət və DOST mərkəzi kimi alternativ qurumlar var. Ancaq Lənkəran şəhər 1 saylı notariat ofisinin müdiri Səfər Yusifəliyev iddia edir ki, ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciət üçün ailə tərkibi haqqında arayışı Təlimata əsasən yalnız ərazi icra nümayəndəliyi verməlidir, çünki Asan xidmət, yaxud Elektron Hökumət Portalı şəxsin faktiki yaşayış ünvanını və bu ünvanda daha kimlərin yaşadığını bilmir. Ərazi icra nümayəndəliklərində isə bunları bilirlər.
Teref.az xəbər verir ki, bunu saytımıza yazan məqalə müəllifi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Alim Hüseynov yazır.
Daha sonra Alim Hüseynov yazır, amma məncə Səfər müəllim yanılır. Əvvəla, faktiki yaşayış ünvanını VEMTAS-a düzgün daxil etməmək şəxsin öz ziyanınadır, çünki belə olduqda yoxlama zamanı uyğunsuzluq aşkar olunacaq və ona ünvanlı yardım təyinatından imtina olunacaq. İkincisi, VEMTAS-a görə təmsilçinin faktiki yaşayış ünvanında digər ailələr də yaşaya bilər və bu onun öz ailəsi adından müraciət etməsinə mane olmur. Onların adlarını ailə tərkibi haqqında arayışa daxil etmək heç də vacib deyil. Bunu sadəcə ərizə bəyannamədə qeyd etmək kifayətdir. Onsuz da ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı bunlar üzə çıxır. Üçüncüsü, ola bilsin Təlimat elektron hökumət portalının formalaşdırılmasından qabaq yazıldığına görə onun təkmilləşdirilməsinə ehtiyac var. Ona görə də Səfər müəllimin, yaxud bəzi ərazi İcra nümayəndələri və ya onların katiblərinin "narahatçılığını" başa düşmək olmur. Onların, görünür, VEMTAS sisteminin mahiyyətindən ya xəbərləri yoxdur, ya da ASAN xidmətə rəqib təşkilat kimi baxırlar. Ancaq mən adam tanıyıram ki, Asan xidmətdən aldığı arayışla elə oradakı notarial xidmətlər bölməsindən təmsilçilik barədə ərizə alıb. Ancaq bəzi ərazi icra nümayəndəliklərində hələ də hökm sürən süründürməçilik, bürokratiya və rüşvət kimi sovet dövründən qalma stereotiplər vətəndaş-dövlət birliyinə xələl gətirir, xalqla prezidentə olan etimadına zərbə vurur. Məsələn, bu günlərdə bir nəfər tanışım ünvanlı sosial yardımla bağlı 1 saylı Lənkəran notariat kontoruna təmsilçilik ərizəsi almaq üçün müraciət edərkən Asan xidmətdən və ya elektron hökumət portalından verilən arayışı təqdim etmiş, ancaq kontorun müdiri Səfər Yusifəliyev arayışı qəbul etməyərək onu ərazi icra nümayəndəliyinin arayışını tələb etmişdir. Beləliklə, bu zavallı əl boyda kağız parçası üçün ərazi icra nümayəndəsinin katibinə 50 AZN rüşvət verməli olub. Nöşün ki, qaynanası da həmin evdə yaşayır və gərək onun da adı ola! Amma onlar başa düşmür və ya düşmək istəmirlər ki, (yəni başa düşmək onlara sərf eləmir ki,) qanunvericiliyə görə qayınana ailə üzvü yox, yaxın qohum sayılır. ASAN-da isə hər kəsə öz ailəsinin üzvləri haqqında arayış verilir. Həm də bu xidmət ödənişsizdir.
Deyirəm, niyə gərək elə biz sadə və kasıb insanlar həmişə belə gülünc vəziyyətlərə düşək? Amma kasıb həmişə mərd olur, haram yeyənlər isə gözü kölgəli.

Hörmətlə,
Alim Hüseynov, Lənkəran
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.