Bakı ilə Moskva arasında nə baş verir? - İsgəndər raketləri gündəmdə - video
3-04-2021, 09:44

Kremldə Dağlıq Qarabağda İskander raketi qırıntılarının tapılmasına dair məlumatdan xəbərsizdirlər.
Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov RIA Novosti agentliyinə deyib ki, münaqişə vaxtı bu raket komplekslərindən istifadə olunmayıb:
“İskander raketlərindən münaqişə vaxtı istifadə olunmadığna dair söhbət yadınızdadır da. Bu təsdiq olunmuşdu”.
RBK agentliyinin yazdığına görə, Peskov habelə deyib ki, onun Rusiya Müdafiə Nazirliyinin Azərbaycan hakimiyyət orqanlarının Qarabağ münaqişə zonasında Rusiya itehsalı İskander raketinin qırıntılarını tapması barədə detallı informasiayaya malik olub-olmaması barədə məlumatı yoxdur.
Peskov bildirib ki, bu onun üçün “yeni informasiyadır”.
'İskander'in qalıqları Bakıya gətirilib
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, aprelin 2-də Bakıda İkinci Qarabağ müharibəsində Azərbaycan ərazisinə atıldığı deyilən "İskander" raketlərinin qalıqları nümayiş etdirilir. Həmin qalıqları martın 15-də Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Şuşada aşkarladığı vurğulanır.
Atan kimdir?
"Turan" agentliyinin xəbərinə görə, "Qalıqlar nəyə görə Bakıya gətirilib və ən əsası - "İskander"ləri Şuşaya atan Rusiya, yoxsa Ermənistan silahlı qüvvələri olub" sualı ilə Müdafiə Nazirliyinə üz tutublar. Amma oradan ANAMA-ya üz tutmaq məsləhət bilinib.
ANAMA-nın qərargah rəisi İdris İsmayılov isə "Turan"a verdiyi müsahibədə də qeyd edib ki, raket qalıqları Şuşada aşkarlanıb. Onun deməsinə görə, biri şəhərin yaşayış evlərinin kənarında, digəri isə mərkəzdə tapılıb. "Qalıqların Bakıya gətirib insanlara göstərilməsinə yuxarıdan rəhbərlik qərar verib. Qalıqların necə müddət Bakıda qalacağı barədə məlumatım yoxdur. Ehtimal edirik ki, iki raketin qalıqlarıdır. Onlar partlayaraq dağılıblar. Müharibədən xeyli vaxt keçdiyinə görə barıt hissəcikləri tapılmayıb",- İsmayılov deyib.
Ehtimallar...
"İskander"i kimin atması Azərbaycanda müzakirə mövzusudur. Hərbi ekspert Tərlan Eyvazov bunu Rusiyanin həyata keçirməsi ehtimalının üzərində dayanmayıb. O, raketin Ermənistan tərəfdən atıldığını iddia edib. Amma ukraynalı ekspert Aleksey Arestoviç "Turan"a müsahibəsində bu raketləri Şuşaya Rusiya silahlı qüvvələrinin bilərəkdən atmasını təxmin edib. O hesab edir ki, raketlər partlamayıb, "bolvanka", yəni, partlayıcı olmayan raketlərlə Şuşanı vuraraq hədəfi dəqiq müəyyən etmək istəyiblər.
Bir çox ekspertlər də ehtimal edirlər ki, "İskander"lərin qalıqlarının nümayiş etdirilməsi Bakının Kremlin hərəkətlərinə göz yummaq istəməməsinin göstəricisidir.
Halbuki, Azərbaycan prezidenti bunları demişdi...
"Ermənistanın baş nazirinin "İskander" raket kompleksi ilə bağlı bəyanatlarına gəlincə, bu, bizdə də sual doğurdu". Bunu Azərbaycan prezidenti İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında Rusiyanın "Zvezda" media holdinqinin sualına cavabda demişdi. Azərbaycan prezidenti vurğulamışdı ki, o bu mövzuda istehza ilə danışmaq istəmir: "Biz "İskander" raketlərinin buraxılmasını görməmişik. Buna görə də bu bəyanat dünən bir daha səslənəndə, biz bir daha maraqlandıq. Amma yox. Biz bunu görməmişik. Mən deyərdim ki, bu, sadəcə, növbəti ağ yalandır".
Azərbaycan prezidentinin sözlərinə görə, belə yalanlar çox olub: "Prinsipcə, Ermənistanda indi baş verənlər hansısa tragikomediyanı xatırladır. Orada baş verənləri mən belə xarakterizə edərdim".
Azərbaycan prezidenti daha sonra sual edib: "Bəs o, haraya buraxılıb? 10 faiz partlayıb. Axı, bu, sadəcə olaraq, gülməlidir. Bu gün məhz bu tragikomediya orada baş verənləri xarakterizə edir…".
Ermənistan baş naziri "İskəndər" barədə nə demişdi?
Ermənistan baş naziri Nikol Paşinyan isə fevralın 23-də 1in.am portalına verdiyi müsahibədə Rusiya istehsalı "İskander" raket komplekslərinin "keyfiyyətsizliyindən" söz açmışdı. O iddia etmişdi ki, 44 günlük müharibədə atılmış "İskəndər" raketləri tam gücü ilə partlamayıb.
Paşinyan "İskander" barədə fikirlərini keçmiş prezident Serj Sarkisyanın tənqidinə cavab olaraq bəyan etmişdi. Sarkisyan isə demişdi ki, o bu raketlərin niyə müharibənin üçüncü və dördüncü günündə, Azərbaycan Horadiz ətrafında, başqa yerlərdə böyük canlı qüvvə və hərbi texnika cəmləşdirəndə atılmadığını başa düşmür.
"Armnews" saytına müsahibəsində keçmiş prezident bunu da iddia etmişdi ki, onda "İskander” raketinin Şuşa istiqamətində istifadə olunduğuna dair mötəbər informasiya var. Şuşa uğrunda döyüşlər müharibənin son günlərinə təsadüf edirdi.
"İskander" raketlərini 2016-cı ildə Ermənistanın Rusiyadan aldığı bildirilir. Bu zaman bu prosesin elə Rusiyadan verilən kredit hesabına gerçəkləşdirildiyi qeyd edilir.
Xatırlatma
Ötən il Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Azadliq Radiosu