Azərbaycan əcnəbilərin gözü ilə: "Azərbaycan – valehedici ölkə"

19-03-2021, 08:01           
Azərbaycan əcnəbilərin gözü ilə:
The Telegraph, Böyük Britaniya


Müəllif: Ceyms Stivort

Azərbaycanın şimal-şərqində yerləşən ucqar dağda yaşlı kəndli ilə Nuh haqda söhbətləşirəm. Mələksima yaylıq bağlayıb, üstündən də papaq geyib. 80 yaşlı Mələksimanın (o, yaşını dəqiq bilmir) qoza bənzəyən sərt üzü qırış-qırış idi. O, gümüşü rəngli çaydana bulaq suyu yığır. Qadından bir əfsanə haqda soruşuram. Həmin əfsanəyə görə, Xınalıq kəndinin sakinləri Nuhun nəslindədir. Bibliyada adı keçən dənizçi həqiqətənmi bu dağlıq məkana lövbər salıbmış?

“Nuh?”, - deyə Mələksima soruşur və gülümsəyir: “Burada mənə okean göstərə bilərsinizmi? Nuh heç müsəlman belə, olmayıb”.

Xınalıq kəndində nə borudişlər var, nə zebralar. Amma bura Əhdi-Ətiqdə təsvir edilən yeri xatırladır. Azərbaycanın ən ucqar kəndlərindən biri olan Xınalıq dərin dərə üzərindəki dağ qollarından birində yerləşir. Ətrafda sükut hökm sürür. Odur ki, dərə ilə axan çayların səsi eşidilir. Ətrafdakı dağlarda təbii qaz alovlanır. Bu, sanki ilahi əlamətdir. İslamdan, hətta yəhudilərin Nuh haqda yazdıqlarından qabaq azərbaycanlılar zərdüştlük dininə ibadət ediblər. Böyük Pilini hesab edirdi ki, sehri məhz alova sitayiş etmiş zərdüştlər kəşf ediblərmiş...

Köhnə vərdişləri tərgitmək çətindir. Odur ki, Azərbaycan üçün ən sevilən ad “Odlar yurdu” olaraq qalır.

“Hər halda”, - deyə Mələksima davam edir: “Hər kəs bilir ki, bu kəndin əsasını mələklər qoyub. Onun adı Nəbi idi. Allah onu bu vadidə məscid tikmək üçün göndərmişdi. Ola bilər ki, Nəbi buraya Nuhla birlikdə gəlib. Mən dəqiq bilmirəm. Ancaq bu, həqiqətdir. Çörəyə and içirəm ki, bu, belədir”.

“Çörəyə?”, - deyə soruşuram.

“Əlbəttə ki. Axı çörək Qurandan da qabaq olub”, - deyə o cavab verir.

Qafqazda çoxsaylı xalqlar yaşayır. Amma əlçatan və ən maraqlı ölkə Azərbaycandır. Doğrudur, Gürcüstan turizm baxımından çox məşhurdur. İtaliyanın “Ryanair” aviaşirkəti 2020-ci ilin yanvarından etibarən Ermənistana da birbaşa uçuşlar həyata keçirir. Azərbaycan isə kəşf edilməmiş məkan olaraq qalır.

Neft pullarının axdığı paytaxt Bakı Xəzər dənizi hövzəsində Dubay olmağa çalışır. Azərbaycandakı kənd həyatı isə əsrlər əvvəl necə idisə, bu gün də o cürdür: evlərdə çörək bişirilir, sahələrdə qoyun otarılır, çay süfrəsi ənənəsi də öz yerində.

Buraları piyada dolaşır, kənd həyatını necə yaşaya biləcəyimi düşünürəm.

