Fəzail Ağamalı Mərkəzi Bankı sərt tənqid etdi
17-03-2021, 09:32

Millət vəkili Fəzail Ağamalı Nazirlər Kabinetinin hesabatında Mərkəzi Bankı sərt tənqid edib.
Teref.az millət vəkilinin çıxışını olduğu kimi tədim edir:
"2020-ci ildə böyük bəlaya çevrilən pandemiyanın yaratdığı çətin duruma baxmayaraq hökumət ölkə prezidentinin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün yüksək peşəkarlıq nümayiş etdirdi, yaradılan operativ qərargah öz işini nümunəvi qurdu və dünyanın üstün təcrübəsinə söykənərək, virusun daha ağır fəsadlar törətməsinin qarşısını ala bildi. Pandemiyanın yaratdığı iqtisadi məhdudiyyətləri və sosial çətinlikləri minimuma endirmək məqsədilə cənab prezidentin imzaladığı fərmana əsasən sahibkarlara və işini itirmiş aztəminatlı vətəndaşlara yardımlar göstərildi. Obyektiv amillərin yaratdığı çətinliklərə rəğmən Vergilər və Gömrük sistemində aparılan islahatların davam etdirilməsi və şəffaflığın təmin olunması, sahibkarlığa, kiçik və orta biznesə, kənd təsərrüfatı fermerlərinə yüksək dəstək, təbii sərvətlərimizin qorunmasına və istifadəsinə xüsusi diqqətin ayrılması, Pandemiyanın kəskin xarakter daşıdığı zaman kəsiyində bütün səhiyyə işçilərinin və polisin fədakarlığı ötən ilin səciyyəvi cəhətləri kimi dəyərləndirilməlidir.
2020-ci il ölkəmiz, dövlətimiz və xalqımız üçün olduqca əlamətdar, tariximizin ən şərəfli səhifələrindən biri kimi qürur mənbəyimizə çevrildi.
21-ci əsrin ən yenilməz və qalib sərkərdəsi statusunu qazanan Ali Baş komandan, cənab İlham Əliyev yaratdığı modern ordu ilə, yetişdirdiyi vətənpərvər, qəhrəman və igid əsgər və zabitlərimizlə, formalaşdırdığı güclü dövlətlə cəmiyyətlə və bütün xalqımızla 200 ildən üzərimizə gələn, köləsi olduğu dövlətlərin hərtərəfli köməyilə tarixi torpaqlarımızı min bir hiylə və fitnə ilə ələ keçirib saxta, ənənəsi olmayan dövlətini yaradan faşist ruhlu ermənilik üzərində möhtəşəm qələbə qazandı, millətimizin qan yaddaşında xilaskar sərkərdə, tarix yazan prezident, ustad diplomat, mahir siyasətçi, güclü dövlət xadimi kimi əbədiləşdi və bizi qalib millətə, məğlubedilməz dövlətə çevirdi.
2018-ci ildən başlayan və dövlətçiliyimizin gücünü, imunitetini gücləndirən islahatlar davamlı, sistemli xarakter daşıyan prosesdir. 2018-ci ildən başlayan bu prosesin birinci mərhələsinə Ali Baş Komandan işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə yekun vurdu. Artıq bütövləşən Azərbaycanı daha yüksək inkişaf səviyyəsinə qaldırmaq üçün növbəti mərhələ başlayıb. Bu mərhələ hər bir qurumun, hər bir məmurun, hər bir vətəndaşın daha ciddi və məsuliyyətli sınaq mərhələsidi.
İşğaldan sonra qarşıda duran ən ümdə vəzifə barbar düşmənin xarabaya çevirdiyi şəhər və kəndlərimizi abadlaşdırmaq, illərdən bəri doğma yurdlarından didərgin düşən soydaşlarımızın Böyük Qayıdışını reallaşdırmaqdır. Bu yolda artıq ciddi addımlar atılmaqdadır. Cənab prezident birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla xanım Əliyeva ilə vaxtaşırı işğaldan azad edilmiş rayonlara gedir, vəziyyətlə yerindəcə tanış olur, ciddi layihələrin təməlini qoyur, düşmən dövlətə, beynəlxalq aləmə və xalqımıza əhəmiyyətli mesajlar verir. Dəqiq hazırlanmış proqrama uyğun olaraq işlər gedir, torpaqlarımız minadan təmizlənilir, azad olunmuş bütün ərazimiz elektrik, qaz, su ilə təmin olunur, qardaş Türkiyənin dünya çapı şirkətləri Zəfər avtomobil yolunu çəkir, hava limanı sürətlə tikilir və son illər ciddi islahatlar nəticəsində ölkə iqtisadiyyatında önəmli rol oynamağa başlayan Azərbaycan Dəmir Yolları Azərbaycanın bütün qütblərini azad edilmiş bölgələrlə, eyni zamanda 30 il ayrı düşən Naxçıvanı da Ana Vətənlə birləşdirən olduqca vacib bir vəzifəni yerinə yetirir.
