İran Ali liderindən ABŞ-a İŞİD ittihamı - gerçək, yoxsa...

13-03-2021, 08:48           
İran Ali liderindən ABŞ-a İŞİD ittihamı - gerçək, yoxsa...
Qabil Hüseynli: “Faktlar onu göstərir ki, İŞİD-in sıradan çıxarılmasında ABŞ həlledici rol oynadı...”
İran İslam Respublikasının Ali lideri Seyid Əli Xameneyi deyib ki, İŞİD-i ABŞ yaradıb. Onun sözlərinə görə, İŞİD-i bəhanə edərək bölgədə hərbi baza qurdular. İŞİD-i müasir media imkanları və maliyyə dəstəyi ilə təmin etdilər. Ali lider deyib ki, amerikalılar Suriya neftini satması üçün zəmin hazırladılar və sonra da İŞİD-lə savaşdıqlarını iddia edirlər.

Qeyd edək ki, İŞİD-i ABŞ-ın, Qərbin yaratdığı haqda iddia indiyədək çox səsləndirilib. Amma indi Xameneyinin bunu yenidən gündəmə gətirməsi maraqlıdır. Həm də İŞİD-in zəiflədiyi, terror aktları keçirmədiyi, dünyanı əvvəlki kimi qorxu altında saxlaya bilmədiyi bir vaxtda İran lideri kimi ciddi bir şəxsin İŞİD mövzusunun üzərinə gəlməsi və məhz Amerikanı hədəf göstərməsi suallar yaradır.

Politoloq Qabil Hüseynli bu barədə şərhində bildirdi ki, Seyid Əli Xameneyinin bəyanatı ABŞ-ın yeni prezidentini Co Baydenin İrana münasibətdə ortaya qoymağa başladığı mövqeyə cavabdır: “Əslində İran hakimiyyəti İŞİD-in necə və nə üçün yaradıldığını bilir. Eyni zamanda İŞİD-ə qarşı ən sərt mübarizənin də hansı dövlətlərin apardığını da dəqiq bilirlər. Mən Amerikanın bir çox məsələlərlə bağlı siyasətini tənqid edənlərdənəm. Amma elə faktlar var ki, tənqid edilməsi düzgün olmazdı. Co Baydenin yaxın Şərqlə bağlı həyata keçirmək istədiyi addımları mən də tənqid edirəm. Amma İŞİD-in nəfəsinin kəsilməsində Amerikanın böyük rol oynadığını söyləməmək ədalətsizlik olar. İŞİD-in ABŞ və ya başqa hər hansı dövlət tərəfindən yaradıldığını söyləmək çox ciddi və ağır ittihamdır. Odur ki, bu cür ağır ittihamı irəli sürmək üçün əldə ciddi faktlar olmalıdır.

Mən deyə bilmərəm İran Ali Liderinin əlində ciddi faktlar var, ya da yoxdur. Mənim məlumatlarıma, prosesləri izləməyimdən gəldiyim nəticəyə görə, İŞİD-lə ən sərt mübarizəni ABŞ aparıb. İŞİD-in ilk yarandığı və meydan suladığı dövrləri xatırlayanda, həmin dövrdə anti-İŞİD koalisiyasının formalaşmasının təşəbbüskarı da Amerika idi. Eyni zamanda İŞİD-ə havadan sarsıdıcı zərbələri ən çox endirən də ABŞ idi. İŞİD Suriyanın bir hissəsini, sonra isə İraqın bir hissəsini tutub Mosulu özünün paytaxtı elan edib dünyaya meydan oxuyanda böyük dövlətlərdən Rusiyanı, Çini görmək mümkün deyildi. İŞİD-ə qarşı ərəb ölkələrinin mübarizəsi də kəskin deyildi. Səudiyyə Ərəbistanı sonradan “İslam ordusu” adlı kiçik ordu yaratdı İŞİD-ə qarşı. İranın özü ilk vaxtlar İŞİD-ə qarşı mübarizədə elə də böyük qüvvə sərf etmirdi. Mən bu fikirləri qətiyyən ABŞ-ı müdafiə eləmək məqəsdilə demirəm. Sadəcə, faktları dilə gətirirəm. Faktlar isə onu göstərir ki, İŞİD-in sıradan çıxarılmasında, dayaqlarının sarsıdılmasında, Amerika həlledici rol oynadı. İŞİD-ə qarşı böyük cəbhəni açan da ABŞ-ın təşəbbüsü ilə yaranan və özünün başçılıq etdiyi koalisiya idi. Bu koalisiyanın sıralarına Avropanın böyük dövlətləri daxil olmuşdular".

Q.Hüseynli qeyd etdi ki, Amerikanın İŞİD-in ələ keçirdiyi və keçirməyə çalışdığı bölgənin neftinə ciddi ehtiyacı yox idi ki, neftə görə İŞİD oyununu qurub oynasın: “Amerika yaxın Şərqdən demək olar ki, neft almır. İŞİD-lə mübarizədə həlledici uğurlar qazanıb İŞİD küncə sıxılanda Amerika İraqdakı qoşunlarının yarıya qədərini çıxardı. Sonra isə Suriyanın Türkiyəyə yaxın bölgələrindəki hərbi bazalarını ya bölgədə fəal siyasi müpbarizə aparan cəbhəyə bağışladı, ya da hərbi bazalarını tamamilə çıxardı. İŞİD-in lideri Əl Bağdadinin yerini müəyyənləşdirən və onun həbsini gerçəkləşdirən də Amerikanın xüsusi qüvvələri oldu. Amerika İŞİD-lə mübarizədə milyardlarla dollar vəsait xərclədi. İndi İran tərəfi İŞİD-i Amerikanın yaratdığını deyəndə nələrə əsaslandığı maraqlıdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.