Səudiyyə üzərində “Domokl qılıncı” - ABŞ Qaşıqçı işində krallıqdan nələr qoparacaq...

4-03-2021, 08:20           
Səudiyyə üzərində “Domokl qılıncı” -
Amerikalılarla ərəblər arasında gərginlik artır, Ər-Riyad kəşfiyyatın hesabatını rədd edib, yəhudi mediası prosesin Vaşinqton-Ankara yaxınlaşmasına gətirib çıxaracağını düşünür; politoloq: “Bayden hökuməti yeni güzəştlər qoparmağı hədəfləyib və bu istəyinə çatana qədər Qaşıqçı məsələsini gündəmdə saxlayacaq”

Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ştatlar arasında gərginlik artır. “Yeni Müsavat” xəbər verir ki, krallıq rəhbərliyi jurnalist Camal Qaşıqçının qətli haqda ABŞ kəşfiyyatının hesabatını rədd edib.

S.Ərəbistanının Xarici İşlər Nazirliyi bəyan edib ki, yalan və qəbuledilməz dəyərləndirmədir, hesabatda yanlış nəticələr var, ölkə rəhbərliyi cinayəti törədənlərlə bağlı tədbirlər görüb.

ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyi isə hesabatda jurnalistin qətlində kralın vəliəhdi Məhəmməd ibn Salmanın əli olduğunu açıqlayıb. Bu hesabatın yayılmasının Bayden administrasiyası dövrünə təsadüf etməsindən hasil olan nəticəyə görə, ABŞ-Səudiyyə əlaqələri pisləşəcək.

İsrailin “Haaretz” nəşri isə belə qənaətə gəlib ki, Qaşıqçı ilə bağlı yayılan hesabat ABŞ-Türkiyə yaxınlaşmasını təmin edə bilər.

Nəşr qeyd edib ki, Co Bayden administrasiyası NATO üzvü olan Ankara ilə münasibətləri yaxşılaşdırmağı qarşısına hədəf qoyub. “Haaretz”in analizinə görə, bununla belə, Səudiyyə Ərəbistanı ABŞ-ın Yaxın Şərqdəki müttəfiqi olaraq qalacaq. Sadəcə, Vaşinqton Ər-Riyadı sıxır.

Bəs bu sıxma-boğma siyasətinin qayəsində nə dayanır? Amerika ərəb dövlətindən yeni güzəştlər, milyardlar qopara bilərmi? Qətlə yetirilən jurnalistin qanı ABŞ-a bu dəfə başqa hansı formada lazımdır? Doğrudanmı Bayden cinayətin üstünün açılmasında səmimidir?

Yada salmaq yerinə düşər ki, Bayden seçkiqabağı debatlarda Ər-Riyadla haqq-hesabı çürütməyə söz vermişdi. Və bu, bir sıra suallar doğurur. İki dövlət arasındakı münasibətlərin mərkəzində krallığın müdafiəsini təmin etmək öhdəliyi müqabilində Amerikanın neftə çıxış əldə etməsi dayanır. Səudiyyə Ərəbistanı ABŞ silahlarının ən böyük müştərisidir.

Bu əməkdaşlıq hər iki tərəfin strateji maraqlarını təmin edir. Ancaq dəyərlər məsələsində - demokratiya və insan haqlarının qorunması ilə bağlı yanaşmalar bir-birindən fərqlənir. Bu fikir ayrılığı Barak Obamanın hakimiyyət illərində özünü daha çox büruzə verirdi. Donald Trampın Ağ Evə gəlişi ilə münasibətlər istiləşdi.

Bununla belə, Tramp hakimiyyətə gəlməmişdən qabaq nəinki ərəb tərəfdaşına bir o qədər də rəğbət bəsləmir, hətta ABŞ-ın “ərəb terroristlərinə kömək etmək niyyətində olmadığını” bəyan etmişdi.

Ancaq sonradan necə oldusa, Tramp ilk rəsmi ziyarətini Ər-Riyada etdi və onun səlahiyyət müddətinin sonunda ABŞ Dövlət Departamenti husiləri terror təşkilatı kimi tanıdı. Keçmiş prezident vəliəhdlə yaxın münasibətlərini əsasən kürəkəni və xüsusi müşaviri Cared Kuşner vasitəsilə davam etdirirdi. Qaşıqçının qətlinə dair hesabat isə Tramp administrasiya dövründə hazır olsa da, dərc edilməmişdi.

Ekspertlərin fikrincə, iki ölkə arasındakı münasibətlərin tamamilə yenidən qurulacağını söyləmək olmaz. Yaxın Şərq üzrə mütəxəssis Aleksey Xlebnikov da bu fikri dəstəkləyir. Onun sözlərinə görə, iki ölkənin qarşılıqlı münasibətlərində strateji baxımdan heç bir dəyişiklik baş verməyəcək. Rusiya Beynəlxalq Məsələlər Şurasının Yaxın Şərq layihələri üzrə meneceri Ruslan Məmmədov da onunla həmfikirdir: “Münasibətlərdə düzəliş etməyə çoxdan ehtiyac var. Hələ Obamanın dövründən bəri amerikalılar energetika sahəsində xeyli irəlilədilər, dünyada neft istehsalında birinci yerə çıxdılar və Səudiyyə Ərəbistanına daha az ehtiyac duymağa başladılar. Yeni rəhbərlikdəki bəzi insanların ABŞ-ın xarici siyasətinə fərqli yanaşması var. Söhbət xarici siyasət məsələlərinin yenidən balanslaşdırılmasından gedir".

AĞ Partiya sədrinin I müavini, siyasi təhlilçi Əhəd Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ-ın Qaşıqçı cinayətinin açılmasında heç bir səmimiyyəti yoxdur. Onun fikrincə, Bayden hökuməti ərəb ölkəsindən yeni güzəştlər qoparmağı hədəfləyib və bu istəyinə çatana qədər Qaşıqçı məsələsini gündəmdə saxlayacaq.

“Vəliəhdlə Tramp çox yaxın idilər. Hətta Tramp Amerika prezidenti seçiləndə ilk səfərini Səudiyyəyə etmişdi, ərəblər də amerikalılardan neçə milyardlıq silah almışdılar.

Tramp bununla bağlı demişdi ki, əgər istəyirsənsə səni İrandan qoruyum, onda məndən silah al. İndi isə yeni şərtlər və güzəştlər aktuallaşıb", - deyə siyasi ekspert belə güman edir.

Ə.Məmmədlinin sözlərinə görə, Bayden hakimiyyətə gələn kimi Qaşıqçı cinayəti şantaj və təzyiq rıçaqı olaraq Səudiyyəyə qarşı istifadə edilir: “Amerika istədiyi güzəştləri qoparanda məsələ bağlanacaq. ABŞ Səudiyyədən indiyə qədər çox şey ala bilib. Ola bilsin ki, indi Yaxın Şərq, Rusiya və Çin siyasətində növbəti referensiyalar istəyir.

Həmçinin terror qrupları ilə bağlı hansısa tələbləri ola bilər ki, o üstünlükləri qazansın. Ümumilikdə Trampla yaxın olmuş Səudiyyə elitası Baydeni dəstəkləmək istiqamətində addımlar atmasa, Qaşıqçının qətli onların başında “Domokl qılıncı” kimi dayanacaq. Ona görə də ABŞ-Səudiyyə Ərəbistanı münasibətləri şaquli əlaqələrdir və prosesin gedişatından asılı olaraq biz baş verənləri daha aydın təhlil edə bilərik".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.