Tibb işçisinin səhhəti peyvənddən sonra dəyişdi: Kimdə vəziyyət necədir? - "Vaksindən sonra yıxılıb ölə də bilər" - SORĞU
18-03-2021, 09:28

Azərbaycanda Çinin "Sinovac” şirkətinin istehsal etdiyi "CoronaVac” vaksini ilə peyvəndlənən tibb işçilərindən birindən Cebhe.info-ya şikayət daxil olub.
Adının və çalışdığı müəssisənin adının açıqlanmamasını istəyən xanım bildirib ki, peyvənd olunduqdan sonra orqanizmində dəyişiklik müşahidə edilib.
Onun sözlərinə görə, peyvəndin birinci dozasından sonra başgicəllənməsi, başağrısı, ürəkbulanma və halsızlıq hiss edib. İkinci dozanın tətbiqindən sonra xanımda saç tökülməsi və şiddətli başağrısı başlayıb:
"Birinci dozasından sonra 3 gün ayağa dura bilmədim. İş yoldaşlarımda da bu və bunabənzər hallar var idi. İkincisində isə bu hallar baş vermədi. Amma saçım tökülür. Həmçinin, həmin gündən etibarən keçməyən başağrıları var. Saçım töküləndən sonra hətta xərçəngdən belə şübhələndim. İşdə dedim. İş yoldaşlarım "Bizim də saçımız peyvənddən sonra tökülməyə başlayıb" deyəndə qorxdum. Onu da deyim ki, peyvənd vurdurulması könüllü olmuşdu".
Məsələ ilə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxışova Cebhe.info-ya açıqlamasında bildirib ki, sözügedən hal araşdırılmalıdır:
"Bu barədə nəsə fikir bildirə bilmərik. Çünki bizə belə bir şikayət daxil olmayıb. Problemlə bağlı TƏBİB-ə müraciət edilməli və biz də bundan sonra məsələni araşdırmalıyıq".
Eyni halın müşahidə olunub-olunmadığını öyrənmək üçün peyvənd olunan bəzi şəxslərlə də əlaqə saxladıq.
Cebhe.info xəbər portalı və "Cümhuriyət" qəzetinin baş redaktoru Rəfail Becanov bildirdi ki, vaksinasiyadan hər hansı bir narahatlıq hiss etməyib:
"Birinci doza vurulub və hər hansı narahatlıq hiss olunmur".
Professor Adil Qeybulla isə orqanizmdə baş verən hər mənfi prosesin peyvəndlə əlaqələndirilməsinə etiraz edib:
"Nə baş verirsə, bunu peyvəndlə əlaqələndirmək qətiyyən doğru deyil. Hazırda peyvəndlərlə bağlı bir çox iddia var, amma heç biri əsaslandırılmayıb. Ölkəmizə gətiriləcək "AstraZeneca" peyvəndi ilə bağlı da digər ölkələrdə iddialar yayılıb, amma bunlar araşdırılmalıdır. “Qolumda şiş oldu, ürəyim bulandı" - bunların peyvəndlə əlaqələndirilməsi yanlışdır. Vaksinasiyada xəstəliyin müəyyən zəif forması ola bilər, çünki immun sistemi o virusları tanıyır, ona qarşı əks-təsir göstərməyə başlayır. Bu proses üşütmə və digər hallarla müşahidə oluna bilər, amma elə bir qorxulu vəziyyət deyil. Bu, sadəcə immun sisteminin reaksiyasıdır. Burada peyvəndlik nəsə yoxdur. Camaat vaksin haqqında xof yaratmağı xoşlayır".
A.Qeybulla qeyd edib ki, vaksinasiya olunduqdan sonra onda üşütmə halı olub:
"Mən peyvənd olunandan sonra tam normal hiss etdim. Düzdür, ikinci gün bir az üşütmə hiss elədim, amma bu normaldır. Çünki bilirdim ki, belə hal ola bilər. Ondan sonra isə hər şey qaydasındadır".
Deputat Musa Quliyev isə saytımıza açıqlamasında deyib ki, vaksinasiya haqqında çox fikirlər söylənilsə də, doğruluğu isbatlanmayıb:
"Dediyiniz xanımda müşahidə edilən hal başqa toksiki səbəbdən yarana bilər. İnsan vaksindən sonra təsadüfən yıxılıb ölə də bilər. Bu, o demək deyil ki, vaksinlə bağlıdır. Onun vaksinlə əlaqələndirilməsi üçün infeksionistə müraciət edilməli, müayinədən keçməlidir. Bəlkə də iş yerində radiasiya sızması və ya başqa nəsə olub ki, hamısında eyni hal yaşanıb. TƏBİB-i mütləq bu işə qoşmaq lazımdır. Məndə peyvənddən sonra hər hansı narahatlıq yaranmadı, özümü yaxşı hiss edirəm. Deyim ki, deputat həmkarlarımın çoxu peyvənd olunub, amma heç birindən şikayət eşitməmişəm".
Naibə
Anaxeber.info