Bütün bunları etiraf etmək əlbətddə, sevindiricidi. Təəssüflər olsun ki, uğurlarımıza mane olan məqamlar da mövcuddur. Söhbət ölkədəki bank-pul kredit sistemindən gedir. Yaxşı ki, Maliyyə Nazirliyi bu gün kifayət qədər məsuliyyətli, dövlətçiliyimizə sadiq olan peşəkarların əlindədi və onların gərgin əməyilə ölkədə maliyyə sabitliyi təmin olunur.
Cənab prezident də Bank sistemindəki narahatçılığı önə çəkərək deyir: “Bizim iqtisadiyyata ən böyük zərbə vuran bank sektoru olmuşdur. Ona görə də bu sektorun tənzimlənməsi, sağlamlaşdırılması, şəffaflaşması beynəlxalq standartlara uyğunlaşdırılmalıdır”. Əslində, olduqca dəqiq və sərrast deyilmiş bu fikirlərdən sonra əlavə şərhə ehtiyac yoxdu. Sadəcə olaraq ən sadə Azərbaycan vətəndaşının belə bildiyi həqiqəti xatırlatmaq istərdim. İllərdi yüz minlərlə Azərbaycan vətəndaşını zəlil günə qoyan, Azərbaycanın ailə institutuna ciddi zərbələr vuran, insanlarımızın evlərini, mülklərini əllərindən alan müasir başa bəla Azərbaycan bank sisteminin yaradıcısı olan Mərkəzi Bankın rəhbəri hələ dəyüksək faizli bu missiyanı davam etdirməkdədi. Cehiz krediti deyilən istehlak kreditləri ailə quranların faciəsinə çevrilib, 50-60 min manat kredit götürüb sahibkarlıqla məşğul olmaq istəyən iş adamları kiçik bir uğursuzluğa, kreditin ödənişini gecikdirdiyinə görə əlavə faizlərlə, cərimələrlə fantastik rəqəmə çevrilən kreditin əvəzinə girov qoyduğu 200-250 minlik daşınmaz əmlakı dərhal məhkəmənin hökmü ilə müsadirə olunur.
Sual olunur: Bu cür yanaşma, bu qədər yüksək faiz, bu qədər pula hərislik hansı ölkənin bank sistemində var?
İndi biz hər bir manata belə qənaət edib, onu Böyük Qayıdışa yönəltməliyik. Nə baş verir? Mərkəzi Bankın sədri elan edir ki, 31 mərtəbəli 430 milyon manatlıq Mərkəzi Bankın yeni binasının tikintisi üçün tenderin qalibi müəyyən olunub.
Baş bankirə xatırlatmaq istərdim ki, həmin pulla indiki bazar qiymətilə yüksək standartlara cavab verən 1720000 m2 mənzil və yaxud 12300 yaşayış evi, bir necə məktəb, xəstəxana, uşaq baxçası və digər sosial obyektləri tikib istifadəyə vermək olar.
Bu cür anormal Bank sistemində ciddi islahatlara böyük ehtiyac var. Tam əminəm ki, nə qədər indiki bank siyasəti mövcuddur, nə qədər ki, bank - pul – krediti icrasında fundamental dəyişikliklər aparılmayıb, vətəndaş - bank münasibətləri hazırkı bataqlıqdan çıxmayacaq. Eyni zamanda “Bank haqqında” qanun yenidən işlənilməli, Mərkəzi Bankın şəffaf olmayan maliyyə fəaliyyətinə, ştat cədvəlinin və illik smetasındakı müstəqilliyə son qoymalı və bu səlahiyyətlər Milli Məclisə verilməlidir.
Dünyanın milyardlarla vəsaiti olan böyük banklarının Azərbaycana gətirilməsi önəmli olardı. Bu praktikanı ölkələrində tətbiq edən Cənubi Koreya, Sinqapur, Yaponiya və Çinin reallığı göz önündədir.
Sonda nəhayət Salyan rayonunun Xıdırlı kəndinin qazlaşdırılmasını bir daha önə çəkir və bu problemin həllini hörmətli Baş Nazirdən xahiş edirəm.
Nazirlər Komitəsinin hesabatını yüksək qiymətləndiri və növbəti ildə hökumətimizə uğurlar arzulayıram.
Diqqətinizə görə təşəkkür edirəm".