Şəki. Azərbaycanın Qafqaz dağlarının ətəyində yerləşən daha bir dayonu. Bakıdan qərbdə yerləşən bu şəhərə avtomobillə 5 saata çatmaq olar. Paytaxt Bakının hüdudlarından çıxsıqdan sonra səhralıq ərazi tədricən itir. Meşələrlə əhatə olunmuş təpələr, üzüm bağları gəlir. Yol kənarındakı tarlalarda yerli oğlanlar işləyir. Əlbəttə ki, əgər nə vaxtsa Provansda samovarlar satılsaydı və onun yollarında Sovet dövründən qalmış yük maşınları keçsəydi, bu ərazilər artıq yoxa çıxmış Provansı xatırladardı.

Azərbaycan Rusiyanın “ayı ağuşu”ndan 1991-ci ildə yaxa qurtarıb.

Şəkinin tarixi mərkəzi qədim İpək Yolu ilə bağlı maddi irsinə görə 2019-cu ilin iyulunda UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib.

Qədim karvansaranın bağında, tağların altında oturmuşam. Bir zamanlar tacirlər burada metal, keramika və ipək məmulatları satırlarmış. Daha sonra Şəki xan sarayına daxil oluram. Otaqlar İran xalçaları ilə bəzədilib. Bu xalçalar Yaxın Şərq, Hindistan və Çin ilə geometrik islam və mənzərəli Qərb ənənələrinin dekorativ qarışığıdır.

Mədəniyyətlərin toqquşması bazarın yaxınlığında yerləşən kafedə də davam edir. Kafenin sahibi üzümə gülümsəyir və bu zaman onun qızıl dişləri parlayır. O, mənə yeməklərinin adlarını sadalayır: Mərkəzi Asiya mətbəxinə aid olan quzu ətindən yemək, rus borşu, Şərqin pelmenisi hesab edilən düşbərə və onların yanında stəkanda verilən ayran. Yerli şirniyyata gəlincə isə... qozdan hazırlanmış şirin Osmanlı paxlavası təklif olunur. Bəli, görünür Şəkidə diş həkimləri çoxdur...

Atmosferi dəyişmək üçün Kiş kəndinə yollanıram. Təxminən 3 mil məsafəni piyada gedirəm. Şəki şəhəri tədricən arxada qalır. Onu meşələr əvəz edir. Meşələrdə ara-sıra bağ evlərinə rast gəlirəm. Buralar bir zamanlar rus elitası üçün Azərbaycan Sovet qraflığı imiş. Onlar buraya dağ havası udmaq, sadə kənd həyatından zövq almaq üçün gəlirlərmiş.

Kiş sözün bütün mənalarında kənddir. Daş döşənmiş kiçik küçələr boyu toyuq-cücə gəzişir. Kəndin əsas meydanında isə Tur Heyerdalın büstü ucalır. Azərbaycanda bu norveçli səyyahla bağlı kult mövcuddur. O, Kiş kəndində yerləşən, Azərbaycanın tarixi birinci əsrə uzanan ən qədim kilsəsinin bərpasına maliyyə ayırıbmış. Tur Heyerdalın bunu nəyə görə etdiyini başa düşmək üçün onun Azərbaycanla bağlı sevimli nəzəriyyəsi ilə tanış olmalısınız. O, hesab edirdi ki, bu ölkə skandinavlıların vətənidir. Tur Heyerdal düşünürdü ki, skandinavlılar romalılar Azərbaycana gəldikdən sonra Qərb dövlətlərinə köçüblər. Səyyah sübut kimi, İsland əfsanəsini göstərirdi. Bu əfsanədə Odinin vətəni kimi Qara dənizdən şərqdə yerləşən “Aser” adlı ölkə təsvir olunur. Bundan başqa, Tur Heyerdal iddialarının sübutu kimi, Bakıdan 40 mil məsafədə yerləşən Qobustandakı petroqlifləri də göstərib. Bu petroqliflərdə vikinq gəmiləri təsvir edilib.

