Qastarbayterlərə qarşı “basdır, qaytar” siyasəti və onun perspektivsizliyi

18-04-2021, 10:25           
Qastarbayterlərə qarşı “basdır, qaytar” siyasəti və onun perspektivsizliyi
Qəti qorxusu yoxdur, Rusiya miqrantlara heç zad etməyəcək. Onda bəs niyə belə edirlər, niyə qastarbayterləri, mühacirləri hədələyirlər? Bir neçə versiya var, hamısı ağlabatandır.

Bu kimi söhbətlər 30 ilə yaxındır ki, ildə iki dəfə, bəzən 3-4 dəfə çıxır. SSRİ dağılandan sonra Rusiya rəhbərliyi hər dəfə acığı tutanda keçmiş “qardaş respublikalar”dan çıxaraq, intəhasız rus çöllərinə dağılmış mühacirləri qorxudur. Onlar da qorxur, qohum-əqrəbaları da. Çünki Rusiya çörəkli yerdir, müttəfiq respublikalarda isə milyonlarla adam oturub Rusiyadan göndəriləcək pul-paranı gözləyir.

Çox oxumuş adamlar deyir ki, belə hədə-qorxular şantaj xarakterlidir. Çox gəzmiş, görmüş adamlar isə əmindirlər ki, bu, pul tələsidir. Bu minvalla rus məmurlar qastarbayterlərin min bir zəhmətlə qazandıqları pulun xeyli hissəsini ildə 3-4 dəfə tutub əllərindən alırlar.

Bu fikirlərdə həqiqət var. İmrahan üçün Google-də “qastarbayter” yazıb axtarış verin, qarşınıza yüzlərlə şəkil çıxacaq: özbəklər asfaltda üzüquylu, azərbaycanlılar divara söykəli, taciklər süpürgələri əllərindən alınmış halda, moldovanlar inşaat meydançasında toplu halda məlul-müşkül, ermənilər çamadanlarıyla vağzallarda, dikbaş gürcülər hansısa təcridxananın həyətində başıaşağı və sair və ilaxır.
Maraqlıdır ki, miqrant ovu qurtarandan iki-üç həftə sonra yüksək mənsəbli bir rus məmur və ya deputat çıxır və bəyan edir ki, regionların əmək mühacirlərinə böyük ehtiyacı var. Qastarbayterlərin tükü durulur, yenidən ruh yüksəkliyi ilə işə başlayırlar. 3-4 ay keçir, binəsib qastarbayterlərə qarşı “KPZ-yə basdır, qaytar” fəndi tətbiq edirlər.

Bir ara onların canına “skinhedlər”i (“dazbaş”lar) daraşdırmışdılar. Onlar da gözünü qan tutmuş faşistlər idi, insaf yox, mürvət yox, baş pozuq, ağıl dayaz, tökülüşürdülər orda-burda yaxaladıqları qaraşın adamların üstünə, onları tərəkəmə palazı kimi toqqaşdayır, qara tuluğa döndərirdilər. Bu səbəbdən bir xeyli adam hələ 15 il öncə işini bağlayıb vətənə qayıtdı. Düzdür, gələnlərin yarıdan çoxu 1-2 aydan sonra peşman oldular və onların içində geri qayıdanlar oldu, amma qayıtmayanlar da az olmadı. Allahdan, rus hökuməti gördü ki, “dazbaşlar” qudurur, onların bir xeylisini tutub içəri saldılar ki, başları tüklənsin. (Əvvəllər tərsinə olurdu, saçı olan adamları 15 sutkalıq tutanda başlarını qırxıb içəri salırdılar).

Rusiya məmurlarının qastarbayterləri geri göndərməyəcəklərinə inam ona görə böyükdür ki, elə bir şey olsa, bu, Rusiya dövləti üçün faciəvi nəticələr verər. Məsələn, taciklər süpürgələrini götürüb Pamir dağlarının ətəyinə getsələr, Moskvanın, Sankt-Peterburqun, Krasnoyarskın, Permin, Yekaterinburqun, Nijni Novqorodun küçələrində zibil dağı əmələ gələr. Kim təmizləyəcək bu şəhərləri? Tolyanmı, Vladmı, Maksmı, Markmı? Heç biri. Çünki onlar çoxdan qlamurlaşıblar, ofis işlərində çalışır, iş vaxtı bitən kimi də gedirlər vurmağa. Süpürgə hara, onlar hara?
Yaxud hansı rus mujiki səhər saat 5-də, 20-30 dərəcə şaxtada isti yatağından qalxıb topdansatış bazalarına gedib meyvə-tərəvəz çeşidləyəcək, onları supermarketlərə daşıyacaq, parakəndə satışı ilə məşğul olacaq? Bu, balığa getmək deyil ki, qaça-qaça getsinlər.

Moldovanlar, özbəklər, qırğızlar öz alətlərini də götürüb ölkələrinə qayıtsalar, tikinti sektoru çökməzmi? Gözündən batar. Petroviç, İvanıç və Sergeyiç bu qədər ağır işdə 3 gün tablaşmaz, hərgah buna girişsələr də, fitri tənbəllikləri üzündən başa gətirə bilməzlər, özləri demişkən, “kak işak” işləməz, tez-tez “iş saatı bitib”, “zərərli işdir, bizə süd-qatıq verilməlidir”, “əmək müqaviləsi olmalıdır” deyə demaqoqluq edər və işdən qovularlar.

Hələ qastarbayterlərin əhali artımındakı müstəsna rollarını da qeyd etmək lazımdır. Söhbət təkcə nikahdankənar əlaqələr nəticəsində törəyənlərdən getmir. Qastarbayterlərin bir xeylisi Rusiya diyarlarına ailə-uşaqlı şəkildə yerləşiblər, subaylar gedib orda ailə qurub. Hamısı da dizlərinin gücüylə nəsilartırma marafonunda layiqincə fəaliyyət göstərirlər. Yerli əhali isə çoxdan uşaq qayğısı çəkmək əvəzinə kütləvi şəkildə it saxlayır. Çünki it daha etibarlıdır, bir az yekələndən sonra boğaza bıçaq dirəyib araq və narkotik pulu tələb etmir, həddi-büluğa çatan kimi sərsərilik eləmir, qocalanda valideyni qocalar evinə verib, mənzili satmır və sair və ilaxır.

Əgər Rusiya 20-30 il mühacir qəbul etməsə, əhalisi iki dəfə azalar, ölkəmizdən 2-3 dəfə böyük diyarlar adamsız qalar.

Hələ xeyli başqa incəliklər də var və rus dövlətinin başbilənləri bunları hamıdan yaxşı bilirlər. Hünərləri var, mühacir siyasətlərini sərtləşdirsənlər, siz də yaxın illərdə onların başlarına gələn faciələrə baxın.musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.