Bu fikrə azərbaycanlılar da müsbət yanaşır. Kiş kəndindəki kilsənin işçisi mənə iki skelet göstərir. “Başa düşürsünüzmü?”, - deyə o, məndən soruşur: “Onlar nəhəgdirlər”. Onlar həqiqətən də nəhəngdirlər. 6 fut 6 düym olan skeletlər hətta qədim skandinavlar üçün belə, çox nəhəngdilər. Skeletlərin tarixi tunc dövrünə qədər uzanır.

Şəkidə insanlar Quba rayonunun adını çəkirdilər. Azərbaycanın şimal-şərqində, Rusiya ilə sərhədə yaxın yerləşən bu rayon hətta Azərbaycan standartları ilə də çox keçmişdə qalıb. Bu dağlıq region 2006-cı ildəki yol tikintisinə qədər demək olar ki, təcrid vəziyyətdə imiş. Buranın kəndlərində ənənəvi mədəniyyət hələ də davam edir. Şəkidə insanlar deyirdilər ki, Quba gözəl, rahat və valehedici məkandır. Odur ki, Bakıya qayıdar-qayıtmaz, Qubaya yollanıram. Quba şəhərinin kənarına çatırıq, amma sürücüm yeni avtomobilini bu yollarla sürmək istəmir. O, risk etmək niyyətində deyildi. Odur ki, yola qızıl dişli taksi sürücüsünün avtomobili ilə davam edirəm. Yeni tikilmiş qonaq evlərinin, yavaş-yavaş hərəkət edən mal-qara sürüsünün yanından keçir, vadi ilə yuxarı gedirik. Yol dərin dərələrdən keçir, dərin çuxurlara düşüb çıxır. Sanki kanyonların “doğram-doğram etdiyi” yaylalardan keçirik. Tanrı bu əraziləri sanki külünglə yaradıb və bu proses zamanı dəli imiş.

Bir saat sonra Xınalıq kəndinə çatırıq. Bu, Avropada ən ucqar kənddir (7645 fut). Kənd kiçik çayın üzərində yerləşir. Xınalığa çatar-çatmaz, balaca oğlan at çaparaq yanımızdan keçir. Bəs yəhər? Yəhər əvəzinə atın belinə ədyal qoyub.

Sanki müasir dövr yeni yolla Xınalıq kəndinə zorla soxulub. Amma kəndin özü 21-ci əsrin yanından ötüb keçir. Kənddə bu gün də yanacaq kimi peyin və quru otdan istifadə edilir. İçməli suyun böyük hissəsi bulaqdan götürülür. Kiminsə zirzəmisində yerləşən hamam isə kəndlilərin çimdiyi yeganə məkandır. Tualetin iyi uzaqdan hiss olunur...

Xınalıqda kiçik dükanlar, məktəb, 2 məscid və əbədilik ab-havası var. Buna yalnız 5 min ilə nail olmaq mümkündür. Xınalıqda yaşayan 2 min insan qoyunçuluqla məşğuldur. Onlar unikal dildə danışır və kvadrat daş evlərdə yaşayır. Evlərin bəzilərinin bir qədər əyildiyini də görmək mümkündür.

Rauf və həyat yoldaşı Cunatın evində qalıram. Dörd otaqlı evin divarları çox kobud hörülüb. Birinci mərtəbədə qoyun saxlanılır.

Soyuq dağ havası udmaq istəyirsinizsə, Xınalığa səfər ən yaxşı variantdır. Əlbəttə ki, ammonyak qoxusuna qarşı deyilsinizsə.

Zaman sanki Xınalığa hökm edə bilmir. Hekayələr sanki bulud kimi onun ətrafındakı zirvələrdə dolaşır...

1988-ci ildə burada bir çoban mağarada yatırmış. Babaəli Babaəliyev deyir ki, o oyanan zaman qarşısında nəhəng, tüklü “qar adam”ı görüb. Aydındır ki, bu hadisədən sonra o insan heç vaxt əvvəlki insan olmayacaqdı...

Mən bu hekayəyə inanmaq istəyirəm. Əgər Azərbaycan Nuha, mələklərə və vikinqlərə ev sahibliyi edibsə, niyə itmiş “qar adam” da orada olmasın? Amma bu hekayə Rauf ilə Cunatın 16 yaşlı oğlu Bilala çox da inandırıcı gəlmir.

“Amma dağlarda ayılar var”, - deyə o bildirir: “Canavarlar da. Gecə onların səsini eşitmək olur”.

Bilalla kəndin ətrafına gəzintiyə çıxırıq. O, valideynləri ilə söhbətdən qaçmaq üçün hər şeyə hazırdır. Çünki məktəbə getmək istəmir və bu, valideynləri bərk əsəbləşdirir.

“Bakıdakı kollecdə nə edəcəyəm?” deyir: “Mən çobanam. Mən ancaq dağlar və qoyunlar haqda bilirəm”.

Əlbəttə ki, bundan daha pis şeylər var. Biz səkidə dayandıq. Köhnə kostyum geyinmiş bir neçə kəndli bizə tərəf baxır, utana-utana gülümsəyir və ayaqqabılarını yerə sürtürdülər. Birdən dərələrdən o tərəfdəki Şahdağı görürəm. O, zirvələrin arasındadır. Günəş batan zaman qızılı rəng alan Şahdağ tac kimi parlayırdı.

Səhəri gün də kəndi gəzməyə çıxıram. Qadınlar yun çırpırlar... Qədim torpaq yol dərin vadilərin üzərində yerləşən zirvələrə aparır. Günümü vəhşi təbiətdə keçirirəm. Qaymaqçiçəyi, zəngçiçəyi güllərinin arasında gəzir, zağca quşlarının böyük səmada necə uçduqlarına və sanki qoyunların arxası ilə gedən çobanları salamlamalarına baxıram.

Bir neçə saat keçir. Qalayxudat kəndinə çatıram. Bir kişi məni kəklikotulu çay içməyə dəvət edir. Mənə bir zamanlar bu qədim ticarət yoluna nəzarət etmiş Quba xanlarının sahib olduğu qədim qala, alov məbədi və bu yaxınlarda bərpa edilmiş Şahdağ Milli Parkı haqda məlumat verir.

Hər halda, Xınalıqda dəyişiklik mümkündür. Azərbaycan hökuməti Xınalıq kəndini inkişaf etdirməyə çalışır. Məqsəd piyada dolaşdığım marşrutu turistik istiqamətə çevirməkdir. Başqa layihələr də var: Xınalıqdan Qəbələdə yerləşən dağ xizək kurortuna qədər dünyanın ən uzun kanat yolunun çəkilməsi.

Bu an sizə elə gələ bilər ki, mən hər iki planı tənqid edəcəyəm. Yox! Açığı, bu ucqar kəndlərdə həyat çox çətindir. Əgər kəndlilərə yeni yol lazımdırsa və bu, onların gələcəyinə yardım edəcəksə, niyə də yox?

Naharda keçi əti yeyir, “Çar” arağı içdirəm. Axşamtərəfi Rauf Səudiyyə Ərəbistanına avtobus turları təşkil etmək, yeni otellər haqda arzularından danışır. Amma o, bunu da “qar adam”, dağda lövbər salmış Nuhla bağlı hekayələr kimi fantastik formada səsləndirir.

“Yaxşı xəbərlərdir, elə deyilmi?”, - deyə Rauf soruşur. “Yox, pisdir”, - deyə cavab verirəm. Sükut köçür və qısa davam edən səssizlikdən sonra hər ikimiz gülməyə başlayırıq.

Hələ də kimin haqlı olduğuna əmin deyiləm. Amma sizin yerinizə olsam, oraya tez bir zamanda baş çəkərdim.

(İngilis dilindən tərcümə - WorldMedia.Az
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.